Rusiyanın növbəti hədəfi Moldova ola bilər
Rəsmi Kiyev iddia edir ki, Kreml Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etmək üçün Dnestryanı bölgədə təxribata əl ata bilər. Kişinyov Ukraynaya açıq dəstək verə bilmir, amma narahat olduğu da aşkar sezilir və separatçıların iqtisadi cəhətdən tam təcrid olunması siyasətini aparır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda hər kəs Moldovanın anti-Rusiya mövqeyindən çıxış edəcəyini proqnoz etsə də, gözləntilər özünü doğrultmadı. Moldova Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayan ölkələr sırasında yer almağa üstünlük verdi. Avropa İttifaqına üzv olmağa iddialı ölkə fürsətdən yararlanmaq istəməyərək bitərəf qaldı və bu xətti hazırda da davam etdirir. Moldova prezidenti Mayya Sandu hətta rəsmən bəyan edib ki, Kişinyov Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və bundan sonra da tətbiq etməyəcək, çünki ölkə enerji sektorunda Rusiyadan tamamilə asılı vəziyyətdədir. Bundan əlavə, Ukraynadakı hərbi əməliyyatlar artıq respublika iqtisadiyyatına ciddi zərbə vurub. Belə bir ehtimal var ki, Kişinyov bu mövqeyi ilə Dnestryanı problemini öz xeyrinə həll etməyə ümid edir. Onsuz da Kişinyov Rusiyaya qarşı sanksiya tətbiq etsəydi, bunun effektivliyi sıfıra bərabər olardı. Moldovanın özü üçün isə sanksiyalar iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə və müvafiq olaraq, rusiyayönlü qüvvələrin fəallığının artmasına səbəb ola bilərdi. Bu isə nə Kişinyova, nə Kiyevə, nə də Brüsselə lazım deyil. Beləliklə, Moldova hakimiyyəti Ukraynaya açıq dəstək verə bilməsə də, keçirdiyi narahatlıq göz önündədir. Yeni qərbyönümlü hakimiyyət nəyin bahasına olursa-olsun separatçı Dnestryanı bölgədə hakimiyyətin bərqərar olmasına və Rusiya sülhməramlılarının çıxarılmasına çalışır. Lakin buna nail olmaq elə də asan deyil. Səbəb də odur ki, Rusiyanın bu ölkəyə çox ciddi iqtisadi rıçaqları mövcuddur.
Ukraynalılar üçün tranzit ölkə
Moldova hazırda müharibədən qurtulub Avropa İttifaqına pənah aparmaq istəyənlər üçün tranzit ölkəyə çevrilib. Bu ölkədə 100 mindən artıq Ukrayna vətəndaşı qalıb. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya hücumu Moldova vətəndaşlarının əksəriyyəti üçün şok oldu. Birincisi, Moldova ərazisində, konkret olaraq separatçı Dnestryanı bölgədə Rusiya qoşunları yerləşir. Onlar da separatçı rejimi daim dəstəkləyib. Və onların istənilən an təxribatçı əməllərə yol verəcəklərini istisna etmirlər. İkincisi, Odessada yaşananlar çoxlarını müharibənin Moldovaya keçəcəyi üzərində düşünməyə məcbur edir. Moskva Donbas və Dnestryanı bölgəni 2014-cü ildən müzakirəsi aparılan “Novorossiya” layihəsi əsasında birləşdirmək planını da gündəmə gətirə bilər. Moldovanın ehtiyatlılığı o həddədir ki, hətta Rusiyanın AŞPA-dan çıxarılması ilə bağlı məsələnin müzakirəsi zamanı səsvermədə iştirakdan imtina edib. Halbuki, qəbul edilən mətndə Dnestryanı bölgə Moldova ərazisi kimi göstərilib. Ölkə vətəndaşlarının mövqeyinə gəldikdə, bu, anti-Rusiya ovqatdadır. Rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 61 faizi Rusiyanın Ukraynaya müdaxiləsini pisləyir. Vladimir Zelenski isə ölkədə ən populyar xarici siyasətçidir. Halbuki, əvvəllər Vladimir Putin bu siyahıda liderlik edirdi.
Rusiya Dnestryanı bölgədə təxribat törədə bilərmi?
Belə bir durumda Ukraynanın Rusiya ordusunun Dnestryanı bölgədə təxribat xarakterli hərəkətləri barədə bəyanatı aləmi bir-birinə vurub. “Rusiya silahlı qüvvələrinin Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etmək məqsədilə Moldovanın Dnestryanı regionunda təxribat xarakterli hərəkətlərə əl atacağı istisna edilmir”, - məlumatda deyilir. Moldovanın hərbi əməliyyatlara cəlb olunma təhlükəsi ilə bağlı daha bir məqam var. Bunlar Dnestryanıdan Ukraynaya hücumun hazırlandığı və Tiraspoldakı aerodromun Rusiya hərbi təyyarələrini qəbul etməyə hazırlaşdığı və s. haqqında vaxtaşırı ortaya atılan söhbətlərdir. Lakin xatırlamaq lazımdır ki, Dnestryanı həll olunmamış münaqişə bölgəsidir. Dnestrdə isə üçtərəfli sülhməramlı qüvvələrin - Rusiya, Moldova və Dnestryanı dövlətlərin (bu qurum dövlət deyil) nəzarətində olan Təhlükəsizlik Zonası var. Bu səbəbdən də müdaxilə mümkünsüz görünür.
Kişinyovun hədəfi
Bununla belə, Mayya Sandu hökuməti Ukraynada yaşanan proseslər fonunda sakit dayanmaq niyyətində deyil. Ukraynanın aqibətindən dərs çıxararaq NATO-ya üzvlükdən dəm vurmasa da, Qərblə sıx əməkdaşlıq münasibətləri qurur. Bununla belə separatçı Dnestryanı bölgəyə qarşı ən sərt qaydalar tətbiq etməkdədir. Bölgənin tam şəkildə təcrid olunması siyasətini aparır. Nəticə də göz önündədir. Separatçı respublikanın rəhbərliyi yaranmış durumda iri müəssisələrini satışa çıxarmağa başlayıb. Bunu da büdcəni doldurmaq adı altında həyata keçirdiyini bəyan edib. Satışa çıxarılanlar sırasında bölgənin ən iri müəssisəsi - Moldova Metallurgiya Zavodu da var. Bu müəssisə qondarma qurumun sənayesinin flaqmanı hesab edilir. Moldova hakimiyyəti Dnestryanı bölgəyə xammal göndərilməsinə qadağa qoyduğundan müəssisə dayanıb. Müvafiq material ala bilməməsi səbəbindən Moldova Su Elektrik Stansiyası da bağlanmaq ərəfəsindədir. Nəticədə Moldovanın özü də işıqsız qala bilər. Qondarma qurumun rəhbəri Aleksandr Martınov bildirib ki, "prezident", "hökumət" və "xarici işlər nazirliyi" Dnestryanı bölgənin iqtisadiyyatını blokadadan çıxarmaq üçün mümkün olan hər şeyi edir. Özəlləşdirmə elan edilib və satışa yeddi iri müəssisə çıxarılıb ki, separatçılar onlara görə 68,8 milyon dollar almağı planlayır. Bütün bunlar da onu deməyə əsas verir ki, Moldova bölgəni ancaq iqtisadi blokadaya almaqla ələ almağa çalışır. Buna nail olub-olmayacağı isə Ukraynadakı proseslərin necə başa çatacağından asılıdır.
Azər NURİYEV