• çərşənbə axşamı, 26 noyabr, 12:53
  • Baku Bakı 11°C

Regionu köhnə tabloya qaytarmaq istəyirlər - ŞƏRH

15.04.23 00:30 2239
Regionu köhnə tabloya qaytarmaq istəyirlər - ŞƏRH

10 Noyabr Üçtərəfli Bəyanatının bəndlərini ermənilərin xeyrinə təfsir etmək cəhdləri səngimir. Bu məsələdə xüsusi fəallıq İran və Fransa, həmçinin Qarabağda “sülhməramlı” adı altında hərbçilərini yerləşdirmiş Rusiyaya məxsusdur. Azərbaycan isə bütün bunlara baxmayaraq öz yolu ilə inamla irəliləyir.   

SSRİ-nin mirası olan Qarabağ münaqişəsini bir sənəd sonlandırdı – söhbət 10 Noyabr Üçtərəfli Bəyanatından gedir. Qarabağ cəbhəsində müharibədə atılan silahları susduran bu sənəd sonrakı mərhələlərdə mübahisəli məsələlərin tənzimləyicisi funksiyası kimi baza rolunu oynayır. Ancaq yenə də silahlar işə düşür və Qarabağı köhnə tablosuna qaytarmaq cəhdləri müşahidə edilir, Azərbaycan isə hesablamalarla riskləri götür-qoy edərək strateji aktivlərinin üzərinə yenilərini qoyur. Son məqsəd Qarabağ coğrafiyasının yenidən qanlı hadisələrə şahidlik etməməsidir.

Hər şey sadə deyil

Bunun paralelində Ermənistanla dövlət sərhədinin Şərqi Zəngəzurdan tutmuş, Qazax, Tovuz, Gədəbəy, Naxçıvan istiqamətlərinə qədər olan böyük zolaqda davamlı təhlükəsizliyin təmin edilməsi ali məqsəd kimi qarşıda dayanır.

Lakin hər şey fərz edildiyi və göründüyü qədər sadə deyil. Çünki 10 Noyabr Bəyanatının müddəalarını manipulyasiya etməyə çalışan qüvvələr var. Bu qüvvələrin bir ucunda Rusiya, digərində Qərb, digər bucağında isə İran dayanır. Hərçənd ki, Bakı bir çox məsələdə Rusiya və Qərblə (Fransa istisna olmaqla) saat əqrəblərini tutuşdurur, lakin erməni kartının əldən çıxmaması üçün əks-hücumlarla da qarşılaşır.

İrandan isə danışmağa dəyməz. Çünki Tehran ümumiyyətlə Qarabağ məsələsinə və sərhədlərin təhlükəsizliyi məsələsinə real siyasət prinsiplərindən deyil, fantaziyalarla yanaşır.

Ortaya çıxan regional mənzərə 10 Noyabr Bəyanatının detallarının bir-birinə ideal şəkildə uyğunlaşdırılmasında çətinliklər yaradır. Əsasən, 4-cü və 9-cu maddələr üzrə manipulyasiyaların şahə qalxmasını vəziyyətə qatı açılması mümkün olmayan düyünlər vurmaq ehtirası müşayiət edir.

Azərbaycan ambisiyaların yaratdığı qızışan emosiyaları neytral mövqeyə qaytarmaq üçün bəyanatın müddəalarını təkbaşına icra etmək çağırışı ilə üz-üzə qalır.

Prezident İlham Əliyevin qətiyyəti

Azərbaycan məqsədlərində və legitimliyində inamlı, qətiyyətlidir, bu məsələdə ictimai rəydən gələn sifarişlər də dövlətə dəstək olur. Azərbaycan ictimaiyyəti dövlətdən 10 Noyabr Bəyanatının icrasını, belə demək mümkündürsə, soruşur və bunun cavabını Prezident İlham Əliyev, Ordu verir. İlham Əliyevin 4-cü maddə üzrə xəbərdarlıqları, bir az açsaq, qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması üçün bəyanatları bir neçə istiqamətə ötürülən mesajdır. Yəni hansısa qüvvə 4-cü maddədə təsbit edilən funksiyanı təhrif etməyə çalışmasın, yoxsa Azərbaycan güc tətbiq etməklə məsələyə son qoyacaq.

İlham Əliyevin bəyanatlarında 9-cu maddə ilə bağlı istiqamətlər, yəni Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən çərçivələrin çəkilməsi də özünəməxsus yer tutur. Hansısa dairə bu xəbərdarlıqlara texniki məsələ kimi baxanda isə ordu dövriyyəyə girir və maddələrin icrasını yerinə yetirir.

Yeni ərazilər nəzarətə götürüldü

Bu səbəbdəndir ki, Azərbaycan Ordusu martın 25-dən bu yana Qarabağ İqtisadi Rayonunda və Şərqi Zəngəzur bölgəsində geniş sahəni əhatə edən yüksəklikləri, Ermənistanın Rusiya sülhməramlılarının köməyi ilə silah-sursat daşıdığı dağ-dərə yollarını da nəzarətə götürdü. Beləliklə, 10 noyabrda imzalanan sənədin mötəbərliyini şübhə altına alan Ermənistanın özü burulğanın mərkəzinə doğru itələnərək Azərbaycanın hərb maşının təkərləri altında inildəyir. 

Azərbaycana qarşı Fransa-İran məxfi əməkdaşlığı

Azərbaycan-Rusiya, Bakı-Qərb təmasları isə diplomatik-siyasi hesablamaları tutuşdura bilir – hər nə qədər mübahisəli mövzular olsa da! Burada yeganə qara nöqtə Fransa və onun məxfi şəkildə əməkdaşlıqda olduğu İrandır. İran və Fransa Azərbaycanın regional siyasətini, qlobal platformalarla münasibətlərinin hekayəsini müəyyən etməsinə əngəllər yaratmaq istəyir. Buna görə də Azərbaycan regional gərginlik üçün ocaq qalayan tərəfləri geri oturtmaq üçün qılıncını gücləndirmək məcburiyyətindədir. Yaxşı olar ki, həm Qərb, həm Rusiya, həm İran Azərbaycanın qırmızı xətləri ilə bağlı mövqeyini qulaqlarını dörd açaraq dinləsin və regionda dağıdıcı əməllərə rəvac verənlərin kim olduğunu təsbit etsin.

Ermənistandan yayılan təhdid və buna qucaq açan Fransanın, İranın ardıcıl hədə-qorxuları bir nəticə verməyib, necə deyərlər, çax-çax baş ağrıdır, dəyirman öz işindədir.

Lakin Azərbaycan xarici siyasət cəbhəsində ağır artilleriyasını işə saldıqca və bunu 10 Noyabr Bəyanatının icrası üçün yeni dəstəkləyici mexanizm axtarışlarına köklədikcə, təxribatlarla da üzləşəcək.

Yeni öhdəlik yaratmaq istəyirlər

Bəyanatın 3-cü ilində bir sıra nəticələr Azərbaycanın addımları ilə əldə olunub, bunun davam etməsi isə kimlər üçünsə qəbuledilməzdir. Buna görə də Azərbaycan regionda yeni öhdəliklər və vəzifələr yaratmaq istəyən dairələrə imkan verməməli və gurultulu bəyanatlara adekvat cavablar hazırlamalıdır. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər