• cümə, 22 Noyabr, 13:21
  • Baku Bakı 16°C

Sistemli və kompleks prioritetlər 

30.07.22 01:30 1775
Sistemli və kompleks prioritetlər 

“Dünya postpandemiya mərhələsinə daxil olur. Biz isə həm postpandemiya, həm də postmünaqişə mərhələsinə qədəm qoymuşuq. Yəni dünya sadəcə pandemiyadan sonrakı yeni çağırışlarla ayaqlaşmalı olacaqsa, biz isə həm də postmüharibə reallıqlarının yaratdığı yeni çağırışları da qəbul etməliyik. Ona görə də milli inkişaf prioritetlərinin birinci mərhələsinin həyata keçirilməsi 2022-2026-cı illər üzrə müəyyənləşdirilib”. 

Azərbaycan postpandemiya və postkonflikt dövründə strateji inkişaf mərhələsinə qədəm qoyub. 2022-2030-cu illəri əhatə edən dövrdə ölkəmiz öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub və bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb.

İnvestorların fəallığı artacaq

Bu Strategiya Prezident İlham Əliyevin 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsi Nazirlər Kabinetinə, monitorinq və qiymətləndirmə işinin görülməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna kimi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə səbəb olacaq. Sənədə görə, sözügedən müddətdə iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlılığı daha da güclənəcək. Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına artacaq. Özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı, qeyri-xammal ixracı genişlənəcək.

Milli İnkişaf Prioritetlərimiz

Yeni strategiyanın ictimai-siyasi, sosial-iqtisadi əhəmiyyətini, əsas hədəflərini “Kaspi” qəzetinə şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, hazırda Azərbaycanda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanır. Deputatın sözlərinə görə, Milli İnkişaf Prioritetlərimiz müəyyənləşdirilərkən, hər şeydən öncə bu günə qədər görülən işlərin yeni inkişafı üçün əsaslar yaratması nəzərə alınıb: “2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək 2021-2030-cu illərdə onların reallaşdırılması üçün müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. Doqquz ay müddətində Nazirlər Kabineti 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirilməsi prinsiplərini müəyyən etməli idi. Hazırda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli İnkişaf Prioritetlərimiz müəyyən edilərkən bu günə qədər görülən işlərin yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıbdır. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb”.

Postmüharibə reallıqlarının yaratdığı yeni çağırışlar

Millət vəkili söyləyib ki, prioritetlər özlüyündə olduqca strateji xarakter daşıyır və sadəcə sosial-iqtisadi sahəni əhatə etmir. Onun fikrincə, bu prioritetlərə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatla bərabər, eyni zamanda inklüziv və ədalətli cəmiyyət prinsipləri də daxildir: “Prioritetlərə innovativ texnologiyaların tətbiqi məsələləri ilə bərabər, rəqabətqabiliyyətli insan resurslarının yetişdirilməsi, yaxud böyük qayıdışla bağlı müddəalar da daxildir. Yəni 2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir. Bu isə Milli İnkişaf tariximizin faktiki olaraq yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir. Nəzərə almaq lazımdır ki, dünya postpandemiya mərhələsinə daxil olur. Biz isə həm postpandemiya, həm də postmünaqişə mərhələsinə qədəm qoymuşuq. Yəni dünya sadəcə pandemiyadan sonrakı yeni çağırışlarla ayaqlaşmalı olacaqsa, biz həm də tarixi zəfərimizin verdiyi milli qürur və coşqu ilə postmüharibə reallıqlarının yaratdığı yeni çağırışları da qəbul etməliyik. Bu, tarixi hadisədir. Ona görə də milli inkişaf prioritetlərinin birinci mərhələsinin həyata keçirilməsi 2022-2026-cı illər üzrə müəyyənləşdirilib. Eyni zamanda bu vaxta qədər icra olunan digər dövlət proqramları və layihələrinin də yeni sosial-iqtisadi inkişaf strategiyası ilə əlaqələndirilməsi məsələsi aktuallaşıb. Bu isə ikimərhələli şəkildə gələcək inkişafımız üçün yeni strateji perspektivlər yaradıb”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər