• çərşənbə axşamı, 10 dekabr, 15:34
  • Baku Bakı 7°C

Ramizin hər yerdə izi qalır - ANIM

20.07.24 02:27 10191
Ramizin hər yerdə izi qalır - ANIM

Tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin adı gələndə insanlar istər-istəməz pozitivə köklənirlər. 20 iyul - doğum günü ərəfəsində sənət yoldaşları tanınmış həmkarlarını böyük hörmət və sevgi ilə anırlar.

“Ramiz Əzizbəyli şair ruhlu adam idi. O, həm şeir- qəzəl yazırdı, həm gözəl mahnı ifa edirdi, həm də istedadlı aktyor və rejissor idi. Teatr və kino aləmində çox keyfiyyətə malik olmaq hər sənət adamına nəsib olmur. O, enerji ilə dolu bir insan idi”. Xalq artisti Ramiz Əzizbəyli haqqında deyilən bu fikirlər tanınmış aktyor və rejissorun təkcə insan kimi xarakterini deyil, həmçinin sənətinə xas xüsusiyyətləri də açır...

Tamaşaçı rəğbəti

Ölümündən bir neçə il əvvəl R.Əzizbəyli redaksiyamızda qonaq olarkən keçən illəri vərəqlədi, xatirələrini danışdı. “Aktyor və rejissor kimi taleyimdən razıyam” dedi. “Bəxt üzüyü" filminin təqdimatını görərdiniz. Filmin ilk nümayişi Heydər Əliyev Sarayında oldu. Camaat içəri daxil olmaq üçün sarayın şüşələrini sındırmışdı. O gün heç yadımdan çıxmır...”, - deyə filmin premyerasını xatırlayıb kövrəldi...
Ramiz Əzizbəylinin 1992-ci ildə çəkdiyi “Bəxt üzüyü” bədii filmi müasir kino tariximizə ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Ekran əsəri Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində filmin rejissoru kimi Ramiz Əzizbəyliyə ”Tamaşaçı rəğbəti” mükafatı təqdim olunub. 20 iyul - doğum günü ərəfəsində sənət yoldaşları Ramiz Əzizbəylini böyük hörmət və sevgi ilə anırlar. 

“Məni “Moşu” kimi tanıtdı”

Xalq artisti Valeh Kərimov məşhurlaşmasına və sevilməsinə görə məhz Ramiz Əzizbəyliyə minnətdarlıq edir: “Mən teatr aktyoruyam. Teatrda bu roldan da güclü rollarım olub. Amma o rollar ekranda görünmədiyindən yadda qalmayıb. Amma bu film məni kinoaktyor kimi tanıtdı. Film tez-tez televiziyada nümayiş olunur, camaatın da yadında qalır”. V.Kərimov deyir ki, filmdə bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz səhnələri Bilgəhdə çəkilib: “Sponsorun şərtinə görə film iki ay ərzində çəkildi. İyul-avqust ayları idi. O müddətdə yerli sakinlərlə dostlaşmışdıq. Bu film həyatımda böyük rol oynadı. Hamı məni “Moşu” kimi tanıdı və sevdi. İndi də məni bu rolla tanıyırlar. Sonra Ramiz məni iki dəfə “Mozalan”da çəkdi. O, yeni aktyorlarla işləməyi xoşlayırdı. Onunla işlədiyim illərdə aramızda heç vaxt artıq söz-söhbət olmadı. Fikirlərimizə hörmət edir, bir-birimizi yaxşı başa düşürdük”. V.Kərimov deyir ki, Ramiz Əzizbəylinin səmimiliyi onu çoxlarına dost etmişdi: “Ramiz çox adamın dostu idi. O, hərtərəfli insan idi. Şair, rəssam, qəzəlxan, rejissor, aktyor kimi qabiliyyətləri vardı”.  

Onun qarşısındakı şlaqbaum 

“Ramiz Əzizbəylini yaxından tanımamışdan əvvəl onun AzTV-də Buratino rolunu görmüşəm”, - deyə “Bəxt üzüyü” filmində Sara rolunun ifaçısı, Əməkdar artist Gülşad Baxşıyeva xatırlayır: “İllər keçdikcə dublyajda səsləndirmələrini eşitmişəm. Sonra tale elə gətirdi ki, özüm də incəsənət aləmində oldum və Ramiz müəllimlə yaxından tanışlıq yarandı. O, həyat yoldaşımla yaxın dost idi. Dram dərnəyi yaratmışdılar, biri aktyor, biri rejissor kimi birgə işləyirdilər. Sonra məni özünün çəkdiyi “Bəxt üzüyü” və “Yalan” filmlərinə dəvət etdi. Həyatımda problemlər olanda da onun kişi kimi mövqeyini gördüm”. G.Baxşıyeva deyir ki, Ramiz Əzizbəyli şair ruhlu adam olub: “O, həm şeir-qəzəl yazır, həm gözəl mahnı ifa edirdi, dublyajın ustası idi. Ramiz istedadlı aktyor və rejissor idi. Musiqili Komediya Teatrında onun “Məşədi İbadı”nı da gördüm. Sənət aləmində çox keyfiyyətlərə malik olmaq hər adama məxsus olmur. O, enerji ilə dolu insan idi. Ramiz hələ çox işlər görə bilərdi. Amma bir çox aktyorlarımız kimi onun da qarşısında şlaqbaum vardı...” 

“Sən bilirsən, nə oynamısan?”

“Nə qədər kino, teatr var, nə qədər aktyor seçimləri keçiriləcək, yeni filmlər çəkiləcək - Ramiz Əzizbəyli həmişə yaddaşımda olacaq”, - deyə Əməkdar artist Ayşad Məmmədov xatırlayır: “Ramizlə ilk işim “Bəxt üzüyü” filmində oldu. Filmdə çəkilməyi çoxları istəyirdi, amma o, sonunda məni seçdi. İkinci işimiz “Yalan” filmində oldu. Gənclər Teatrında “Səni sevirəm, Türkiyə” tamaşasında da tərəf-müqabil idik”. A.Məmmədov “Bəxt üzüyü”ndən bir epizodu xatırlayır: “Ramiz mənim kinoda ilk rejissorum olub. “Bəxt üzüyü”ndə monoloqlar var. Sonuncu monoloqu mənimlə uzun müddət hazırladı. Çəkiliş günü məni darvazanın arxasına çağırdı və xeyli məsləhət verdi. Məzmunlu bir kadr alındı. Onun verdiyi məsləhətlər mənə həmişə gərəkli olacaq. Ramiz xəstə yatanda tez-tez ona baş çəkirdim. Filmdəki çəkilişləri xatırlayırdıq. Bir gün “sən bilirsən, “Bəxt üzüyü”ndə nə oynamısan? Sən Məcnunu oynamısan?”, - dedi. Mənim tanınmağımda o film həqiqətən böyük rol oynadı”.

Ramizin hər yerdə izi qalır...

Xalq artisti Ənvər Həsənov Ramiz Əzizbəyli ilə kinostudiyada birlikdə çalışdığını deyir: “Ramizlə 3-4 filmdə çəkilmişik. Ezamiyyətlərə bir getmişik, dostluq etmişik. “Dərviş Parisi partladır” filmində o, nökər rolunda oynayırdı. Diplom işində də yanında olmuşam. Şamaxıda Dəmirçi kəndində çəkirdik. İndi artıq kinostudiya da işləmir. Amma Ramizin hər yerdə izi qalır. Bu cür sənətkarların yanımızda olmaması bizim üçün çox ağırdır...” 

Əməkdar artist Suğra Bağırzadə “Ramizlə uşaqlıqdan dost olmuşam”, - deyə xatırlayır: “Çox yaxşı münasibətimiz vardı. Kinostudiyada birgə çalışır, bir-birimizin işlərindən xəbərdar olurduq. Məktəbli olanda dublyajda, televiziya verilişlərində, radio tamaşalarında birgə işləmişik. Həmçinin “Alma almaya bənzər” filmində birgə çəkilmişik. Düzdür, onları Qubaya çəkilişlərə aparırdılar. Mən isə işlərimlə əlaqədar gedə bilmir, kinostudiyanın pavilyonunda çəkilirdim. Ona görə də çəkiliş meydançasında qarşılaşmırdıq. Mən kinostudiyada bir mühəndis kimi işləməyə başlayanda, Ramiz də rejissor və aktyor kimi çalışırdı. Çox diqqətli insan idi. Ondan həmişə özümə qarşı qayğıkeşlik və mehribanlıq görmüşdüm”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər