Türkiyə “hə” dedi, NATO genişləndi - TƏHLİL
Uzun müzakirələrdən sonra Finlandiyanın NATO-nun yeni üzvü olmasında heç bir əngəl qalmadı. Türkiyə bu məsələdə İsveçə “qırmızı işıq” yandırsa da, Finlandiyaya “hə” dedi. Beləliklə, Finlandiya NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında rəsmən alyansın 31-ci üzvü olub.
Avropanın bitərəf və sabitliyi ilə ad çıxaran ölkələri sırasında yer alan Finlandiya tarixinin ən önəmli günlərindən birini yaşayır. Ölkə dünyanın ən iri hərbi təşkilatına - NATO-ya üzv olur. Ankaranın Finlandiyanın NATO-ya üzvlüyünə rəsmən razılıq verməsi ilə Alyansın şimala doğru genişlənməsi istiqamətində mühüm addım atılıb. Finlandiya NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında alyansın 31-ci üzvü olmaq üçün razılıq alıb. Təşkilatın Litvada iyul ayında keçiriləcək sammitində Finlandiyanın üzvlüyü rəsmi olaraq qəbul ediləcək.
Baltik dənizində 7-ci NATO üzvü
Bu üzvlük hansı anlama gəlir? Bu genişlənmə ilə Rusiya və NATO-nun ümumi sərhədləri min kilometrdən çox olacaq. Rusiyanın şimal-qərbinin böyük hissəsi NATO ilə həmsərhəddir: Baltikdən Barens dənizinə qədər. Finlandiya həm də NATO-da Baltik dənizi sahilində yerləşən yeddinci ölkə olub. Bu isə o deməkdir ki, Rusiyanın Sankt-Peterburqdakı sahil ərazisinə, eləcə də Kalininqrad anklavına girişi daha da daralır. Türkiyəyə gəldikdə, qardaş ölkə haqlı formada Finlandiyanı “terrorçuları” dəstəkləməkdə ittiham edərək, onun Qərbin hərbi alyansına daxil olmasına qarşı çıxırdı. Lakin görünür, Finlandiya türklərin sərt mövqeyi qarşısında güzəştlərə gedib. Bu ölkənin prezidenti hədəflərinə çatmaq üçün Ankaraya səfər edib, türkiyəli həmkarı Ərdoğanla görüşüb.
Finlandiya Türkiyə ilə anlaşıb?
Bəs necə oldu ki, Türkiyə Helsinkiyə “hə”, Stokholma isə “yox” dedi? Məsələ ondadır ki, Finlandiya Türkiyəni Suriyada kürd yaraqlılarına qarşı hərbi əməliyyatlara görə tənqid etməyib, həm də Helsinkidə YPG döyüşçüləri sığınacaq tapmayıb. Seçkilərdən sonra qalib gələcəyi təqdirdə Ərdoğanın İsveçin NATO-ya üzvlüyünə də “hə” deyəcəyini söyləmək isə hələ tezdir. Ankara hələ də Ukraynadakı münaqişənin həllində maraqlıdır və İsveçin NATO-ya daxil olması vəziyyəti daha da gərginləşdirir. Ərdoğan NATO-nu Qara dəniz bölgəsində sülhə meyilləndirmək üçün bu rıçaqı uzun müddət ehtiyatda saxlaya bilər.
Finlandiya İsveç üçün “bufer zona”dır
İsveçdə hesab edirlər ki, prosesin gecikdirilməsindənsə, Finlandiyanın NATO-ya tez qoşulması daha yaxşıdır. Bu, İsveç üçün də vacibdir. Çünki İsveçin Rusiya ilə hansısa bufer zonası olacaq. İsveç və Finlandiya aylardır NATO-nun birgə hərbi təlimlərində iştirak edirlər. Artıq bir neçə aydır ki, hər iki ölkənin təhlükəsizlik zəmanəti var. Onlar ABŞ, Böyük Britaniya, Polşa kimi ölkələr tərəfindən xüsusi statuslu ölkə elan ediliblər.
Nə İsveç, nə də Finlandiya Ukrayna olmasa da…
Skandinaviya dövlətlərinin NATO-ya üzvlük qərarı onların cəmiyyətinin son proseslərlə bağlı mövqeyidir. İndiyə qədər belə bir sosial sifariş olmadığı üçün bu ölkələr NATO-ya üzv olmaq istəmirdilər. Lakin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə bu fikirləri alt-üst etdi. Düzdür, Rusiya İsveçə və ya Finlandiyaya müharibə elan edəcək durumda deyil. Çünki buna heç bir əsas yoxdur. Nə İsveç, nə də Finlandiya Ukrayna deyil. Bu ölkələr əvvəldən də Qərbin orbitində idi. Sadəcə, NATO-ya daxil olmaqla mövcud reallığı rəsmiləşdirəcəklər. Rusiya isə bunun qarşılığında regionda özünün silahlı qüvvələrini daha da möhkəmləndirə, ən yeni sursatlarını, raket əleyhinə qurğularını oraya yerləşdirə bilər. NATO-nun ən fundamental prinsiplərindən biri budur ki, ittifaqda yer alan bir ölkəyə qarşı hücum təşkilatın bütün üzvlərinə qarşı hücum deməkdir.
Rusiyanın geosiyasi uğursuzluğu
Bir çox ekspertlər Finlandiyanın NATO üzvlüyünə qəbulunu Moskvanın böyük geosiyasi uğursuzluğu hesab edirlər. Finlandiyanın NATO ilə bağlı qərarını tənqid edən Rusiya bu addımı “rusiyafob isteriya” adlandırıb. Finlandiya ictimaiyyətinin NATO-ya qoşulmaqla bağlı qərarı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra kəskin dəyişib. Bir gecədə ölkədə NATO-ya qoşulma fikrini dəstəkləyənlərin sayı 30 faizdən 80 faizə yüksəlib. Finlandiya hesab edir ki, NATO-ya üzv olmaqla Rusiyanın mümkün hücumundan özünü qorumuş olub. İkinci Dünya Müharibəsindən bəri Finlandiya heç vaxt Rusiya ilə müharibə aparmayıb.
Hesab olunurdu ki, Rusiya ilə yaxşı iqtisadi münasibətlər Finlandiyanın maraqlarına uyğundur və eyni zamanda Rusiyanı demokratik inkişafa bağlayır. Bu inanc Avropada kifayət qədər geniş yayılmışdı. Proseslərin gedişi bu ideyanı da arxivə atmış oldu.
Türkiyə niyə etiraz edir?
Türkiyənin hər iki ölkənin quruma üzv olmaq istəyinə qarşı çıxmasına gəldikdə isə 1952-ci ildən NATO-nun üzvü olan Ankara həmişə alyansın açıq qapı siyasətini dəstəkləyən mövqe nümayiş etdirib. İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsinin səbəbi isə bu iki Skandinaviya ölkəsinin "Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi" və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsidir. Brüsseldəki “Carnegie Europe” təşkilatının əməkdaşı, alim və keçmiş diplomat Sinan Ülgen hesab edir ki, Ankara bəzi şikayətlərində haqlıdır, xüsusilə də İsveçlə bağlı. Ülgen qeyd edib ki, bu, Stokholmun PKK-ya və onunla əlaqəli strukturlara münasibətilə əlaqəlidir.
Azər NURİYEV