• bazar ertəsi, 30 dekabr, 21:42
  • Baku Bakı 6°C

Tənhalığımı heç nəyə dəyişmərəm

04.06.18 12:45 12867
Tənhalığımı heç nəyə dəyişmərəm
Türk şairəsi, ssenaristi Yelda Karataş 14 yanvar 1954-cü ildə Türkiyənin Zonquldak əyalətində dünyaya göz açıb. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. "Ürpərmə” adlı ilk şeir kitabı 1996-cı ildə Orhan Murad Arıburnu mükafatına, ikinci kitabı "Alacaydınlıq” Dünya Qlobus şeir mükafatına layiq görülüb. "Ənəl eşq”, "Bir qadının qələmindən Şəms ilə Mövlanə”, "Zəfəran çiçəyi” kimi şeir və hekayə kitabları işıq üzü görmüşdür. Sezen Aksunun "Deli kızın öyküsü”, "İşık doğudan yükselir” albomlarındakı mahnıların bir çoxunun mətnlərinin müəllifidir.
– Məşhur İran şairəsi Füruğ Fərruxzad şeirlərindən birində "Evimə gəlsən əgər sevgilim, mənə bir lampa gətir və balaca bir pəncərə, oradan xoşbəxt küçənin qələbəliyini seyr edim” söyləyir. Mühafizəkar atanın, ərin, cəmiyyətin basqıları altında yaşayıb-yaradan qadının daxili azadlığından doğulurdu bu misralar. Şeirlərinizi oxuduqda sizin də daxilinizdəki azadlıq hayqırtılarının misralara hopduğunu duydum. Deyə bilərsinizmi, bu şairin, qadının, yoxsa sadəcə, insanın azadlığıdır?
– Böyük şair, böyük ürək sahibi olan Füruğ Fərruxzad şeir yazaraq var olduğunu dövrünün insanlarına çatdıra bilmədi. Onun hayqırtısı hələ də davam edir, əks-sədası dünyanın hər yerində yazan, özünü, var olduğunu bəyan etməyə çalışan bütün insanların, əsasən də qadınların qəlbindən gəlir. Mən Füruğun şeirləri ilə məktəb illərindən tanışam və qadınların əxlaq, adət və mədəniyyət adı ilə necə ayrı-seçkiliyə məruz qaldığını onun böyük nəfəsi ilə dinləmişəm. Şeirləri axar su kimidir. İnsanlığı böyük dənizlərə qovuşmağa çağırır sanki. Qadın və şair olaraq özünü toplumdan ayırmır. Mən də ayırmıram. Üsyankardır, çünki mübariz ruhlu əksər qadınlar kimi dövrünün hadisələrində ön sıralarda addımlayır – Hipatia (İskəndəriyyəli Hipatia – 370-415. Riyaziyyatçı, astronom və filosof olmuşdur – X.N.), Lyuksemburq (Roza Lyuksemburq – 1871-1919. Siyasətçi, filosof, inqilabçı – X.N.), Kamilla Klaudel (1864-1943. Fransız heykəltəraşı, şair və diplomat – X.N.)... yəni bütün azadlıq carçıları olan qadınlar kimi ən yaxınları tərəfindən belə yalnızlığa məhkum edilib.
İlk əvvəl Bronte bacıları kimi var olduğunu gizləyərək naməlum imza ilə yazmaq məcburiyyətində qalmış, amma bunu qəbul etməmiş, öz ayaqları üstə dayanmağı üstün tutmuşdur. Mən yer üzündəki təzyiqə məruz qalan hər bir qadın kimi sənət aləmində tənhalığı yaxşı bilirəm. Sənət qadınının yoxluğu insanın aorta damarından məhrum olmasıdır, bu zaman insan nəsli özünü yaşadığına inandıran ölülər cəmiyyətinə dönər.
Mən bütün əzilənlərin azadlığı üçün yazıram. Əsasən də uşaqlar, analar, fəhlələr və əzilən xalqlar üçün. Qadının azadlığı cəmiyyətin azadlığından ayrı tutula bilməz, nəhayətdə qurtuluş sinifsiz cəmiyyət ilə mümkün olur. O günləri görəcəyikmi bilmirəm, amma yazdığım hər bir şeirin cəmiyyətə hədiyyə olmasını istəyirəm.
– Erix Mariya Remarkın belə bir fikri var: "İnsan uğrunda yaşadığı hər şeyi itirdikdə azad olur”. Bəs sənətkarın azadlığı hansı həddə məhdudlaşa bilər?
– Remark ikinci dünya müharibəsindən sonra məğlub olmuş ölkəsinə qayıdanda itirəcək heç nəyi qalmamışdı. Uğrunda savaşdığı dəyərlərə yenidən üz tutdu. Səhv etmirəmsə, Dostoyevskinin "Karamazov qardaşları” romanında İncildən götürülmüş belə bir sətir var – "Vaz keçdiyin qədər sənindir”. Dərvişlik, müdriklik kimi. Sənətkarın iki əsas problemi var – ölüm və azadlıq. Fikrimcə bu mövzuya müraciət etməmiş sənətkar yoxdur. Mən sənətkarın cəmiyyətin ayrılmaz bir fərdi olduğunu düşünürəm. Elə azadlıq haqqında düşüncələr də cəmiyyətə yönəlir. Həmçinin, Hegelin azadlıq ideyası ilə Engelsin azadlıq düşüncələrinə şərikəm – "Azadlıq zərurət halına gəlməlidir.”
Mən Prometeyi Tanrıların niyə cəzalandırdığını daha yaxşı başa düşürəm. Alovu qaranlığa qarşı qoymaq insan nəslinin azadlıq hayqırtısı idi. Mağara divarına ilk rəsmləri çəkən insan əli kimi. İnsanlaşan canlı bizonların rəsmlərini çəkməklə onları ölümsüzləşdirməyi bacardı. Sənətkar cəmiyyətin göstəricilərini görə bildiyi qədər azaddır. Bu səbəbdən sənətkar azadlıq haqqında düşünərkən həm də məsuliyyət daşıyır. Remarkın və ya İncilin dediyi kimi vaz keçmək deyil, məcburi olanı, xüsusilə də tarixi məcburiyyəti qavrayıb, insanlar arasındakı münasibətləri insani hala gətirərək insan nəslinə ötürür. Azadlıq insan həyatına və cəmiyyətin məsuliyyətinə, yəni varlığımıza sahib çıxmağımızdır.
– Bayaq dövrünün mübariz qadınları olan Lyuksemburqun, Klaudelin adlarını sadaladınız. Bəs, sizcə, qadınlar azadlıq haqqındakı düşüncələrində nə dərəcədə səmimidir?
– Əslində, qadınların cins olaraq ümumiləşdirilməsini düzgün hesab etmirəm. Yer üzündə iki fərqli cins var, iki ayrı cins deyil. Qadın və kişi azadlığı ictimai zərurətdən doğulur. Patriarxal cəmiyyət qadın üzərində hakimiyyətini göstərir. Bu, əslində, kişinin də azad olmadığı mənasına gəlir. Qadın cinsi olaraq dünyaya gəlirik, qadın olmağı isə öyrədirlər. Qadınlar bütün rejimlərdə əzilir. Əsasən də fəhlə qadınlar. Tələblərindəki səmimiyyəti müzakirə etməkdənsə, kişilər tərəfindən qadın cinsinə təzyiq göstərən kapitalist sistemin ikiüzlü əxlaqının səmimiyyətini ittiham etmək lazımdır.
– Türkiyəlilər üçün şeirin, musiqinin etalonu kim hesab edilir, ümumiyyətlə, belə bir etalon mövcuddurmu?
– Türkiyədə və dünyada Nazim Hikmət çox sevilir, amma onunla bərabər yeni nəsil tərəfindən daha yaxından tanınmağa başlayan Turqut Uyar da sevilir. Türk xalqı Yunus Əmrə, PirSultan, Qaracaoğlan kimi ənənəvi şairləri ilə bərabər, yeni dövrün Cəmal Süreya, Edip Cansevər kimi şairlərini də tanıyır və sevir. Siyahı çox uzundur. Çünki Türkiyədə şeir ənənəsi çox güclüdür. Musiqidən ayrılmayan şeirin ilk halı səsli şeir kimi dövrümüzə qədər gəlib çatmışdır. Türkiyədə roman janrını şeirdən önə keçirməyə çalışsalar da, modern şeir yazılı ədəbiyyatın ən fəal dilidir.
Musiqidə Neşet Ertaş, Erkan Oğur, Fikrət Kızılok, Kazım Koyunçu kimi böyük ürək sahibləri ilə bərabər, pop musiqiçiləri arasında da çox sevilən Cem Qaraca, Barış Manço, Nilüfər, Sezen Aksu, Kayahan kimi səslər də var. Bu adlar bir çox şairin misralarını musiqiyə köçürüb. Məsələn, Arto Tunç tərəfindən bəstələnən məşhur "Gülümsə” adlı mahnının sözləri Kamal Burkaya aiddir.
– Şeirlə ifadə etməkdə çətinlik çəkdiyiniz məqamlar və ya hisslər yaşayıbsınızmı?
– Şeir insanlığın ilk dilidir. Əslində, hər şey şeir ilə ifadə edilə bilər. Mən əksinə, nəsrlə ifadə edə bilmədiyimi şeirlə daha yaxşı ifadə edə bildiyim üçün şeirə üstünlük verirəm. Ssenari, hekayə, pyeslərim də var. Şeir dilinin imkanları sonsuzdu. Sanki, rəqs edən bədənin dili kimi.
– Necə düşünürsünüz, poeziyanın oxucu qarşısında hansısa öhdəliyi varmı, ümumiyyətlə, insanın şeir, lap elə roman və ya başqa janrda qələmə alınan əsər oxuyarkən maariflənməsi şərtdirmi, yoxsa ədəbiyyat elə ruhun mənəvi qidalanmasına xidmət etməlidir?
– Haqqında çoxlu müzakirələr aparılan bir nəticəyə gəlinməyən məsələdir bu. Şair cəmiyyətin üzvüdür. Dünyada yaşayır, Marsda deyil. Bu səbəbdən də dünyanın problemləri onun da problemidir. Eşqdən danışırsa, demək insan eşqindən, dövrünün və keçmiş zamanların eşqindən bəhs edir. Şeirin dili estetik tərkiblidir, digər sənət sahələrində olduğu kimi. Şair oxucusuna qarşı nə qədər məsuliyyət daşıyırsa, oxucu da şairə qarşı o qədər məsuliyyət daşıyır. Onun dilini anlamırsa, öz estetik düşüncələrini cilalamalıdır. Şair oxucusuna qarşı məsuliyyətlidir, amma oxucu onu anlasın deyə yazmır. Bu bir paradoks deyil. Alimlər kimi, şairlər də söz və hisslərlə yaşayır. Məsələn, kitablarda atom parçalanmır, yazılır, amma bir alim gəlib atomu parçalayır.
Şeir kütləşmiş şüurlar üçün yazılmır. Şeir insan üçün yazılır. Sənətin dili dövrünün onu bəyənib-bəyənməməyindən asılı deyil. Şair populyarlıq arxasınca qaçmır. Populyar olsa daha yaxşı. Amma unutmayaq ki, Nazimi yaşadığı dövrdə vətən xaini olaraq günahlandırdılar, səbəbsiz yerə on beş il həbsdə yatdı. Şeirləri dərc edilmədi. Rəsmi olaraq oxunmadı. İndi dillərdə gəzir. Yəni, Turqut Uyarın dediyi kimi, eşqim də dəyişə bilər, gerçəklərim də. Ruhun mənəvi qidaya nə qədər açıqdırsa, dəyişə bilmək üçün şeirin səsindən o qədər qidalana bilərsən.
– Marina Svetayeva, Sergey Yesenin, Virciniya Vulf, Sara Keyn, Stefan Sveyq, Silviya Plat, Vladimir Mayakovski, Nilgün Marmara... intihar etmiş şair və yazıçıların adlarından ibarət bu siyahını çox uzatmaq olar. Ümumiyyətlə, ədəbiyyat adamları arasında intihar edən və ya intihara meylli şəxslər az deyil. Sizcə, bunun səbəbi yazarın şəxsi yaşantılarından irəli gəlir, yoxsa yaradıcılıqla hər hansı əlaqəsi varmı?
– Sənətkarın həssaslığı soğan qabığı kimidir, kiçik bir yağış damcısı zəlzələ effekti yaradar. Sənətkar yaşadığı dövrün məsuliyyətini daşıyır. İntihar sənətkar üçün başlanğıcdır, son deyil. Başqa cür edə bilmədiyi üçün ölümü seçir, həyatı hər kəsdən çox sevdiyi halda. Çünki şərəf hissi ilə yaşamırsa, mövcud olduğu dövr itirdiklərinə baxmayaraq, onu incidirsə, tək-tənha qalmış və özündən, öz içindən başqa gedəcək yolu olmadığını hiss edirsə, bu zaman intihar hüququndan istifadə edir. Çünki intihar, həyatı sona çatdırmaq azadlığıdır. Saydığınız adların hər birinin yaradıcılığını oxumuşam. Xüsusilə də S.Sveyqin həyat və yaradıcılığı haqqında universitetdə tələbələrimə mühazirə oxumuşam. Sveyqin intiharı faşizmə qarşı fəryad idi. Vyetnam müharibəsi zamanı etiraz edən buddistin bədənini yandıraraq işıq saçması kimi. Mən, əslində, onların intiharlarına hörmətlə yanaşıram.
– Çağdaş ədəbiyyatda qəribə tendensiya yaranıb – bəzən deyirlər ki, artıq şeir oxuyan yoxdur, insanlar daha çox roman oxumağa meyllənib. Bu fikirlə razısızmı və ümumiyyətlə, şeirə marağın azalmasını nə ilə izah edərdiniz?
– Kapitalist sistemi sənəti bir növ metallaşdırdı. Yəni bazarda alınıb satılan, satış dəyəri olan məhsul halına gətirdi. Onun istifadə dəyəri heç kəsə maraqlı deyil. Halbuki sənət Katarsis yaradır. Amma artıq insanlar heç bir əzabı dərindən hiss etmir, heç bir söz, heç bir görüntü onların qaranlıq ruhuna ulduz kimi toxunmur Heç kim qonşusunu sevmir. İnsanın insanla münasibətinin dəyərinin metalın dəyişmə dəyərinə uyğun olan bu cəmiyyətdə insanlığın ana dili olan şeir də məhv edilməyə məhkum edilib. Çünki şeir əmək istəyir, sevgi istəyir.
Düşünüldüyünün əksinə, bir şeir yazmaq üçün xərclənən zaman bir romanı bitirmək üçün keçirdiyin zamandan daha çoxdur. Roman yeni əsrin məhsuludur, quramadır, insanların içini daha çox boşaldır. Şeir ölsə, ədəbiyyat ölər. Öldürmək istəyirlər, bunun üçün nə mümkündürsə edirlər.
– "Facebook” səhifənizdə tez-tez Azərbaycan musiqiləri paylaşırsınız. Söhbətlərimizin birində Azərbaycan mədəniyyətinə heyranlığınızı da bildirmişdiniz...
– Türkiyədə Azərbaycanı, xalqını, musiqisini, şeirini və mədəniyyətini bəyənməyən bircə nəfər belə tanımıram. Azərbaycan ədəbiyyatı, musiqisi dünyanın hər tərəfindən görünən işıqlarındandır. Mən də Azərbaycana aşiqəm.
– "Hər kəsin tənhalığı sevdiyi bu dünya...” deyirsiniz. Bəs Yelda Karataş necə, tənhalıqla birgə mübarizə aparır, yoxsa tənhalığa qarşı savaşın tərəfindədir?
– Mən tənhalığı çox sevirəm. Tənhalıq vacib məfhumdur. Tənhalıq kimsəsizlik deyildir. Çox sayda dostum, yoldaşım var. Bu baxımdan çox zənginəm, amma tənhalığımı heç nəyə dəyişmərəm.
– Bir də uşaqlar var şeirlərinizdə. Nəğmələri ilə ölümə meydan oxuyan balaca varlıqlar...
– Çünki uşaqların sadəcə, boyları kiçikdir. Qəlbləri çox böyükdür. Çünki biz bu boyu balaca varlıqların timsalında, yer kürəsinin ən böyük dəyərlərini öldürürük. Savaşlarda silahla, məktəblərdə təhsillə, istedadlarından xəbərsiz, inkişafına izn vermədən, onları dinləməyə zaman ayırmadan, saçlarını oxşamağı unudaraq. Hinduların atalar sözündə deyildiyi kimi: "Biz dünyanı atalarımızdan miras yox, uşaqlarımızdan borc almışıq”.
Bir uşaq səsini dinləməyi və bir uşaq rəsminə baxmağı öyrənməliyik.
Söhbətləşdi: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər