• şənbə, 20 Aprel, 16:37
  • Baku Bakı 23°C

Professor: Maye itkisi səbəbindən yay aylarında infarkt halları artır

24.05.23 19:30 832
Professor: Maye itkisi səbəbindən yay aylarında infarkt halları artır

Maye itkisi və qan laxtalanma sürətinin artması səbəbindən yay aylarında infarkt halları artır. Nikosiyanın Şərq Universiteti Xəstəxanası Kardioloji şöbəsinin professoru Hamza Duygu sağlam insanların da yayda maye qəbuluna diqqət etməli olduğunu deyib.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, professor yüksək qan təzyiqi və ürək çatışmazlığının yay aylarında əsas risk faktoru olduğunu vurğulayıb. Normadan artıq istilik və rütubət orqanizmdə maye və duz itkisi yaradır. Bu səbəbdən ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslər yayda, xüsusilə, diqqətli olmalıdır. Professor maye istehlakına diqqət yetirməyi tövsiyə edib: “İsti və rütubətli hava ürək-damar xəstəlikləri, hipertoniya və ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün olduqca təhlükəlidir. Bu prosesdə bədənin istiyə qarşı ən təsirli üsulu tərləmədir. Maye və minerallar tərləmə ilə orqanizmdən xaric olur. Bədəndə kalium və maqnezium kimi mineralların azalması, xüsusilə, ürək xəstələrində həyati təhlükə yarada bilər. Hipertoniya və ürək çatışmazlığı olan şəxslər mütəxəssisin tövsiyə etdiyi dərmanları davamlı qəbul etməli, maye istehlakına diqqət yetirməlidir. Əks təqdirdə ürək-damar problemləri, yorğunluq və böyrək funksiyalarının pozulması kimi şikayətlər meydana çıxa bilər. Bu xəstələrdə ayaq biləklərində şişmə, təngnəfəslik yay aylarında daha çox görülür”.

Professor yayda ürək-damar problemlərindən qorunmaq üçün sağlam insanların da müəyyən tədbirlər görməli olduğunu deyib: “Çox tərləməyə səbəb olmayacaq rahat paltarlar geyinməli, bol miqdarda meyvə və tərəvəz istehlak etməliyik. Gündəlik 2-2.5 litr maye qəbulu vacibdir. Günəş şüaları altında uzun müddət vaxt keçirmək olmaz. Ürək ağrısı, nəfəs darlığı və halsızlıq müşahidə olunarsa, dərhal mütəxəssisə müraciət etmək lazımdır”.

Həkim ürək-damar xəstələrinə mümkün qədər sərin yerlərdə vaxt keçirmələrini tövsiyə edib: “Spirtli içki və kofein istehlakı xəstələr üçün olduqca təhlükəlidir. Təzyiq xəstələri qan təzyiqini tez-tez ölçməli və qida istehlakına fikir verməli, ağır pəhrizlərdən uzaq durmalıdır. Yay aylarında sözügedən şəxslərin dərman dozalarını yenidən tənzimləməlidir”.

banner

Oxşar Xəbərlər