• şənbə, 20 Sentyabr, 06:05
  • Baku Bakı 19°C

Süni mayalanmanın bahalı sınağı 

20.09.25 02:57 64
Süni mayalanmanın bahalı sınağı 

Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı səkkiz milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə, 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb.

Bu azalma tendensiyası “ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir?

Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Qanunvericilikdə boşluqlar var

Uzman mama-ginekoloq Rəşad Sultan bildirir ki, rəqəmlərdəki azalma birbaşa mənfi tendensiya kimi qəbul edilməməlidir: “Burada əsas meyar süni mayalanmanın təbii hamiləliklərə olan nisbətidir. Əgər ölkədə ümumilikdə evliliklərin, hamiləliklərin və doğuşların sayı azalırsa, süni mayalanma halları da təbii olaraq azalacaq. Digər tərəfdən, ola bilər ki, həkimlərimiz təbii yolla müalicədə daha çox uğur əldə edirlər və bu səbəbdən xəstələr süni mayalanmaya müraciət etməyə ehtiyac duymurlar. Bu, müsbət tərəfdir. Amma mənfi tərəfi də var. Bəzən ehtiyacı olan xəstələr maddi imkanları olmadığı üçün bu proseduru həyata keçirməkdən imtina edirlər. Yəni göstəriş olduğu halda belə, maliyyə məhdudiyyəti insanları geri çəkir”.

Mütəxəssis Azərbaycanda süni mayalanma sahəsində ən böyük problemin “Reproduktiv sağlamlıq haqqında” qanunun hələ də qəbul olunmaması olduğunu vurğulayır: “Süni mayalanma nəticəsində bir insan dünyaya gəlir, lakin bu proseslə bağlı hüquqi tənzimləmə yoxdur. Bu, həm həkimlər, həm pasiyentlər, həm də cəmiyyət üçün ciddi problemlər yarada bilir.

Məsələn, donor məsələsi qanunvericiliklə tənzimlənmir. Əgər qanun qəbul olunsa, bu həm ictimai etimadı artırar, həm də gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alar. Qanun həkimlər üçün də müdafiə mexanizmi rolunu oynayar, çünki sabah məhkəməyə şahid kimi çağırılanda qanuni çərçivəyə istinad etmək mümkün olar. Ən vacibi isə qanun mühafizəkar yanaşmaların doğurduğu yanlış fikirləri də aradan qaldırar. İnsanlar bəzən elə düşünürlər ki, süni mayalanmada mütləq başqasının spermatozoidindən və ya yumurtasından istifadə edilir. Halbuki bu, yalnız xüsusi hallarda baş verir və bütün mərhələlər həkim nəzarətindədir”.

Qiymətlər 2500-4000 manat arasında dəyişir

Mütəxəssisin sözlərinə görə, qiymət məsələsi də ciddi problemdir. Hazırda Azərbaycanda heç bir əlavə prosedur olmadan süni mayalanmanın qiyməti, dərmanlar daxil olmaqla, 2500-4000 manat arasında dəyişir: “Əgər donor istifadə olunursa, müalicəyə əlavə olaraq 1500-2000 manat xərclənir. Daha yüksək texnoloji yanaşma tələb edən preimplantasion genetik diaqnostika tətbiq edildikdə isə bu xidmətin standart qiyməti 2000 dollardır”.

Rəşad Sultan deyir ki, bu rəqəmlər bazar tərəfindən müəyyənləşdirilir və hər klinika, həkim öz qiymət siyasətini formalaşdırır: “Qiymət xəstədən-xəstəyə dəyişir. Çünki hər bir pasiyentin diaqnostika və müalicə planı fərqlidir. Amma ortaq məqam odur ki, prosedur bahalıdır və bu da insanların qərarına birbaşa təsir göstərir”.

"Azalma reallığı tam əks etdirmir"

Süni mayalanma üzrə mütəxəssis, cərrah mama-ginekoloq Arzu Məmmədova hesab edir ki, rəsmi statistikalardakı azalma reallığı tam əks etdirmir. Onun sözlərinə görə, azalma daha çox xəstələrin müxtəlif həkimlər arasında yayılması ilə bağlıdır: "Əvvəllər Azərbaycanda bu işlə cəmi 4-5 mərkəz məşğul olurdu. İndi isə bu sahədə fəaliyyət göstərən mərkəzlərin sayı xeyli artıb. Xəstələr artıq müxtəlif həkimlərə müraciət edirlər və onların statistikasını hər zaman aparmaq mümkün olmur”. 
Onun sözlərinə görə, əslində son illərdə süni mayalanmaya müraciət edənlərin sayı azalmaq əvəzinə artıb: "Bəzi həkimlərin bu sahədə lisenziyası yoxdur. Bəzən adi ginekoloqlar da süni mayalanma edir, sadəcə qeydiyyat aparılmır".

Mütəxəssis qeyd edir ki, cəmiyyətdə süni mayalanmaya münasibət də dəyişib: "On il əvvəl xəstələr bu məsələni gizlətməyə çalışırdı. Hətta ehtiyac olduğu halda belə, bəziləri proseduru etdirməkdən çəkinirdi. İndi isə süni mayalanma adi tibbi prosedur kimi qəbul olunur. Xəstə müalicəyə gəlir, müalicə olunur, müalicə üsulu da süni mayalanmadır".
Onun fikrincə, bu sahədə əsas çətinlik maliyyə məsələsidir:

"Dərmanlar ölkəmizdə istehsal olunmur və müxtəlif xarici ölkələrdən gətirilir. Son illər dərman vasitələrinin qiymətləri xeyli bahalaşıb".

Ailələr üçün maneə yaradan faktor

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə süni mayalanma yolu ilə uşaq dünyaya gətirən qadınların sayının azalmasını daha çox prosedurun bahalı olması ilə əlaqələndirir: “Süni mayalanma sığorta tərəfindən qarşılanmayan, bahalı prosedurdur və vətəndaşlar onu öz hesablarına etdirməli olurlar. Hətta mayalanma baş tutmadıqda belə xərclər geri qaytarılmır, çünki proses çoxsaylı tibbi mərhələlərdən ibarətdir və xeyli maliyyə tələb edir. Bəzən uğurlu nəticə əldə etmək üçün vətəndaşa bu əməliyyatı 2-3 dəfə etdirmək lazım gəlir. Bu isə maddi imkanları məhdud olan ailələr üçün ciddi maneəyə çevrilir”.

Adil Qeybulla onu da vurğulayır ki, mövcud ekoloji faktorlar təbii mayalanma prosesinə mənfi təsir göstərir: “Əslində son illərdə hamiləliyin baş tutması və normal sona çatdırılması ilə bağlı problemlərin artması süni mayalanmaya olan ehtiyacı daha da aktuallaşdırıb. Hazırda surroqat ana proqramları və uşağın xüsusi şəraitdə bəslənməsi ilə bağlı ciddi klinik tədqiqatlar aparılır. Bu, xüsusilə hamiləliyi gəzdirə bilməyən, amma övlad sahibi olmaq istəyən qadınlar üçün mühüm imkan yaradır. Belə elmi-tədqiqat işləri davam edir, çünki bu ehtiyac bütün dünyada realdır və artmaqdadır”.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər