• çərşənbə axşamı, 20 may, 09:28
  • Baku Bakı 16°C

Qlobal istiləşmə Azərbaycana necə təsir göstərəcək?

14.12.22 17:15 819
Qlobal istiləşmə Azərbaycana necə təsir göstərəcək?

Dünyada baş verən proseslər – iqlim dəyişikliyi, səhralaşma, buzlaqların əriməsi, aclıq, müharibələr və s. bu kimi problemlər bəşəriyyəti çox ciddi narahat edir. Hətta insanlar bir çox hallarda bu məsələlərin qarşısında acizdir. Bunların bəzisinin qarşısını almaq çətin olsa da, bir qismi məhz insanın qeyri-qənaətbəxş fəaliyyəti ilə əlaqəlidir.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev AZƏRTAC-a bildirib ki, planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Qlobal istiləşmə müxtəlif nəticələrə gətirib çıxara bilər. Bəzi regionlarda yağıntıların çoxalması və ya quraqlıq, buzlaqların əriməsi, subasmalar və dəniz səviyyəsinin qalxması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması və infeksion xəstəliklərin sayının artması və s. kimi qlobal kataklizmlərin artması artıq müşahidə edilməkdədir. Bu mövzuda dünya alimlərinin fikirləri ziddiyyət təşkil edir. Bəzi alimlərin fikrincə, iqlimin qlobal istiləşməsi Yerin təkamülündəki digər təbii istiləşmələrdən biri olub sonrakı soyuqlaşma mərhələsi ilə növbələşəcək. Mütəxəssislər bildirirlər ki, temperaturun 10-15 dərəcə artması həyatın məhv olması ilə nəticələnə bilər.

Nə gözlənilir?

Alim vurğulayıb ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Şübhəsiz, qlobal istiləşmə Azərbaycana da təsirsiz ötüşməyəcək. BMT–nin iqlim dəyişmələri üzrə milli məlumatlarına görə, 1991-2000–ci illər ərzində havanın temperaturu Azərbaycanda 0,410 dərəcə, Naxçıvanda isə 0,470 dərəcəyədək artıb. Azərbaycan ərazisində yağıntı 9,9 faiz, Naxçıvan ərazisində isə 17,1 faiz normadan az olub. Ekoloji aləmdə baş verən bu dəyişikliklər bizi hər an ayıq olmağa çağırır.

2021-2050–ci illərin iqlim ssenarilərində qeyd olunur ki, XXI əsrin birinci yarısında Azərbaycan üzrə havanın temperatur artımı orta hesabla 10 ildə 0,30 dərəcə, Naxçıvanda isə 0.5 - 0,70 dərəcə olacaqdır.

Bu amillərin təsiri ilə nələr baş verə bilər?

Havada rütubət defisiti, bununla əlaqədar buxarlanmanın miqdarı artacaq. Sonda kəskin surətdə su çatışmazlığı əmələ gələcək, ekoloji gərginlik müxtəlif fəsadlarla gündəmə çıxacaq, əhalinin məcburi miqrasiyası baş verəcəkdir.

Torpaqşünas alimin sözlərinə görə, Azərbaycanda kəhrizlərin sayı 1500-dən çохdur. Lakin dövlət qeydiyyatında rəsmi оlaraq 885 kəhrizin оlduğu barədə məlumatlar vardır. Azərbaycan kəhrizlərinin cəmi su sərfi saniyədə 13-15 kubmetrdir. Bu isə il ərzində 450-500 milyоn kubmetr su deməkdir. Kəhriz suyundan istifadəyə görə Azərbaycan İran, Pakistan, Əfqanıstan və Оman kimi dövlətlərdən sоnrakı yeri tutur.

Bu gün Azərbaycanda kəhrizlər vasitəsilə istifadə olunan suyun miqdarı XX əsrin 50-ci illərində istifadə olunan suyun 25-30 faizini təşkil edir. Yəni hər il orta hesabla 350-400 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyundan istifadə olunur.

“Azərbaycanın ən çox suya ehtiyacı olan bölgələrindən biri də Naxçıvandır. Bu bölgə üçün relyefin cənuba doğru meyilliyi, Günəş radiasiyasının çox olması (145-160 kkal/sm2), buludsuz günlərin çoxluğu (306 gün), fəal temperaturun yüksəkliyi, mümkün buxarlanmanın çox olması (1400 mm və daha çox), yağıntının azlığı (220-250 mm) kimi təsirləri nəzərə alsaq, deməli, iqlimin dəyişməsi Naxçıvanda mənfi nəticələrlə özünü göstərəcək”, - deyə Ə.Quliyev bildirib.

banner

Oxşar Xəbərlər