• cümə, 27 Dekabr, 05:06
  • Baku Bakı 9°C

MDB ölkələri ilə əlaqələr genişlənir

14.10.23 00:45 2735
MDB ölkələri ilə əlaqələr genişlənir

Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. 2025-ci ildə üçüncü MDB Oyunları da Azərbaycanda keçiriləcək. 

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlət başçısı iclasda çıxış edib.

Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb

Prezident bildirib ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb.  İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi münasibəti ilə təbrik edib. “Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır”, - Prezident deyib.

Üçüncü MDB Oyunları Azərbaycanda 

Dövlət başçısının sözlərinə görə, humanitar sahə MDB çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığın inkişafına böyük töhfə verir: “Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq”.

Azərbaycan etibarlı tərəfdaşdır

Dövlət başçısı çıxışında MDB ölkələri ilə iqtisadi və tranzit əlaqələrə xüsusi diqqət ayırıb. Bildirib ki,  keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.
“Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”, - Prezident deyib.

“Bizim danışmağa mövzularımız çoxdur” 

Bişkekə səfəri çərçivəsində Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü olub. “Bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var”, Azərbaycan Prezidenti görüşün mətbuat üçün açıq hissəsində deyib. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib. Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub. Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib. Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunulub. Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olunub.

banner

Oxşar Xəbərlər