çərşənbə, 01 Fevral, 23:07

Baku Bakı 6°C

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

icon 760 icon 20 yanvar 2023 | 02:00 Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Keçmişə nəzər salsaq görərik ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb

Hər il Ümumxalq Hüzn Günü kimi qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Tarixə nəzər salsaq görərik ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

Belə ki, 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı 1990-cı ilin yanvarında ölkəmizin paytaxtına sovet qoşunlarının yeridilməsinə, Bakıda, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub. Azərbaycanda sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilib, 25-i qadın, 20-si uşaq olmaqla, 744 vətəndaş yaralanıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Tariximizin şərəf və qəhrəmanlıq səhifəsinin yazıldığı həmin dövrdə ümumilikdə 150 nəfər şəhidlik zirvəsinə ucalıb (Siyahı: https://files.preslib.az/projects/aggression/az/b1.pdf). 20 Yanvar hadisələrində Azərbaycan xalqı sarsılmazlığını, mətinliyini nümayiş etdirib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini, müstəqillik əzmini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı. Lakin tam əksinə olaraq, bu epoxal hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Xatırladaq ki, 20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmayıb. 1990-cı il yanvar martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qalıb. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb. 613 nəfərin öldürüldüyü Xocalı soyqırımı isə Ermənistanın işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı “Kaspi”yə açıqlamasında bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi tarixi dövrdə mühüm mərhələni təşkil edib. Onun sözlərinə görə, xalqımıza qarşı törədilən bu cinayət müstəqilliyə can atan Azərbaycanın SSRİ rəhbərliyi tərəfindən cəzalandırılması cəhdi olub. Millət vəkili deyib ki, bu hadisənin törədilməsində əsas məqsəd o dövrdə SSRİ-nin xüsusi siyasi mətbəxində hazırlanmış gələcək Qarabağ müharibəsində Azərbaycan xalqını əvvəlcədən məğlub vəziyyətə salmaqdan ibarət idi: “Azərbaycan xalqına mənəvi-psixoloji zərbə vurmaqla onu müstəqillik, ərazi bütövlüyü ideallarından çəkindirmək planı var idi. Lakin 20 Yanvarda şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən qəhrəmanlarımız öz davranışları ilə sübut etdilər ki, onlar əliyalın olsalar belə, böyük bir imperiyaya meydan oxumağa hazırdırlar. Məhz 20 Yanvar hadisələrində şəhidlərimizin, mübariz oğul-qızlarımızın öz canları və qanları ilə ödədikləri tarixi bədəlin nəticəsi idi ki, Azərbaycan xalqı azadlıq və müstəqillik, ərazi bütövlüyü və suverenlik ideallarını uzun müddət ürəklərində saxlayaraq gerçəyə çevirdilər”.

Millət vəkili deyib ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilən tarixi zəfər ilə 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapıb: “Xalqımız 44 günlük müharibədə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəmandır, böyük xalqdır, savaşqandır, öz ərazi bütövlüyündən, müstəqillik ideallarından əsla geri çəkilmir. Baxmayaraq ki, 1990-cı il ilə 2020-ci il arasında 30 illik zaman müddəti var, amma ötən illərin hər günündə Azərbaycan xalqı öz ideallarını ürəklərində saxlayıb. Xalqımız bu idealları gənc nəsillərə ötürməyi bacarıb. Beləliklə 20 Yanvar ilə Vətən müharibəsindəki tarixi zəfərimiz arasında birbaşa mənəvi, siyasi və dövlətçilik əlaqəsi var. Çünki 20 Yanvar şəhidlərinin arzuları məhz Vətən müharibəsində yerinə yetirilib. Bu gün 20 Yanvar şəhidlərinin ruhları buna görə şaddır. Bununla bərabər, bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Şübhə yoxdur ki, Azərbaycanlı qaçqınlar da Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir”.

Rufik İSMAYILOV