• cümə, 27 Dekabr, 07:36
  • Baku Bakı 10°C

Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi təsdiqləndi

18.11.23 00:34 2088
Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Agentliyin tabeliyində beş publik hüquqi şəxs yaradılıb. 


Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. "Report"un xəbərinə görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

Beş publik hüquqi şəxs yaradılıb

Fərmanla Agentliyin tabeliyində beş publik hüquqi şəxs yaradılıb. 
Agentliyin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;
- tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;
- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu;
- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;
- tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

11 fəaliyyət istiqaməti 

Agentlik haqqında Əsasnaməyə əsasən, qurumun 11 fəaliyyət istiqaməti olacaq. Bunlar aşağıdakılardır:
- müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;
- müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;
- müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- Azərbaycan Respublikasının ərazisində su təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görmək;
- tabeliyindəki qurumların balansında olan su təsərrüfatı obyektlərinin təhlükəsiz istismarının və etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək və onların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;
- Azərbaycan Respublikasının ərazisində yerüstü və yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparmaq;
- su obyektlərinin mühafizəsi və onlardan istifadə üzərində dövlət nəzarətini həyata keçirmək;
- torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə meliorasiya sahəsində xidmətləri inkişaf etdirmək, eləcə də suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;
- su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirləri müəyyənləşdirmək və onların həyata keçirilməsini təşkil etmək;
- su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını təmin etmək.

banner

Oxşar Xəbərlər