• cümə, 22 Noyabr, 09:39
  • Baku Bakı 14°C

“Əsl mədəniyyət savaşı bundan sonra başlayacaq” - MÜSAHİB

30.09.23 05:00 3684
“Əsl mədəniyyət savaşı bundan sonra başlayacaq” - MÜSAHİB

Xalq artisti, maestro Yalçın Adıgözəlov: “Klassik musiqi elitardır. Bu, heç vaxt kütlə mədəniyyəti ola bilməz. Keyfiyyətli tamaşa olsun, səviyyəsi yüksək, dekorları, musiqisi, səsləri gözəl olsun - görün zal dolur, ya yox”.

Üzeyir Musiqi Günündə musiqi ictimaiyyəti  möhtəşəm bir bayram yaşadı: Arif Məlikovun “Məhəbbət əfsanəsi” uzun illərdən sonra Azərbaycan səhnəsinə - Vətəninə qayıtdı.  Baletin dirijoru - Xalq artisti, maestro Yalçın Adıgözəlovun sevinc və həyəcanını salonun lap arxa cərgələrində oturan tamaşaçılar da sezirdi. Maestro “Kaspi”yə müsahibəsində həmin günü “Qurur və sevinc” günü adlandırdı:

“Qoy məmurlar cavab versinlər”

- “Məhəbbət əfsanəsi” baletinin nümayişindən sonra tamaşaçılar “Bakı çoxdan belə anşlaq yaşamayıb, belə alqışlar eşitməyib...” deyirdilər. Baletin nümayişinə dirijor kimi sizin də gözünüzlə baxaq...  

- Bəli, hamıda böyük həyəcan və qürur hissi vardı. Çünki Azərbaycan bəstəkarlıq məktəbinin ikinci belə bir əsəri yoxdur ki, bütün dünyaya yayılsın. “Məhəbbət əfsanəsi” Vətəninə qayıtdı. Arif Məlikovun öz dediyinə görə, balet dünyanın 60 ölkəsində səhnəyə qoyulub. Bu, çox böyük bir rəqəmdir. Mən Arif müəllimin gözünün önündə böyümüşəm. Hamımız bir evdə - Hüsü Hacıyev küçəsindəki məşhur “Bəstəkarlar evi”ndə yaşamışıq. Atamın yaxın dostu idi. Uşaqlıqda ona “Arif əmi” deyirdim, qızı Şirinlə bərabər böyüyürdük. 1989-cu ildə Leninqradda  (indiki Sankt-Peterburq) təhsilimi bitirib dirijor kimi ölkəmizə qayıdanda artıq Azərbaycan  Dövlət Simfonik Orkestrinin dirijoru kimi çalışırdım. İkinci konsertin proqramına Arif Məlikovun “Nağıl” simfonik poemasını daxil etdim. Arif müəllim konsertə gəldi. “Çox sevinirəm, Azərbaycana yeni bir gənc dirijor gəldi. Təhsilin mükəmməldir”, - deyə məni qucaqladı: “Bundan sonra əsərlərimi sənə etibar edəcəm” dedi.

 

-    “Məhəbbət əfsanəsi”ni də nəzərdə tuturdu? 

-    “Məhəbbət əfsanəsi” ilə görüşüm 2000-ci ilə təsadüf etdi. İstanbul Dövlət Opera və Balet Teatrının dirijoru vəzifəsində çalışırdım. Bir ay orada, bir ay Bakıda olurdum. Çünki tələbələrim burada idi. Bir gün İstanbulda müdiriyyət “Nazim Hikmətin “Aşk masalı”nın kompakt diskini yazmaq istəyirik”, - deyə, mənə müraciət etdi. Orkestr böyük ruh yüksəkliyi ilə məşqlərə başladı. Premyera keçirildikdən sonra qərara alındı ki, biz əsərin DVD-sini də çəkək. Bakıdan rejissor Ramiz Həsənoğlu dəvət olundu və onunla əsərin DVD variantını işlədik. Mən bir dirijor kimi o vaxt artıq “Məhəbbət əfsanəsi”nə vurulmuşdum. Diskləri götürüb Arif müəllimin yanına gəldim. “Mənim niyə xəbərim yoxdur? Niyə icazə almamısınız?”, - deyə əvvəlcə sərt reaksiya verdi. “Mən oranın dirijoruyam.  Bunu mən etməsəydim başqa türk dirijoru edəcəkdi. Mənə etibar etdilər” dedim. “Qulaq asıb fikrimi deyəcəm” söylədi. 2-3 gündən sonra həyətdə görüşdük. “Bunu sən yazmısan?”, - soruşdu. Bir az pərt oldum: “Əlbəttə, mən yazmışam. Bəlkə bəyənmədiniz?”, - soruşanda “Əksinə, çox bəyəndim. Çox ideal səviyyədə hazırlanıb”, - deyə məmnunluğunu gizlətmədi. Onun fikri mənim üçün çox vacib idi. 

Sözsüz ki, “Məhəbbət əfsanəsi”nin səhnəmizə qayıtması uzun vaxt çəkdi. Biz bilmirdik ki, əlimizdə belə bir inci var. Bir ay gecə-gündüz çalışdıq. Tamaşada iştirak edənlər, xaricdən gələn qonaqlar “Necə ola bilər ki, 2-3 nəsil bu baletlə tanış olmayıb?”, - deyə təəccüblənirdilər. Mən onlara cavab verməyə söz tapmırdım. Qoy bu suala baletin səhnəyə çıxmasına mane olan məmurlar cavab versin. İsraildən gənə qonaqlar - köhnə bakılılar “Görəndə ki, “Məhəbbət əfsanəsi”nin afişası vurulub, biz təyyarə biletimizi dəyişdik” deyirdilər. Arif müəllim çox sərt və düz adam idi. Qorbaçova iclasda “qatil” demişdi. Çətin xarakterli idi, amma saflığını, vətənpərvərliyini bilən insanlar ona yüksək qiymət verirdilər. Heydər Əliyev Fondunun baleti səhnəmizə qaytarmaq təşəbbüsü çox təqdirəlayiqdir. Onların peşəkar komandası 24 saat çalışırdı. Fond baletin səhnəyə çıxmasına böyük vəsait sərf edib. Artıq o dekorasiyaların, kostyumların hamısı özümüzdə qalacaq. Bundan sonra bu əsəri öz gücümüzlə - öz balet ustalarımızın köməyi ilə səhnəyə qoymalıyıq. İndi baleti operanın orkestri üçün öyrənməliyəm. Oktyabrın 24-də baleti Heydər Əliyev Sarayında yenidən səhnəyə qoyacağıq. Bu o deməkdir ki, balet artıq repertuara daxil oldu. Teatr təmirdən çıxandan sonra tamaşanı ildə bir neçə dəfə  təqdim edəcəyik. Çünki bu, ölməz əsərdir. 

Cıdır düzündə “Qarabağ şikəstəsi”

-    Siz eyni həyəcan və qüruru Şuşada - “Xarı bülbül” festivalında “Qarabağ şikəstəsi”ni ifa edərkən də yaşamışdınız...

-    O tarixi gün idi. Bu əsər atamın vəsiyyəti idi: “Mən görməsəm, əsəri Cıdır düzündə səsləndir” demişdi. “Qarabağ şikəstəsi” vətəninə qovuşdu. Orada mistik nüanslar vardı. “Qarabağ şikəstəsi” səslənəndə səmada görünən qartalın qanad çalıb uçması... O kimin ruhu idi? Üzeyir bəyin, Bülbülün, Zülfinin, Süleyman Ələsgərovun,  Vasif Adığözəlovun? Onlar bu günü görmədilər. Arif Məlikov da Şuşanın azadlığını görmədi. 90-cı ildən sonra atam nə yazıbsa hamısı Qarabağ mövzusundadır. “Qəm karvanı”, “Qarabağ şikəstəsi” oratoriyası, “Natəvan” operası, “Şuşam lay-lay” mahnısı. Çünki Qarabağ bizim acımız idi. İndi artıq qələbələrə alışmışıq. Hər il bir yeni qələbə gözləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz Ali Baş Komandanın ətrafında yumruq kimi toplaşmalıyıq. Mürəkkəb geopolitik bölgədə qrossmeyster olmaq lazımdır. İlham Əliyev bu tarixi qızıl hərflərlə yazır. Bizim nəsil bunu gördü. 

“Hansı bəstəkarlıq məktəbinin belə nümunələri var?”

-    Sadaladıqlarınızdan Süleyman Ələsgərov, Vasif Adığözəlov, Arif Məlikov kimi sənətkarlarla müsahibələr etməyim yadıma düşür. Siz isə daha kimləri görməmisiniz? Bu mənada daha xoşbəxtsiniz...

-    Bu, bizim taleyimizdir. Maestro Niyazi sağ olsaydı, bütün dünyanı fəth etmişdi. Amma bizim dövrümüzdə sərhədlər açıldı. Böyük səslənməsin, mən ilk azərbaycanlıyam ki, Vyanada Musiqi Akademiyasında təhsilimi davam etdirdim. Sovet dövründə “Arena de Verona”da azərbaycanlı dirijorun dirijorluq etməsi kimi ağlına gələrdi? Bu, İtaliyanın ən məşhur və böyük salonu olan arenasıdır. Biz onu tamaşaçılarla doldurduq. Bu, musiqimizin dünyaya çıxmasıdır. Görəcək çox işlər var. “Koroğlu”, “Sevil” “Natəvan”, “Yeddi gözəl”, “Min bir gecə”, “İldırımlı yollarla” kimi əsərləri dünyanın  istənilən səhnəsində qoya bilərik. Hansı bəstəkarlıq məktəbinin belə nümunələri var? Əsl mədəniyyət savaşı bundan sonra başlayacaq. Biz gərək bütün dünyaya sübut edək ki, mədəniyyətimiz budur, biz buyuq!  

“Biz “ümumi cərrah”ıq”

-    Dirijor üçün hansı səhnədə olmağın - opera, balet və ya simfonik konsertdə idarə etməyin kriteriyaları varmı?

-    Peşəkar dirijor üçün bu, fərq etmir. Bizim diplomumuzda “opera-simfonik dirijoru” yazılıb. Əgər dirijor peşəkardırsa, həm operaya, həm baletə, həm simfonik konsertə dirijorluq edə bilər. Eyni zamanda, həm hərbi orkestri, həm xor kapellasını idarə etməlidir. Biz “ümumi cərrah”ıq. 

-    Həm də deyirlər ki, dirijor minaaxtaran kimidir. Bir dəfə səhv etdinsə...

-    Səhv eləmək olmaz. Dirijor səhv edən kimi orkestr onu dərhal tutacaq. Dirijor səhv etdisə, nüfuzu düşür. Texniki nəsə ola bilər, amma interpretasiyada, əsərin quruluşunda, fikrində, dramaturgiyasında səhv olsa, onu heç kim bağışlamayacaq. 

-    Bəs orkestrin çoxsaylı üzvləri ilə münasibətinizi necə qurursunuz? Kollektivi idarə edərkən demokratiyaya can atırsınız, yoxsa daha çox diktatorluğu seçirsiniz?

-    Qızıl ortanı tapmağa çalışıram. Tam diktator olsan, musiqiçilər sənə nifrət edəcəklər. Demirəm ki, sevsinlər, amma hörmət olmalıdır. Hörmət olmasa musiqiçilər əllərindən gələni ortaya qoymayacaqlar. Onda da keyfiyyət olmayacaq. Bu iki gün ərzində hamı dedi ki, simfonik orkestri tanımaq mümkün deyildi. 75-80 nəfərin hamısı öz imkanlarından daha yüksək ifa etdi - hamı ürəyini qoydu. Əgər diktator gəlib orkestrin qarşısında dursa, musiqiçilərlə sərt rəftar etsə, xətirlərinə dəysə, ifaçı formal çalacaq, sən onu məcbur edə bilməzsən, həmçinin o həyəcanı da ala bilməyəcəksən. Tam demokratik olmaq da alınmır, çünki orkestr ordu kimidir. Sən gərək atalıq edəsən. Orkestr ailədir. Maestro Niyazi orkestrə atalıq edirdi. Çünki Niyazi musiqiçiləri, onlar da onu sevirdi.  

“Heç bir səhnə Filarmoniyanın səhnəsi qədər doğma ola bilməz”

-    İşlədiyiniz, çıxış etdiyiniz səhnələrin sayı çoxdur. Özünüzü harada daha rahat hiss edirsiniz? Yoxsa öz işinin ustası üçün səhnənin fərqi yoxdur?

-    Ən doğma səhnə Filarmoniyanın səhnəsidir. Çünki ora mənim ilk səhnəmdir. 1989-cu ildə Vətənə qayıdanda fəaliyyətimə o səhnədə başlamışam. Dörd ay keçəndən sonra 20 Yanvar hadisələri baş verdi. Taleyimiz dəyişdi. 1991-ci ildə mən Simfonik Orkestri Moskvaya aparanda 20 Yanvar şəhidlərinin 1-ci ildönümü idi. “Qarabağ şikəstəsi” oratoriyasını Moskvada ifa etdik. Onda orkestrin rəhbəri idim və 1998-ci ilə qədər bu vəzifədə çalışdım. 35 il ərzində çox səhnələrdə çıxışlar etdim. Heç bir səhnə Filarmoniyanın səhnəsi qədər doğma ola bilməz.

-    İşiniz kifayət qədər çoxdur: konsertlər, qastrollar... Pedaqoji işə necə vaxt tapırsınız?

-    Bakıda olanda mütləq auditoriyadayam. Mütləq  tələbələrim ətrafımdadır. Çünki mənə öyrədiblər, mən də öyrətməliyəm. Oğlum konservatoriyaya - dirijorluq şöbəsinə daxil oldu. Nə qədər mane olmağa çalışdım, alınmadı. Bir tərəfdən istəyirəm - 4-cü nəsil olacaq. Digər tərəfdən, istəmirəm, kədərlənirəm. Bizim həyatımız asan deyil...

-    Sizin vaxtınızda olduğu kimi tələbələrdə entuziazm varmı?

-    Entuziazm var, amma bizim opera simfonik dirijorluq fakültəmiz yoxdur. 

-    Niyə, yaratmaq çətindir?

-    Heç çətin deyil... Ona görə uşaqlar gedib orada-burada oxuyurlar. Gənc dirijorlarımızın hərəsi bir yerdə təhsil alıb. Xor dirijorluğu fakültəsi var, opera simfonik dirijorluq fakültəsi yoxdur. Özbəkistanda var, Qazaxıstanda var, Gürcüstanda var, Azərbaycanda yoxdur. Niyə yoxdur? Cavabını məndən soruşmayın.

Bu, bilirsiniz hansı suala bənzəyir? Niyə Arif Məlikovun baleti 50 il Vətəndə səhnəyə qoyulmayıb? 

Hər şey keyfiyyətə bağlıdır

- Bizim publikanı necə dəyələndirirsiniz? Məsələn, deyirlər simfonik musiqini başa düşmək çətindir, insanlar şouya meyl edir və s.

- Klassik musiqi elitardır. Bu, heç vaxt kütlə mədəniyyəti ola bilməz. Bəzən deyirlər ki, Moskvada konsert zamanı salonlar dolur. Nəzərə almaq lazımdır ki, Moskvanın əhalisi 20 milyondur. Amma “Məhəbbət əfsanəsi”ndə zalı gördünüz. Keyfiyyətli tamaşa olsun, səviyyəsi yüksək, dekorları, musiqisi, səsləri gözəl olsun - görün zal dolur, ya yox. Necə olur “Leyli və Məcnun” 100 ildən çoxdur səhnədədir?

- Siz tamaşaçıdan çox sənətçiləri qınayırsınız. O mənada ki,  tamaşaçıya yaxşı sənət nümunəsi təqdim etmək lazımdır...

-    Mütləq... Hər şey keyfiyyətə bağlıdır. Mən keyfiyyət qurbanıyam. Keyfiyyət olmayan yerə ömrümdə addım atmaram. Uzun illərdir ki, istədiyimiz dekorları, kostyumları əldə edə bilmirdik, amma musiqi naminə çalışırdıq. Tamaşaçıya keyfiyyətli sənət nümunəsi versən, o, həmişə zalda olacaq. Çox maraqlıdır, bizim bircə dənə klassik musiqi radio kanalımız yoxdur. Bütün dünyada, məsələn, Baltikyanı ölkələrdə 24 saat çalışan 2-3 klassik musiqi kanalı var. Kanallara tamaşa edin, hər cür insanları efirə çıxarırlar. Bizim mədəniyyət axı bu deyil. Hərə öz işini doğru görsə, öz xalqına, Vətəninə layiqincə xidmət etsə, yaxşı nəticələr də olar. Biz bir iz qoymalıyıq. Bizdən əvvəlki kişilər iz qoyub gedib, biz də qoymalıyıq... 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər