çərşənbə axşamı, 05 iyul, 23:34

Baku Bakı 30°C

“Şuşa hər birimizin qapısı bağlı evidir” Fotolar

icon 2872 icon 10 iyun 2013 | 17:43 “Şuşa hər birimizin qapısı bağlı evidir” Fotolar

Bu gün “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, Ya Ölüm” adlı filmin təqdimat mərasimi keçirildi. Filmdə tanınmış şairə Sona Vəliyevanın vətən, yurd həsrətli şeirlərindən istifadə olunub.
Professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Şəmistan Əlizamanlının ifasında Əsəd Kabaklının “Çabuk böyü, çabuk yetiş, tez oğlum” mahnıları, Bakıda Cıdır meydanında Qarabağ atlarının yetişdirənlərin arzuları da filmdə təqdim edilir.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov film haqqında qısa məlumat verərək, onun Azərbaycan mədəniyyəti, işğala məruz qalan torpaqlar və Qarabağ atlarından bəhs etdiyini söylədi. Onun sözlərinə görə, hazırlanan film Qarabağımızın maddi sərvəti və Azərbaycanın fəxri olan Qarabağ atları və işğal olunmuş torpaqlarımıza yetişmək istəyən ürəklər haqqındadır: “Filmin ana xətti vətənə sevgi, məhəbbət üzərində qurulub. Yaradıcılığımızda müxtəlif mövzulu əsərlər yaratmaq olar. Lakin həmin əsərlərin ana xəttini vətənə sevgi təşkil etməsə, o əsər uzun müddət yaşaya bilməz. Bu film də vətənlə, işğal olunmuş torpaqlarımız, Qarabağ atları, mədəniyyətimiz və tariximizlə bağlıdır”.
Bundan sonra tədbir 45 dəqiqəlik filmin nümayişi ilə davam etdi. Filmdə Milli Konservatoriyanın rektoru, professor Səyavuş Kəriminin 2009-cu ildə bir qrup ziyalı ilə Şuşa şəhərinə səfərləri və səfərlə bağlı təəssüratlarını özündə əks etdirir. Xalq artisti Mənsum İbrahimov Məcnun obrazında öz möhtəşəm səsi ilə filmi müşayiət edir. Xocavənd qəsəbəsində, Dağlıq Qarabağın ərazisi olan Nərgiz Təpədə qaçqın şəhərciyində aparılan çəkilişlərdə müharibədə övladlarının itirmiş yaşlı valideynlərin vətən, yurd, torpaq sevgilərinin önəmi filmdə diqqətə çatdırılır. Filmdə geniş yer ayrılan Qarabağ atları, murad olmaqla yanaşı, igidlik simvolu kimi də təqdim olunur.
Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva öz çıxışı zamanı filmdə əsas obraz kimi canlandırılan Qarabağ atlarını güc simvolu kimi dəyərləndirdiyini qeyd etdi. O, atı ilk dəfə türklərin əhliləşdirdiyini, hər şeydən öncə atın türkçülüyün ifadəsi olduğunu bildirdi: “Şuşa hər birimizin yaralı yeridir. Düşünürəm ki, Şuşa alınandan sonra hər kəs öz yarasından azad olacaq. Biz gözümüzü açandan “Qarabağ şikəstəsi”-nə qulaq asmışıq. Bu mahnıda çox böyük bir yanğı və vətən həsrəti öz əksini tapır. Hər zaman düşünürəm ki, niyə Şuşanın çiçəklənən zamanında belə yanğılı mahnı oxunur? Özlüyümdə belə cavab verirəm ki, Şuşanın hər zaman düşmənlə üz-üzə durması, namərdlərin gətirilib, Şuşanın qoynunda yerləşdirilməsi sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə Şuşa, sanki öz taleyini görürdü. İstərdim ki, biz Şuşanı tezliklə alaq və içimizdəki bu yanğıya son qoyaq. Biz bu gün həddən artıq qonaqpərvərliyin, laqeydliyin, səmimiyyətimizin, unutqanlığımızın cəzasını çəkirik. Bu torpaqlara layiq olmayan bir millətə o münasibəti göstərdiyimiz üçün onun cəzasını çəkirik. 1828-ci ildən bu yana beynində, ruhunda murdarlıq gəzdirən xain millətin cənnət hesab olunan məkanlarda yerləşdirilməsinə imkan vermişik. Onların torpaqlarımıza köçürüldüyü gün millət kimi ya buna imkan verməyərək ölməliydik, ya da qalib gələrək qalmalıydıq. Şuşa Azərbaycan mədəniyyətinin yüksək zirvəsidir. Mən Şuşanı heç zaman görməmişəm. Ancaq mənə elə gəlir ki, Şuşa mənim evimdir. Şeirlərimin birində qeyd etmişəm ki, Şuşada mənim bir evim var. Onun qapısını bağlayıb, açarı ələ keçməsin deyə ürəyimdə gizləmişəm. Şuşa hər birimizin qapısı bağlanan bir evidir. Torpaq itkisi elə bir şeydir ki, bu məsələdə millət iqtidarından, müxalifətindən asılı olmayaraq, birləşməlidir. Hamı vətən üçün, hamı Şuşa üçün mübarizə aparmalıdır. Şuşa gözləsin, biz gələcəyik. Ümid edirəm ki, biz Şuşaya qalib kimi dönərik. Allah-təala o qələbə gününü bizə qismət etsin!”
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan insanın övladsız və valideynlərsiz yaşaya bildiyini, ancaq vətənsiz yaşaya bilmədiyini söylədi: “Bu gün biz Qarabağa həsrətik. Qarabağ türk millətinin içərisində qanayan bir yaradır. Qanayaraq göynəyən həmin yaraya yalnız Qarabağın geri qaytarılması məlhəm ola bilər. Qarabağ öz gözəlliyi ilə hər kəsi özünə heyran edib. Onun işğalı həm türklərin, həm də azərilərin ağrı yeri hesab olunur. Qarabağ türk millətinin həyatına çox şey qatıb. Mən bütün dualarımda qısa zaman içərisində Azərbaycan sərhədlərini tam bərpa olunmuş şəkildə görməyi arzulayıram. Ermənilər Azərbaycan torpaqlarını qanunsuz şəkildə zəbt ediblər. Hər keçən gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycana hər zaman dəstək göstərməyə və mənəvi borcumuzu yerinə yetirməyə hazırıq. Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasını və dövlətin tam şəkildə fəaliyyət göstərməsini arzulayıram”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı filmdən zövq aldığını, eyni zamanda kədərləndiyini və duyğulandığını qeyd etdi. T. Rüstəmxanlı tədbir iştirakçılarına filmi gözəl sənət əsəri kimi dəyərləndirdiyini söylədi: “ Filmi izləyərkən bir anlıq Şuşaya getdim. “Ya Qarabağ, Ya Ölüm” filmi gözəl bir təbliğat vasitəsidir. Bu gün buna çox ehtiyacımız var. Filmdə at bir simvol xarakteri daşıyır. Ümumiyyətlə, 40-45 dəqiqəlik bir filmin içərisinə o qədər məna sığdırmaq insandan həm bacarıq, həm də səriştə tələb edir. At sadəcə, simvoldur, onun arxasında vətən sevgisi, vətən ağrısı dayanır. Filmdə “Sarı gəlin”-in təqdim olunması hər şeyi özününküləşdirməyə cəhd edən ermənilərə bir cavabdır. Sarı geyimli Azərbaycan övladının simvolik olaraq azəri qızını canlandırması məncə, öz yerinə düşdü. Filmdə Əhməd Şəfəqin dilindən qeyd olunan “Vətənin o başı, bu başı olmaz. Vətən elə vətəndir. Xarı bülbül yalnız Qarabağ torpaqlarında yetişir” kimi fikirləri hər bir vətənpərvərin qəlbini oxşadı. Bizim gənclərin belə filmlərə ehtiyacı var. Filmdə güllələnən heykəlləri görən gənclər ən azından qarşılarına məqsəd qoymalıdırlar ki, kinli, küdurətli, içi nifrət dolu düşmənləri var. Ermənilər o qədər kinlidirlər ki, hətta daş heykəllərdən belə qisas almağa çalışırlar. Əslində bu bir millət üçün böyük faciədir. Ermənilər övladlarını o qədər nifrət hissi ilə yetişdiriblər ki, onlar bir sənət əsərinə ziyan yetirməyə göz yumurlar. Şuşa bizim konservatoriyamızdır. Çünki ən gözəl səslər, ən gözəl sənətlər Şuşada yetişib. Filmdə böyük bir vətən sevgisi gördüm. Filmi ərsəyə gətirən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, hər kəsə örnək ola biləcək bir təşəbbüsdür”.
Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov filmdə iştirak edənləri, hər kəsi birləşdirən hissin vətən sevgisi olduğunu bildirdi: “Mən Qarabağın Məcnunuyam. Mən səsi o torpaqdan alıram. Mən o torpağın bir zərrəsi olmasaydım, yəqin ki, bu gün mənim belə səsim olmazdı. Qarabağda çox böyük sənətkarlar yetişib. Filmdə “Leyli və Məcnun”a müraciət olunması da təsadüfi deyil. Şərqin ilk operasının müəllifi də məhz Qarabağda yetişib. Bir sənətkar və muğam ifaçısı kimi bu gün biz çox əziyyət çəkirik. Çünki oradan çıxan ifalar bu gün çox az tapılır. Biz Qarabağsız yaşaya bilmərik. O torpaqları biz özümüz almalıyıq. Bizim çox güclü ordumuz var. Torpaqlarımızı geri aldıqdan sonra əvvəlki kimi o müqəddəs torpaqlarda yeni nəfəs, yeni səslər doğulacaq”.
Türkiyənin tanınmış müğənnisi, şair, bəstəkar Əhməd Şəfəq Xocavəndə getdiyini və həmin günü ömrünün ən gözəl günlərindən hesab etdiyini bildirdi. Şairin sözlərinə görə, o, Xocavəndə müğənni kimi deyil, Azərbaycan övladı olaraq, bunu özünə borc bildiyi üçün gedib: “Yaradıcılığım belədir ki, on mahnı oxuyuramsa, onun beşi vətənə, beşi isə sevgiyə aiddir. Hər zaman deyirəm ki, vətən bizim ruhumuzun eşqi, eşq bizim ruhumuzun vətənidir. Xocavənddə yediyim çörəyi heç bir yerdə yemədim. Mən də bu vətənin övladıyam. Türkiyədə doğulmuşam. Mənim üçün vətənin o başı, bu başı yoxdur. Kim ki türk torpaqlarını bir-birindən ayırır, onun qəlbində bir miskin vardır. “Hər şey gözəl, hər şey yaxşıdır” fikri ilə yaşamaqı düzgün bir düşüncə hesab etmirəm. Bunları düşünməklə torpaqları bərpa etmək olmaz. Bu fikirlə torpaq əldə tutulmaz. Belə düşüncə millətlərə qarşı mübarizədə uduzmağımıza səbəb ola bilər. Belə filmlər çəkməklə, hər kəsi təbliğatlandırmaqla millət bərpa olunur, vətənin bütövlüyü əldə tutulur. Biz ictimaiyyətə gedən bir yol tapmalıyıq. Mən Üzeyir Hacıbəyli aşiqiyəm. Mən də onun kimi köşə yazıları yazıram. Onun kimi siyasi yazılara müraciət edirəm. Onun kimi musiqi bəstələyirəm. Allah mənə nəsib edərsə, mən də onun kimi opera yazacağam. Mənim idealım Üzeyir Hacıbəylidir. Məndən soruşacaqsınız ki, Türkiyədə doğulub, boya-başa çatan bir müğənninin idealı Şuşada doğulub fəaliyyət göstərmiş bir bəstəkar olarmı? Olar. Mən də bu vətənin övladıyam. Filmdə ermənilərin Azərbaycan mədəniyyətinə qarşı törətdikləri vəhşiliklərin hər kəs izlədi. Düşünürəm ki, onların mədəniyyətləri inkişaf etmədiyi müddətcə, biz bu təsvirlərin şahidi olacağıq. Hər bir millət başqa bir millətin mədəniyyətinə hörmət etməlidir, bu, düşmən belə olsa. Mənim ən böyük arzum isə, getdiyim o Xocavənd torpağında, Qarabağda konsert verməkdir”.
Vətənpərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı öz çıxışında bu kimi filmlər və layihələrin bizi qələbəyə daha da yaxınlaşdırdığını, ekranda o torpaqlara baxıb, köks ötürdüklərini qeyd etdi və filmdə əməyi keçən hər kəsə uğurlar arzuladı.
Publisist və şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli atın həm güc, həm də sürət göstəricisi hesab olunduğunu söylədi: “Filmdə Sona xanımın “Sarı gəlin” şeiri ilə sarı donlu Selcan xatunla bağlı mahnının uyğunlaşdırılmasını maraqlı bir yanaşma tərzi hesab edirəm. Belə filmlərin daha çox olmasını arzulayıram”.
Layihənin rəhbəri Bəxtiyar Qaraca hər bir vətəndaşın əlində imkan olsa, belə layihələrə imza ata biləcəyini və filmin çəkilişi zamanı əziyyət çəkən hər kəsə minnətdarlığını bildirdi: “Hər kəsin içərisində Qarabağ həsrəti, Qarabağ yanğısı var. Düşünürəm ki, bu filmlə onların daxili aləmlərində baş daldıran o hissləri tamaşaçılara təqdim etmiş hesab olunuruq”
Qeyd edək ki, filmin çəkilişləri Xocavənd rayonu ilə yanaşı, Bakıda, Şamaxıda və İsmayıllı rayonlarında aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, operatorları Elxan Rüstəmov və Manaf Əzizli, inzibatçı Manaf Tağıyev, montaj rejissoru İsmayıl Əhmədiyyədir. Layihə rəhbəri Bəxtiyar Qaraca, baş məsləhətçisi Əflatun Amaşovdur.
Xəyalə Rəis