• şənbə, 18 Oktyabr, 12:21
  • Baku Bakı 19°C

“Oxumaqdan heç vaxt usanmayın” - MƏKTƏBDƏ

18.10.25 03:46 64
“Oxumaqdan heç vaxt usanmayın” - MƏKTƏBDƏ

Cahangir Məmmədli: “Kitab bilik, düşüncə və təcrübənin əsas mənbəyidir. Oxumaq insanı həm zənginləşdirir, həm də gələcəyə hazır edir. Telefon heç vaxt kitabın yerini verə bilməz. Sizin inkişafınız kitabdadır”.

“Bakıda XX əsrin ortalarında Landau adlı böyük bir şəxsiyyət yetişib. O, orta məktəbi bitirdikdən sonra Moskvaya gedib, fizika üzrə təhsil alıb və universiteti bitirib. Daha sonra akademik adını qazanıb, Nobel mükafatına layiq görülüb. Landau hər dəfə auditoriyaya daxil olanda tələbələrinə belə müraciət edərmiş: “Əziz tələbələr, gəlin tanış olaq. 31-ci kurs tələbəsi, akademik Landau”. Yəni, 31 ildir akademik olsa da, o, hələ də özünü tələbə kimi hiss edirmiş. İndi isə mən də sizin qarşınızda dayanmışam və deyirəm: “Salam, əziz şagirdlər! Gəlin tanış olaq. 61-ci kurs tələbəsi, professor Cahangir Məmmədli”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərini belə salamlayır.

“Onların qəhrəmanlıqlarını unutmayın”

Professor doğulub boya-başa çatdığı Ağdamın Novruzlu kəndindən başlayan həyat hekayəsini paylaşaraq, şagirdlərə yalnız bilik deyil, həm də həyatın mənası, məqsədi və səbrin gücü barədə tövsiyələr verib:  “Mən yetim böyümüşəm. Şəhid ailələrini dərindən anlayıram, çünki onların yaşadıqlarını öz həyatımda yaşamışam. Atam 1942-ci ildə Vətən müharibəsinə gedib və geri qayıtmayıb. Bu gün 83 yaşım var və o yetimliyi hələ də hiss edirəm. Ən böyük və ən müqəddəs söz “şəhid” sözüdür. “Şəhid” anlayışı elə ucalıqda dayanır ki, bu söz insanın canını Vətənə fəda etməsinin rəmzinə çevrilib. Şuşanın qayalarına dırmaşan o igidlər sizdən sadəcə 2-3 yaş böyük idilər.  O oğullarımız Vətən uğrunda canlarından keçdilər, onların qəhrəmanlıqlarını yaşınız neçə olsa da, unutmayın”. 

“60 ildir buradayam, amma şəhərli ola bilmədim”

Professor çıxışında mikro və makro vətən anlayışına da toxunub: “Hər kəsin bir mikro vətəni, bir də makro vətəni var. Hansı kənddə doğulursansa, o kənd sənin üçün mikro vətən, bütöv Azərbaycan isə makro vətəndir. Mənim mikro vətənim Ağdam düşmənin tapdağı altında idi. Mən kənd adamıyam, 60 ildən çoxdur ki, şəhərdəyəm, amma şəhər insanına çevrilə bilmədim. Mənim Ağdamımı Prezident İlham Əliyevin rəhbərliyi ilə sizin kimi gənclər xilas etdi. Biz bu gün onların sayəsində bütöv Azərbaycan deyirik”.

“İnkişafınız kitabdadır”

“Səsiniz universitetlərdən gəlsin”,  - deyib professor şagirdlərə. O, müəllimlərinin onun həyatındakı rolundan danışaraq, məktəblilərə kitab oxumağı nəsihət edib: “Kitab bilik, düşüncə və təcrübənin əsas mənbəyidir. Oxumaq insanı həm zənginləşdirir, həm də gələcəyə hazır edir. Telefon heç vaxt kitabın yerini verə bilməz. Sizin inkişafınız kitabdadır. Oxumaqdan, kitabdan usanmayın”.

Professor bildirib ki, özü humanitar fakültədə çalışsa da, dəqiq elmlərin təbliğinə böyük önəm verir: “Lirika və fizikanın fərqini bilmək vacibdir. Şeir və ədəbiyyat lirikadır, fizika isə dəqiq elmdir. Dünya dəyişir, internet və süni intellekt dövrüdür. Bunların hamısı riyazi düşüncə və məntiq üzərində qurulub. Ona görə dəqiq elmləri öyrənin. Güclü mütəxəssis olmaq üçün yaxşı nitq də vacibdir, bunu isə ədəbiyyat oxumaqla qazan bilərsiniz. Oxuduğunuz, gördüyünüz hər şeyə tənqidi yanaşın və düşünün - düz yazılıb, yoxsa yox. Harada işləyirsinizsə işləyin, birinci amalınız vətəndaşlıq olsun”.

“Müəllimlərinizin həyatınızdakı rolunu necə qiymətlənidirirsiniz” sualı Cahangir Məmmədlini təsirləndirib və “həyatda nə qazanmışamsa, hamısını müəllimlərimə borcluyam” deyib: “Xüsusilə də, orta məktəb müəllimlərimə. Beş universitet də bitirsəniz, universitet sizə orta məktəbin verdiyini verə bilməz”.

“Bütün uğurlarımı Şirməmməd müəllimə borcluyam”

Professor əlavə edib ki, onun həyat müəllimi Şirməmməd Hüseynov olub. “Bu gün elmi-pedaqoji və insanlıq məkanında nəyim varsa, Şirməmməd müəllimə borcluyam” deyib: “Universitetdə hiss etdik ki, çox ciddi və sərt adamdır, oxumağa tənbəllik edən tələbənin “dərsini” elə verərdi ki, o tələbə tənbəlliyi birdəfəlik unudardı. O qədər təmiz və obyektiv müəllim idi ki, ondan heç kim heç vaxt tələbəyə güzəşt xahişi etməzdi. O qədər savadlı və o qədər səviyyəli idi ki, ondan öyrəndiyin heç vaxt yadından çıxmaz və bütün həyatın boyu bu bilgilər sənin köməyin olar. Belə bir müəllim dörd ilin tələbəliyindən sonra mənim talismanım oldu, məni özünün yaratdığı jurnalistika fakültəsində saxladı. Sərt adam idi, amma görəndə ki, adamda nə isə var, onu inkişaf etdirirdi. Dövlət imtahanı verəndə birinci suala cavab verdim və məni saxladı. Sonra katibəyə tapşırdı protokola yazsın ki, bu tələbəni universitetdə saxlayıram. Yazan xanım dedi ki, müəllim, protokolda belə bölmə yoxdur. O isə cavabında, “yaz deyirəmsə, yaz”, - dedi. O gündən universitetdə işləyirəm”.

“Həyatda aldığım ən böyük dərs...”

Professor sonda həyatda aldığı ən böyük dərsi də məktəblilərlə bölüşüb: “Orta məktəbdə, altıncı sinifdə oxuyarkən bir yazı yazmışdım. Qış vaxtı bir qoca kişinin hər gün odun yardığını görür, təsirlənirdim. Ən azı 65 yaşı var idi, amma soyuq qış günlərində odun doğrayırdı. Həmin vaxt bir məqalə yazdım və başlığını da  “Məktəbin direktoru qoca kişiyə odun yardırır” qoydum. Məqalə dərhal çap olunmuşdu. Direktor məni otağına çağırdı və dedi ki, bu məqaləni sən yazmısan? Xəcalət çəkirdim və bəli dedim. Mənə dedi ki, sənin fakta münasibətin budurmu? Yazmısan, amma bu kişinin burada nə işlə məşğul olduğunu bilmirsən. Onun vəzifəsi budur və burada maaş alır. İşləməsə, maaş almazdı. Qapıdan xəcalətlə çıxarkən, direktor məni yenidən geri çağırdı və dedi ki, amma üslubun çox xoşuma gəldi. Səndən deyəsən jurnalist olacaq, yazmağı heç vaxt saxlama. Bu, mənim həyatda aldığım ən böyük dərsdir”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər