Planeti silkələyəcək 10 vacib hadisə
Gələn il dünyanı iqtisadi böhran təhlükəsi, yüksək inflyasiya, müharibə gözləyir. Növbəti ildə Ukraynada müharibənin davam edəcəyi, neftin və qızılın qiymətinin bir az da bahalaşacağı, Avropa İttifaqının özünün ordusunu yaratmaq istiqamətində real addımlar atmağa başlayacağı proqnozlaşdırlır.
2022-ci il ərəfəsində əksər analitik mərkəzlərin proqnozu belə idi ki, dünyanı növbəti ildə sabitlik və əmin-amanlıq, iqtisadi canlanma gözləyir. Pandemiyanın səngiməsi də bunu deməyə əsas verirdi. Lakin gözləntilərin əksi oldu. Koronavirusu ondan da təhlükəli müharibə əvəzlədi. Fevral ayında Rusiya Ukraynaya hərbi təcavüz etdi. Minlərlə insanın ölümü ilə müşayiət olunan hərbi əməliyyatlar özü ilə çoxsaylı problemlər də gətirdi. Hazırda da dünya Üçüncü Dünya Müharibəsinin astanasındadır, desək, yanılmarıq. Qütbləşmə, qarşılıqlı nifrət günümüzün reallığına çevrilib. Tətbiq olunan sanksiyalar paketi tək Rusiyaya deyil, onunla iqtisadi tərəfdaş olan ölkələrə də təsir edib. Nəticədə dünyada iqtisadi və siyasi böhran təhlükəsi artır. Sanksiyalara, canlı qüvvə sarıdan itkilərə baxmayaraq, Rusiya geri çəkilənə oxşamır. Əksinə, getdikcə hücumlarını daha da artırır. Proqnozlara görə, Ukraynadakı müharibə 2023-cü il də davam edəcək. BMT-nin baş katibi Antonio Quterreşin proqnozuna görə, gələn il də Ukraynada hərbi qarşıdurma davam edəcək.
Sürəti azalsa da, yüksək inflyasiya davam edəcək
Qərbin aparıcı analitik mərkəzlərinin hesablamalarına görə, artım sürəti azalsa da, yüksək inflyasiya 2023-cü ildə də davam edəcək. Bu durumun 2024-cü ilin ikinci rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) analitikləri hesab edirlər ki, inflyasiyanın cilovlanması üçün atılan addımlar səbəbindən gələn il dünya iqtisadiyyatının tənəzzülə uğraması ehtimalı var. “Qlobal iqtisadiyyat yüksək inflyasiyaya cavab olaraq yüksək faiz dərəcələrinin tətbiqi nəticəsində gələn il tənəzzüllə üzləşəcək”, - deyə hesabatda bildirilir.
Neftin qiyməti builkindən baha olacaq
Gələn il dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma proqnozlara görə orta qiymət builkindən yuxarı olacaq. Müəyyən müddətdə isə qiymətlər 1 barel üçün 120 dolları da ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.
Dünyaca məşhur Saxo Bank da gələn il üçün ənənəvi proqnozlarını açıqlayıb. Bu siyahıda 10 hadisə qeyd olunub. Məlumat üçün bildirək ki, Saxo Bankın özünün şok adlandırdığı proqnozlar hər il açıqlanır. Bankın analitikləri əhatə dairəsi baxımından əhəmiyyətli olan potensial hadisələr haqqında xəbərdarlıqlar edirlər.
“Üçüncü Daş” layihəsi və Makronun gedişi
Bankın birinci proqnozu budur ki, gələn il yeni enerji layihəsinə start veriləcək və bu istiqamətdə bir trilyon dollar sərmayə qoyulacaq. Yaradılacaq konsorsium “Üçüncü daş” adlanacaq. Hesab edilir ki, tezliklə dünyada elektrik enerjisinə tələbat xeyli artacaq. Söhbət təkcə daha da populyarlaşacaq elektromobillərdən deyil, həm də məlumatların həcminin artmasından, iqtisadiyyatın rəqəmsallaşmasından gedir. Məlumat mərkəzləri iki ildən sonra planetdəki bütün enerjinin təxminən beşdə birini istehlak edəcək.
İkinci proqnoz Fransada siyasi lider dəyişikliyi ilə bağlıdır. Saxo Bank ekspertlərinin fikrincə, Emmanuel Makron gələn il istefasını elan edəcək.
Qızılın qiymətində ciddi artım gözlənilir
Üçüncü proqnoz qızılın bahalaşmasını nəzərdə tutur. Proqnozlara görə, qızılın unsiyasının qiyməti 3000 dollara qədər bahalaşacaq. Bu, uzun müddət dünya üzrə yüksək inflyasiyaya səbəb olacaq.
Dördüncü proqnoz Avropa İttifaqının öz silahlı qüvvələrini yaratmağa başlayacağı ilə bağlıdır. Bunun üçün avropalılara təxminən beş il vaxt lazım olacaq. Aİ-nin bununla bağlı siyasi qərarı isə 2023-cü ildə veriləcək.
İnsanlara bitki mənşəli ət təklif olunacaq
Beşinci proqnoza görə, bir sıra ölkələr yeddi illik keçid dövrünü elan edərək ət istehlakından imtina edəcək. Həmin ölkələr aqressiv iqlim siyasəti uğrunda yarışda öncül kimi görünəcəklər. Ət məhsullarına yüksək vergilər qoyulacaq. İnsanlara alternativ - bitki mənşəli ət təklif olunacaq.
Yeddinci proqnoza görə, Böyük Britaniyada “UnBrexit” ola bilər. Çox güman ki, Brexit ilə bağlı daha bir referendum olacaq. Ola bilsin ki, bu, 1 noyabr 2023-cü ildə baş versin.
Səkkizinci proqnoza əsasən, gələn il Hindistan və Çin Beynəlxalq Valyuta Fondundan çıxacaqlar.
Doqquzuncu proqnoz - Yaponiyanı gözləyən dəyişiklik barədədir. Proqnozlara görə, gələn il yapon valyutası ucuzlaşacaq. 2023-cü ildə 1 dollar 200 iyen olacaq. Gələn il qlobal likvidlik böhranı və digər amillər hər şeyi dəyişəcək. Dövlətlər valyuta intervensiyalarının köməyi ilə vəziyyəti cilovlamağa çalışacaqlar. Lakin Yaponiya valyuta ehtiyatlarının yarısını sərf etdikdən sonra bundan imtina etməli olacaq.
“Vergi cənnətləri” qadağan olunacaq
Sonuncu, onuncu proqnoza görə, gələn il “vergi cənnətləri” qadağan olunacaq. Bu səbəbdən birbaşa və vençur kapital investisiyaları sektoru faktiki olaraq fəaliyyətini dayandıracaq. 2023-cü ildə hökumətlər yeni vergi mənbələri axtaracaqlar. Onlar təkcə ayrı-ayrı müəssisələrin və ya iş adamlarının deyil, həm də sənaye sahələrinin “gizləndiyi” “vergi cənnətləri”nə də diqqət yetirəcəklər.
Azər NURİYEV