• bazar, 24 Noyabr, 16:05
  • Baku Bakı 15°C

Sülhsevər dovşan yaxşı vədlərlə gəlir - TƏQVİM

31.12.22 02:00 2152
Sülhsevər dovşan yaxşı vədlərlə gəlir - TƏQVİM

Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq. 

Üzümüzə gələn 2023-cü il Şərq təqviminə görə dovşan ilidir. Şərq inancına görə, dovşan ili ən uğurlu ildir. Bu il isə elə-belə dovşan yox, qara su dovşanı ilidir. Qara su dovşanı sülhsevər, xoşməramlı, sevgi dolu canlıdır. Bu il də hər birimiz üçün məhz bu ruhda hadisələr vəd edir. Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası - sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il həyəcan ili deyil. Yaşadığımız gərginlikləri də başa çatmaqda olan mavi pələng ilində buraxırıq. 

Sevgi hamisinin eşq vədləri

Qara su dovşanı ili altmış ildə bir olur. Son illərdə 1903, 1963-cü illərə təsadüf edib. İllərdə olan “3” rəqəmi isə dovşanın rənginə, yəni qaraya işarə edir. Dünya astroloqları bu ilin ümumən sakit, harmoniya içində keçəcəyini bildirirlər. Bu il həm də inkişaf, kəşflər, yeniliklər ili olmalıdır.

Dovşan sevgi və romantik hisslər hamisidir. Ona görə də bu ilə sevgi ili də demək olar. Astroloji vədlərə görə, sevgilisi olmayanlar belə bu il mütləq yarlarını tapacaq, böyük eşq yaşayacaqlar. Bu il yaranan münasibətlər daha möhkəm, daha uğurlu olacaq. 

Bu il bədxərc olmamaq tövsiyə edilir

Maliyyə cəhətdən isə il hamı üçün eyni cür keçməyəcək. Burda bir qədər diqqətli olmaq lazımdır. Ümumən uğurlu olan il əslində hər kəsə gözəl qapılar açmaq üçün şans açarı təqdim edəcək. Amma o açarı ağılla qapının kilidinə salıb açmaq hamıya qismət olmayacaq. Yəni dovşan ilində çox diqqətli olmaq lazımdır ki, bizə ayrılan uğuru bəxtimizdən çıxarmayaq. Bir də mütləq xərclərə diqqət etmək lazımdır. Dovşan israfçılığı, artıq xərcləri sevmir. Amma heç simicliyi də xoşlamır. Bu il üçün ən yaxşı yatırım təhsilə, yeni biliklərədir. Bu yolda addım atan hər bir zodiak bürcünün nümayəndəsinə dovşan ili böyük uğurlar söz verir. 

Kiçik hədiyyələr, böyük ümidlər

Bəs bu şirin, yumşaq, sevimli dovşan ilini harada və necə qarşılayaq? Yaxşı olardı ki, ili hamı öz evində, ailəsi ilə birlikdə qarşılasın. Çünki dovşan ailə, ev mühitinə üstünlük verir. Qohumları, yaxınları da bayram günlərində yad etməyi unutmayaq. Kiçik hədiyyələr də olsa doğmalarımızı sevindirək. Unutmayaq ki, əsas olan diqqətdir. Gəlin yeni ildə bir-birimizi sevindirək, xoş sözlər deyək, mehriban olaq. Bunu adət halına salaq.

İsti evdə rahatlıq tapan dovşan

Bəs Yeni ili qarşılayanda nə geyinsək yaxşı olar? Bayaq da qeyd etdiyim kimi dovşan rahatlığı və ev mühitini sevir. Elə buna görə də özünüzü rahat hiss etdiyiniz, artıq öyrəşdiyiniz istənilən geyiminizi geyinə bilərsiniz. Amma məsələyə rəng baxımından yanaşsaq, bənövşəyi rəngin çalarlarını seçmək daha çox məsləhət görülür.

Şərqdə bilirik ki, yeni ilin gəlişi hər dəfə eyni günə düşmür. Yəni təqvimlə dekabrın 31-də təhvil verilən il, əslində, hələ yanvarın 21-dən 22-nə keçən gecə dovşan ilinə qədəm qoyacaq. O vaxtacan isə mavi pələng Yer üzündə üzümüzə gələn on iki il üçün son addımlarını atacaq. Pələng sağ-salamat pəncələrini ilimizdən çəkib getsin. Dovşan da ömrümüzə bütün gözəllikləri gətirsin. 

Pələng od püskürür, dovşan sahmana salır

Astroloq Səbuhi Rəhimli deyir ki, 2023-cü - dovşan-pişik ili sülh ilidir: “Miladi təqvimdən fərqli olaraq, astronomik təqvimlə dovşan-pişik ili 2023-cü il yanvarın 22-də başlayır və 2024-cü il fevralın 9-na qədər davam edir. Pələng ili müharibə ili kimi yaddaşlarda qalıb. Çünki iki dəfə dünya müharibəsi olub, onların hər ikisi pələng ilinə təsadüf edib. Çaxnaşmalar, çevrilişlər, pis hadisələr daha çox həmin ilə xas hadisələrdir. Pələng od püskürür, dağıdır-tökür. Pişik (dovşan) isə sanki onun tökdüyünü yığır, sahmana salır. Dünya astrologiyasında dovşan ili sakit il sayılır. Amma pələng öz dövründə aləmi dağıdır, insanları depressiyaya salır. Bütün bunlar yeni ilin ilk üç ayında hələ ki, davam edir. Yəni dovşan haradasa aprel ayına qədər dağıntılar, tör-töküntüləri sahmana salmaqla məşğul olur”. 

Sülh, əmin-amanlıq ili

“Dovşan-pişik ilində adətən sülh, əmin-amanlıq, quruculuq, abadlıq, yenidənqurma işləri aparılır” deyir Səbuhi bəy: “İqtisadi böhran, müxtəlif problemlər yavaş-yavaş yoluna düşür. Hər ilin öz devizi var. Pələng ilində insanlar gərək özlərini münaqişələrdən qorusunlar. Amma ondan fərqli olaraq, dovşan ilində insanlar ətraflarını gücləndirməli, çəkinmədən daha çox irəli getməli, inkişaf etmək haqqında düşünməlidirlər”. 

İncəsənət sahəsində də tərəqqi olacaq 

Astroloqun fikrincə, pişik ilinə təyyarə qəzaları xarakterikdir: “Mən həm də tarixi xronologiyanı izləyirəm. Bu illərdə təbii fəlakətlər demək olar ki, yox səviyyəsindədir. Daşqınlar, sellər isə ilin müəyyən fəsillərində ola bilər. Ümumən təbiət baxımından da sakit ildir. Təbiət demişkən, bu il kosmik inkişafda əhəmiyyətli olacaq. İndiyə qədər də dovşan-pişik illərində bu sahədə müxtəlif yeniliklər olub. Belə bir qənaət var ki, Marsa insan ilk dəfə 2023-cü ildə gedəcək. Bu haqda məlumatı NASA yayıb. Dediyim kimi, bu sahədə əsaslı yeniliklər gözlənilir. İncəsənət sahəsində də tərəqqi olacaq. Xüsusən də, kollektiv sənətlərdə. Məsələn, kino sənətində inkişaf mümkündür”. 

İlin aparıcı bürcləri şir və qoç olacaq 

S.Rəhimli deyir ki, hər ilin aparıcı bürcləri var. Bu ilin əsas bürcləri də şir və qoç olacaq: “Od ünsürləri və onlara köməkçi olan hava ünsürləri üçün bu il yaxşı keçəcək. Od ünsürlərindən – qoç, şir, oxatan, hava ünsürlərindən əkizlər, tərəzi, dolça bürcləri üçün il rahat keçəcək. Əgər illər üzrə götürsək, keçi, pişik, qaban illəri dovşan ilinin dostlarıdır”.

Bürcümüzdən, ilimizdən asılı olmayaraq, qarşıdan gələn ilimiz hər birimiz üçün xeyirli, uğurlu, düşərli olsun! Yeni ilimiz mübarək!

Xanım Aydın

banner

Oxşar Xəbərlər