• şənbə, 20 Aprel, 13:10
  • Baku Bakı 23°C

“Sizi dünyalar qədər sevirdim...” - ANIM

25.02.23 01:30 1352
“Sizi dünyalar qədər sevirdim...” - ANIM

Bu həftə Azərbaycan sevimli aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vidalaşdı. Bizləri qəfil tərk edən sənətkar yaddaşlarda böyük sənətkar və gözəl insan kimi qalacaq. Sənət dostları onu məhz həmişə səslərinə səs verən, çətin günlərində yanlarında olan yaxşı insan kimi xatırlayırlar.  

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası və sağlığında dostlarının “uşaqlığı cibində olan adam” dedikləri Ramiz Novruz Novruzun ilk çərşənbəsində dünyasını dəyişdi. Ramiz Novruz deyəndə canlandırdığı bütün rollara rəğmən, ağla ilk gələn “Sizi dünyalar qədər sevirdim” filmindəki general Həzi Aslanov obrazı olur. O, sonralar neçə-neçə qiymətli obrazlar yaratsa da, çoxlarının yaddaşında məhz həmin filmdəki general rolu ilə qaldı. Ramiz Novruz yaraşığı, ucalığı, səsiylə gözümüzdə daim general oldu. Bəlkə də gözlərini son dəfə yumanda da aktyorun bənizində “Sizi dünyalar qədər sevirdim” ifadəsi canlanıb. “Qalanı xatirədir”, deyiblər. Ramiz Novruzun da xatirələri oynadığı tamaşalarda, çəkildiyi filmlərdə, seriallarda, sevdiklərinin, dostlarının ürəyində qaldı. 

“Rafael rəhmətə gedəndən sonra Ramiz də xəstələndi”

Xatirələrini bizimlə bölüşən, uzun illər Ramiz Novruzla bir yerdə çalışan Xalq artisti Rafiq Əzimov da aktyorun ölümündən çox kədərləndiyini bildirdi: “Ramizlə teatrımızın bir çox tamaşalarında bir yerdə oynamışıq. Sonuncu tamaşamız Qoqolun “Müfəttiş” əsəri idi. Orda Rafael Dadaşovla Ramiz Novruz bələdiyyə rəisi obrazında dublyor idilər. Rafael rəhmətə gedəndən sonra Ramiz də xəstələndi. Açığı, belə ağır xəstəliyi olduğunu zənn etmirdim. Elə bilirdim ki, tezliklə yaxşı olacaq, yenidən səhnəyə qayıdacaq. Ramiz çox dəyərli aktyor idi. Xalqımız onu kinodan Həzi Aslanov kimi, tamaşalardan isə başqa rolları ilə yaxşı tanıyırdı. Amma onun çox gözəl dramaturji qələmi də var idi. Əsərləri başqa teatrlarda da, o cümlədən Akademik Dram Teatrının səhnəsində də müvəffəqiyyətlə oynanılırdı. “Hələ sevirəm deməmişəm” əsəri çox gözəldir. Teatrımız üçün hər mənada çox ağır itki oldu. Onun yeri həmişə görünəcək”.

“Ramiz Novruzla tələbəlik illərindən dostluğumuz vardı”

Əməkdar artist Azad Şükürov da hislərini bizimlə bölüşdü: “Ramiz Novruzla tələbəlik illərindən dostluğumuz vardı. Öz dəsti-xətti, xüsusi istedadı, həm də insanlığı ilə seçilən biri idi. Bütün ömrü, həyatı, varlığı ilə teatra xidmət edən bir aktyor idi. O, aktyor sənətinin bütün sahələrində bacarığını nümayiş etdirmişdi. Teatr, kino, radio, televiziya – hər yerdə var idi. Səhnədə eyni tamaşada oynamasaq da, radio teatrında uzun müddət bir yerdə çalışmışıq. Həmişə xatirimdə qalacaq. Kino, teatr, xüsusilə də aktyorluq sənəti üçün böyük bir itkidir. Onun yeri həmişə görünəcək. Allah yerini behişt etsin!” 

“Böyük bir aktyoru, böyük bir dostu itirdik”

Əməkdar artist Anar Heybətov da Ramiz Novruzun ölümündən kədərləndiyini bildirdi: “Biz bilirdik ki, səhhətində problemlər var. Amma onu itirəcəyimizə inanmırdıq. Ümid edirdik ki, sağalacaq, yenidən səhnəyə çıxacaq, rolları ilə hamını sevindərəcək. Amma olmadı. Ölüm xəbərini alan kimi onu ilk dəfə görüb, tanıdığım günü xatırladım. Elə çox sevinmişdim ki... Şəxsən tanımadığım illərdə ona pərəstişim vardı, aktyor kimi çox sevirdim. Sonradan dostluq da etdik. O, gözəl sənətkar olmaqla yanaşı, gözəl insan idi, gözəl ailə başçısı idi, gözəl ata idi, gənclərin yaxın dostu idi. Nəinki mənim, teatrımızın, başqa teatrların da aktyorlarının dostu idi. İstər səhnədə, istər səhnə arxasında hamıya bacardığı köməkliyi edirdi. Onun ölümü hamımıza çox pis təsir etdi. Səhnəmizdən böyük bir aktyoru, həyatımızda isə böyük bir dostu itirdik”.

Rejissor Ramin Hacıyev deyir ki, Ramiz Novruz çox gözəl insan idi, kollektivdə o qədər gözəl, mülayim, mehriban idi ki, hamımız onun başına toplaşırdıq: “Biz bir yerdə “Ailəcanlı” və “Ay yay, yay” seriallarını çəkmişdik. Komediyada ona qədər oynamamışdı deyə, həmişə deyirdi ki, “mənə çox maraqlıdır”. Onu insan kimi də, sənətkar kimi də çox sevirdik. Bir dəfə nə özü, nə yaradıcılığı ilə bağlı bir pis söz eşitmədik. Çox böyük bir sənətkarımızı itirdik. Yeri hər zaman görünəcək”. 

“Qəlbimizdə həmişə gözəl insan kimi yaşayacaq”

Aktrisa Rada Nəsibovaya da Ramiz Novruzun itkisi olduqca pis təsir edib: “İnana bilmirəm. Çox inanırdım, ümid edirdim ki, sağalacaq, ayağa qalxacaq. Belə olacağını gözləmirdim.  Aktyorlar adətən istedadına görə tamaşaçılar tərəfindən sevilir. Amma aktyorlar içində bir insan kimi sevilmək hər adama nəsib olmur. O məşhur ifadə var ha, “uşaqla uşaq idi, böyüklə böyük”.  Bax, Ramiz müəllim də eləydi. Xatirimdə salam verən kimi qollarını açıb qucaqlayan, doğması kimi bağrına basan, saça tumar çəkən bir insan kimi qalacaq. İki çox çətin anım olub ki, heç kəsə ağız açmamışam, amma ona zəng vurmuşam. Bircə kəlməmlə yanımda olub. Amma bunu heç yerdə heç kimin yanında dilinə almadı, demədi. Çox gözəl dost idi. İllər ötəcək, mən bunu heç vaxt unutmayacağam. Hər kəs qonaqdır bu dünyada. Bir gün hamı gedəcək, əlbəttə. Bizdən sonra adımız, etdiyimiz əməllər qalacaq. Necə ki, Ramiz müəllim bizim qəlbimizdə həmişə gözəl insan kimi yaşayacaq. Allah rəhmət eləsin”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər