• şənbə, 21 Dekabr, 20:51
  • Baku Bakı 9°C

Qara qutu

08.03.20 11:00 20258
Qara qutu
Qara qutu

İçimizdə Tanrının əliylə yığılan,
şifrəsi tək özünə bəlli
"qara qutu”muz var...
Bir ömür varımız,
şirinimiz,
acımız,
göz yaşımız
sevgimiz,
nifrətimiz,
ruzi,
qismət payımız,
alın yazımız,
bəzən haqq yolundan
sapmalar,
büdrəmələr,
yaddan,
doğmadan aldığımız zərbələr,
canımızı şüşəyə yığıb
cibində gəzdirənlər,
faciəyə laqeydlər,
acılara qəhqəhə çəkənlər,
kimlər,
nələr,
nələr,
sıralanar qara qutuda.
Ölçüsüz yaddaşında
Qara qutunun
bir ömür gördüklərim,
düşündüklərim
nisgilli torpaq kədərim,
parça-parça yurd həsrətim.
Tanrıya gah şükranlığım,
gah günahım,
ahım,
gah da asiliyim,
bəzən kəmhövsələ,
tələskən xasiyyətim,
dualarım,
səbrim
unutduqlarım,
bəzən də,
heç görmədiklərim
yuxuma gəlir qara qutudan.
Bir dən boyda savaba,
ümidə güvənib yaşayıram hələ ki.
Gecələr buğda boyu,
arpa boyu
ən kiçik ləçək ölçüdə
ümidlərimlə,
göz yaşımda islanan dualarımla
yol gedirəm,
Tanrı qapısına bağışlanmağa...
Ömrümün qum saatı
Tanrıya axır.
"Qara qutum” şifrəli,
həyatın gedişinə,
gərdişinə
qutu sayğacım durmadan
işləyir, işləyir...
Bir gün zaman sayğacı dolacaq,
Qara qutu qapanacaq,
göy üzü məndən qabaq
Qara qutuya açılacaq.
Allah rəhmli olduğundan
hər şeyi bir yana qoyacaq.
Bir damcı ədalət,
bir damcı səxavət,
bir ləçək,
bircə ağız duam,
xurma lifi qədər yaxşılığım
qutudan görününcə
qul xətasına,
ağa kərəminə sığınacaq.
Bütün insanlığı,
TANRIM XALİQLİYİNƏ,
BÖYÜKLÜYÜNƏ bağışlayacaq.
Aritmiya

(Anju aparatı önündə düşüncələrim qəlbimdə həkimlə söhbətə çevrildi)

Çəkin həkim,
indiyədək çəkdiklərimin şəklini...
Necə bilirsiniz,
çəkə biləcək bu alət
ürəyimin çəkdiklərini...
Kiçik-kiçik şeylərdən
başladı hər şey...
Namərd külək həyətimizdə
yüz illərin narbənd ağacını
yüz-yüz sərçə yuvası qarışıq
yıxan gün inandım olacaqlara.
İnandım fələyin oyununa...
həmin gündən
yuva oldu ürəyim
evsiz, yuvasız sərçələrə...
Parça-parça
torpaq itkimin yarası sağalmamış,
öcü alınmamış,
gözü yaşlı sərçələrin,
civ-civlərdən ucalan
qüssələri
təzələdi qaçqın köçkün dərdimi...
Aritmiya dediyin, əslində,
dərdlərimin ritmidir...
Qarlı-çovğunlu gündə
bir namərdin
azdırdığı,
lazımsız əşya kimi atdığı
körpə pişik balalarının ağlaması,
onu-bunu ana bilib,
ayağına dolaşması,
anasızlığın,
biganəliyin ağrısı
cırmaq-cırmaq yaraladı,
qanatdı ürəyimi...
Dünən zibilliyə atılmış
üç günlük körpənin
ah-fəğanı,
Allaha,
insanlara üsyanı,
dağıtdı qəlbimi,
çək, həkim, çək,
kədərin, yer üzünü
bürüyən laqeydliyin şəkli,
görək necə görünəcək...
Zərbə-zərbə üstündən,
yumruq boyda dünyama...
Tikəmi böldüyüm,
yazıq bildiyim,
dost dediyim,
gördüm kölgəmi
xəyanət qılıncıyla
tikələrə bölür...
Dünən yan-yana şadlıq evlərinin
dəb-dəbə,
yemək yarışmasına
Suriyadan,
Afrikadan
ac körpələr yuxularında
bir tikə tamıyla,
göz yaşıyla qatıldılar...
Qəhər gözlərimdən keçib
damarlarımı qapadı...
Çək, həkim,
sərtləşən dərdlərim
aydınca görünəcək...
Bu gün bir xəbərdən
dünya tərsinə döndü,
gözlərimdə...
Yaşlı, kimsəsiz bildiyim,
qocalar evinə üz tutan ananın
doqquz övladı varmış,
sən demə,
saymaqla bitən deyil səbəblər...
Şuşa alınan gündən
ürəyim dərdlərə
əsir düşüb, həkim!
Dərmanı, bəlkə,
qələbə günü tapıla...
Kəlbəcərdən,
Laçından
əsir-əsir, yesir-yesir
gedənlərim
ürəyimi özləri ilə aparıblar.
İndi, ürək yerinə,
Yumruq boyda daş gəzdirirəm
sinəmdə...
İçim Xocalı günündə.
Görürsən, həkim,
dünya geniş,
dərdi böyük,
Ürək yumruq boyda,
Çək görək,
bu qədər qarmaqarışıq dərd
şəkildə necə düşəcək?!
Haqqa aşiq olanlara
Bu nə eşq, nə sevda imiş,
yol nə yerdə, nə göydəymiş,
Dərdin özü dərman imiş,
Tanrı yolu bulanlara...
Güllü yaylaq, göy qurşağı,
ruhum rəngli ay işığı,
könlündə sevgi daşıyar
Haqqa aşiq olanlara...
Gələn gedəndən çox imiş,
bilgi biləndən çox imiş,
insan Tanrının sirriymiş,
sirrə sirdaş olanlara...
Kim deyir gedənlər dönmür?
Dualardan yol görünür,
ölüm toy, vüsal günüdü
yurda qurban olanlara...
Div qadın

(Güclü qadınlara itfah olunur)

Mən bir div
qadın tanıyırdım
dünyanın ən gözəl qadınıydı...
Tanrıya aşiq,
insanlara aşiq.
Günəş üzündə
doğurdu hər gün...
Ay uyuyanda işığını onun
gözlərində gizlədərdi...
Çiçəklər nəfəsindən
ətirlənirdi.
Güləndə üzündə
günəbaxan çiçəkləri işıq saçırdı,
ağlayanda buludlar
kirpiklərinə ələnərdi...
Zəhməti pətək-pətək ballanar,
könlü sevgini bərəkətlə paylardı,
div qadının...
Laqeyd dünyada tək idi,
kim bilir haradan gəlmişdi!
Mən tanıdığım div qadın
ömründən hamıya şəfqət paylayardı,
tükənməzdi...
Ağrıları bilinməzdi,
kədəri heç kimə görünməzdi,
könlü dolanda yuxuda ağlayardı...
Başı yaxşılıqlara qarışdığından,
adını belə unudardı...
Səxavəti hava,
su kimi
paylanardı.
Ürəyi özündən
qat-qat böyük,
yer kimi sərhədsiz,
göy üzü kimi açıq idi...
şükranlığı göylərə güzgü tutardı...
İstəkləri sorulmazdı,
arzuları sezilməzdi..
"dözər” dedilər,
"gücü tükənməz” dedilər,
hətta gücünə Fitnə kimi
"Öküz qaldırmaq nədir ki,
lap dünyanı çevirər” – dedilər.
İçinə güvə kimi daraşdı
tanışlar,
yaxınlar,
yedilər-yedilər,
güclülər yenilməz dedilər.
İçi namərdcə talandı...
bütöv ürəyi paralandı,
sevgi,
şəfqət paylamaqdan...
ürəyinin yarısını bir gün
övladlarına,
doğmalara həyan,
ərməğan verdi,
parasıyla, qanadlı ruhuyla
Tanrıya döndü,
div gücüylə
yenidən doğulmaq üçün...
Səfər uzun,
yollar dumanlı
gəlişini gözləyək.
Qayıdacaq div qadın,
yarı ürəyi burda qaldığı üçün,
güclü olduğu üçün,
qayıdacaq bir gün.
Saat və mən

Bu mənim vaxt ölçüm,
bu mənim saatım,
"iki ayaqlı zaman atım”,
gecə saat on ikini ötür,
Yer vaxtı ilə,
ömür vaxtı ilə gələcəyə,
sabaha keçirəm...
Bir gün də böyüyürəm
sabah başlayır,
saat altını keçir,
gün ömürdən gedir,
gedir,
əqrəblər öz işində...
Ömür səssiz saata qoşulub,
etinasız,
laqeyidcə
lap yanımdan keçib gedir.
İndi saat doqquza qalır...
Tanrı saatıyla,
ölümə neçə dəqiqə işləyir,
ömrün tamamına nə qalır?
Saatlar göstərmir...
Tanrıdan başqa
ömür,
tale saatını
kim bilir?
Ayrılıq

İlahi, bir üzdə göz-gözə həsrət,
qıyma ki, ağlaya üz ayrılığı.
Fikrimdə mənalar dolaşıq düşər,
yaranar misramda söz ayrılığı.
Bəzən öz qəlbimdə döyüş başlaram,
özümə düşmənəm, savaş, barışam.
İlahi, bir xətdə yanlış naxışam,
Sən xeyrə yozansan, yoz ayrılığı.
Bəzi yazdıqlarım könlümə yatmır,
sağ əlim doğmadır, sol əlim yaddı.
savab qazancımı şeytan apardı,
əksildi duamdan söz ayrılığı.
Bəzən gül-çiçəkdir, çöldür adamlar,
bəzən yurd yeridi, eldir adamlar,
ay torpaq itirib, dərd qəm tapanlar,
üzülən ömürlə döz ayrılığı.
İçim köç yeridir, yurddan başlayan,
bir el dərdləriylə haqq haraylayan,
Bizə bəxt yazanda hirsli olmusan,
İlahi, tərsinə yoz ayrılığı.
Adam

(Savalan qrupunun rəhbəri, qardaşım Novruz Novruzlunun əziz xatirəsinə 1-ci ağı)

İki qapı arasında
yolların yorğunu adam.
dərd, kədəri ömrə-günə
sevgilitək seçən adam.
Səs də söz kimi sirr imiş,
Tanrı yozana göndərmiş.
Nisgillərin zəmi imiş,
bir ömür qəm biçən adam.
Ölümü haqq sananlara,
dərdə pünhan yananlara,
Bu dünyada qalanlara,
salam verib keçən adam.
Yoluna gül ələndimi?
Dərd naxışmı, dərd ilməmi?
Duaların göyərdimi?
De, Rəbbinə yetən adam.
Yuxuda görərəm sağsan,
yarı səs, yarı torpaqsan.
Yol üstə tənha çinarsan,
ağaca çevrilən adam.
Sünbül-sünbül ömür bumu?
Dən-dən olan ovuldunmu?
Ölüm eşqmi, de yuxumu?
Eşqinə yol gedən adam.
Səsin mələk ağısıydı,
yeri də, göyü də dağladı,
dərdinə fələk ağladı,
nisgildən don geyən adam.
Bir söz sorsam bilərsənmi?
Yer üzü göyün əksimi?
Sağ-salamat yerləşdimi?
Yerdən göyə köçən adam.
Adam
(Novruz Novruzlunun xatirəsinə II ağı)
Elə hey deyirdin yollar açılır,
ağ qanad üstündən qollar açılır,
deyirdin yuxuda bir qız çağırır,
ömürdən yuxuya yol gedən adam.
Çağırıb yetməyə ərz göyərdimi?
Yaddımı, doğmamı üz göstərdimi?
Bala sevgisindən iz göyərdimi?
Dan üzü Tanrıya yol gedən adam.
Dərdi doğmalara qoyub gedincə,
nisgilli ürəyin, bəlkə, dincələr,
"İlahi qapına gəldim” – deyincə,
qapılar üzünə açılan adam.
Eşqmi, sevdamıdı səni çağıran?
əli qaşı üstə yola boylanan,
səsi ilə Tanrıya çatıb qayıdan,
özünü qəlblərə köçürən adam.
Sona Vəliyeva
banner

Oxşar Xəbərlər