• bazar ertəsi, 02 dekabr, 00:46
  • Baku Bakı 8°C

"Piyada öz həyatını sürücüyə etibar etməməlidir" - MÜSAHİBƏ

22.06.24 02:07 4824
"Piyada öz həyatını sürücüyə etibar etməməlidir" - MÜSAHİBƏ

Mübariz Ağayev: “Qanunvericiliyə görə, sürücü yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün bütün mümkün tədbirləri görməlidir və bu, onun vəzifəsidir”.

Piyadaların vurulması ilə bağlı xəbərlərə mütəmadi olaraq rast gəlirik. Cəmiyyətdə belə yanaşmalar var ki, qanun piyada vurulması ilə nəticələnən hadisələrdə əsas məsuliyyəti sürücülərin üzərinə qoyur. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayevlə söhbətləşdik.

“İzləyicilər qəza anını bir rakursdan izləyirlər”

- Bəzən piyada hərəkətdə olan avtomobilin qarşısına çıxır və qəza baş verir. Sonuncu bu tipli bir hadisədə sürücüyə 5 il həbs cəzası verildi. Videonu izləyəndə, çox adam fikir bildirdi ki, sürücünün nə günahı var idi?

- Əksər hallarda yol-nəqliyyat hadisələri ilə bağlı paylaşılan video görüntülər bir rakursdan çəkilmiş olur və izləyicilər də qəza anını məhz həmin rakursdan izləyirlər. Bu səbəbdən insanların müxtəlif subyektiv mülahizələr bildirilməsi anlaşılandır. Lakin, ölümlə, yaxud xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi hüquqi nəticə yaradır və hüquqi faktdır. Bu hüquqi fakta da qanunvericiliyə uyğun yanaşılmalı, mütəxəssis rəylərinə istinad olunmalıdır. Ölümlə, yaxud xəsarətlə nəticələnən hər bir yol-nəqliyyat hadisəsi təhqiqat, istintaq orqanı tərəfindən araşdırılır, sübutlar toplanır, şahid bazası müəyyən olunur, ekspertizalar təyin edilir və s. Bütün bu proseslər prokuror nəzarəti altında aparılmaqla, cinayət və ya inzibati icraatla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilir və əmələ hüquqi qiymət verilir. 

- Qiymətləndirmədə hansı amillər rol oynayır?

- Nəqliyyat vasitəsinin qəza anında olan sürəti, texniki sazlığı, yol və hava şəraiti, sürücünün sərxoş vəziyyətdə olub-olmaması, psixoloji və fiziki durumu, diqqəti yayındıracaq hərəkətlərlə məşğul olub-olmaması, eləcə də piyadanın nəqliyyat vasitəsinin önünə hansı şəraitdə çıxması, yolu müəyyən edilmiş yerdən keçib-keçməməsi, sərxoşluq vəziyyəti və sair bir sıra məsələlər burada önəmlidir.

- Ekspertizanın rəyi çox vaxt “sürücü qəzanın qarşısını ala bilərdi” kimi olur.

- Qanunvericiliyə görə, sürücü yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün bütün mümkün tədbirləri görməlidir və bu, onun vəzifəsidir. Əgər toplanmış sübutların məcmusu, təyin olunmuş müvafiq ekspertizaların nəticələri sürücünün qəzadan yayınmaq imkanının olduğunu təsdiq edirsə, lakin sürücü bunu etməyibsə və ya bacarmayıbsa, deməli, buna hansısa amillər səbəb olub. Həmin faktlara baxılır.

Qəzaların əsas səbəbləri

- Bəzən, sürücülərin qəzanın qarşısını ala bilməməsinin əsas səbəbləri hansılardır?

- Yol-nəqliyyat hadisələrinin başlıca səbəbi sürücülərin yolda sürət rejiminə əməl etməmələri, yaxud sürət həddini hava və ya yol şəraitinə uyğun seçməmələri, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulmasıdır. Məsələn, ötən il sürücülərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin 41.5 faizi nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi ilə bağlı olub. 

Mümkündür ki, yola sahibsiz heyvan, uşaq, sərxoş və ya anlaqsız şəxs çıxsın. Və bu o demək deyil ki, sürücü yolda müəyyən olunmuş sürət həddini aşmadan yola çıxan şəxsi vurursa, məsuliyyət daşımır. Bəzən sürət həddi gözlənilir, amma sürücü diqqətsizliyi maneəni vaxtında görməyə və qarşısını almağa mane olur. Məsələn sürücü sərnişinlə danışır, yaxud telefon və ya audiovizual cihazlara aludə olur. 
Deyək ki, sürücü sürət həddini mövcud vəziyyətə uyğun seçib, gümrah vəziyyətdədir və sair. Demək növbəti amil avtomobilin texniki vəziyyətidir. 

Təbii ki, ədalət mühakiməsi zamanı sürücünün də hüquqları qorunur. “Piyada vurulursa, günahkar həmişə sürücüdür” deyimi hüquqi əsası olmayan subyektiv yanaşmadır. 

Sürücünün üzərinə daha çox məsuliyyət düşür

- Sürücülər deyirlər ki, Azərbaycanda piyada vurulması zamanı daha çox məsuliyyət sürücünün üzərindədir, amma piyada da yol hərəkəti iştirakçısıdır, onun da məsuliyyəti sürücü qədər olmalıdır.

- Qanunvericiliyə əsasən, şəxsin mexaniki nəqliyyat vasitəsini idarə edə bilməsi üçün sürücülük hüququ olmalıdır. Bu mənada sürücünün üzərinə piyadalardan və digər hərəkət iştirakçılarından daha çox məsuliyyət düşür. Mülki Məcəllədə nəqliyyat vasitəsini idarə etməyin təhlükəli fəaliyyət növü olması qeyd edilir. “Yol hərəkəti haqqında” qanunda piyadaların da hüquq və vəzifələri təsbit olunub. Odur ki, piyadalar da üzərilərinə düşən vəzifələri yerinə yetirməli və məsuliyyət daşıdıqlarını bilməlidirlər.

- Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin bir qismi elə piyada zolaqlarının üzərində baş verir...

- Piyada öz həyatını sürücüyə etibar etməməlidir. Qanunda göstərilir ki, piyada sürücünün ona yol verəcəyinə tam əmin olduqdan sonra yolu ləngimədən keçməlidir. 

Qeydə alınan rəqəmlər bir daha onu deməyə əsas verir ki, sürücülərlə yanaşı, piyadalar arasında da yol hərəkəti qaydalarına biganəlik hissi aradan qaldırılmalıdır. 

- Sürücülərin piyada ölümlərində məsuliyyəti məsələsində yumşaldılmalara gedilməsi ilə bağlı tez-tez təkliflər səsləndirilir.

- Mövcud qanunvericiliyi sürücülərə münasibətdə sərt hesab ediriksə, onda məntiqlə bu gün sürücü məsuliyyətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az olmalı idi. Lakin, statistik göstəricilər bu iddianı təkzib edir. Odur ki, hazırda ölkəmizdə icra olunan yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər