Od tutub yanan hazırlıq qiymətləri
Azərbaycanda bir uşağın universitetə hazırlaşması üçün repetitor xərcləri ildən-ilə artır. Kasıbından tutmuş varlısına qədər, hər bir valideyn övladını diplomlu etmək, ona gələcək qurmaq üçün pul xərcləməyə çalışır. Bu zaman dodaq uçuqladan qiymətlərlə rastlaşırıq.
Övladının ali təhsil alması hər bir valideynin arzusudur. Bu arzunun da reallaşması üçün valideyn min bir əziyyətlə boğazından kəsir, onlara sərmayə yatırır. Xüsusilə, 9-cu sinifdən sonra bu xərclər artır. İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq demək olar ki, müşkül məsələdir. Hətta elə tələbələri gördükdə, onlara dahi kimi yanaşırıq. Bu səbəbdən də hazırda repetitorluq ənənə halını alıb. Kasıbından tutmuş varlısına qədər, hər bir valideyn övladını diplomlu etmək, ona gələcək qurmaq üçün çalışır.
Bir şagirdin hazırlıq xərci neçəyə başa gəlir?
İndi ali məktəblərə hazırlıq 4 istiqamətdə aparılır. Azərbaycan universitetlərində təhsil almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM), Türkiyədə isə SAT və YÖS-ün imtahan nəticələrini keçmək lazımdır. SAT-la Türkiyə ilə yanaşı Avropa və ABŞ universitetlərində də təhsil almaq mümkündür.
İngiltərə, ABŞ və digər ölkələrdə oxumağı arzulayanlar İELTS və TOEFL sertifikatını almalıdırlar. Dünya universitetlərinin 90 faizinə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar. TOEFL Xarici Dil Qismində İngilis dili Testi deməkdir. İELTS isə Beynəlxalq İngilis dili İmtahanı sistemidir.
Bəs Azərbaycanda bir uşağı universitetə hazırlaşdırmaq üçün nə qədər pul xərclənir? Valideyn abituriyent hazırlığı üçün nə qədər vəsait nəzərdə tutmalıdır?
Əgər rayonda yaşayırsansa...
Araşdırmalarımız nəticəsində məlum olur ki, qiymətlər rayonlar, Bakıətrafı rayonlar və şəhər mərkəzinə görə dəyişir. Mərkəzdəki müəllimlər və kurslar şəhər kənarına nisbətən daha bahadır.
Məsələn, DİM imtahanı üçün 5 fəndən imtahan vermək lazımdır. Əgər rayonda yaşayırsansa, qiymətlər minimum 30-40 manatdan başlayır. Bir valideyn 5 fəndən 30 manat nəzərə alsa, 1 aya minimum 150 manat tək müəllimlərə pul ödəyir. Dəftər, qələm, yol pulunu hesablasaq, hər bir valideyn 1 uşaq üçün minimum 200-250 manat xərcləməlidir.
Bakının qəsəbələrində hazırlıq qiymətləri minimum 50-70 manat arasında dəyişir. Valideyn 5 fəndən hər birinə 50 manat ödəsə, minimum 250 manat, 70 manatdan hesablasa, 350 manat pul ödəməlidir. Yol pulu və dəftər, qələm xərci ilə valideyn ayda minimum 400-500 manat kənara atmalıdır.
Ucuz ətin şorbası olmur?
Şəhər mərkəzində isə qiymətlər daha bahadır. Yaxşı repetitorun tədris etdiyi fənnin qiyməti 100 manatdan başlayır. 150, 200, 350-yə qədər qalxır. 1 fənni minimum 100 manatdan hesablasaq, bir uşaq üçün aylıq 500 manat tək müəllimlərə ödənir. Digər xərcləri əlavə etsək, 650 manat bir uşaq üçün hesablanmalıdır.
Alternativ variant kimi şəhərdə hazırlıq kursları fəaliyyət göstərir. Bu kurslar fənləri paket şəklində təqdim etdiyi üçün endirimli qiymətlə tədris edilir. Kursların qiyməti aylıq minimum 350 manatdan başlayır. Lakin valideynlərin dediklərinə görə, kurslar fərdi müəllimin yerini verə bilmir. “Ucuz ətin şorbası olmur” misalı burada da özünü göstərir.
DİM bahadır, yoxsa SAT?
Bu gün azərbaycanlı tələbələrin təhsil üçün ən çox üz tutduqları ölkə Türkiyədir. Yuxarıda da qeyd etdiyimiz kimi orada təhsil almaq üçün ya SAT, ya da YÖS imtahanından keçmək lazımdır.
Bu imtahan üçün 2 fəndən hazırlıq tələb olunur. Burada minimum qiymət aylıq 350 manatdan başlayır 650 manata qədər qalxır. 100 manat da gündəlik xərclərə hesablasaq 1 uşaq üçün minimum 500 manat pul xərclənir. DİM və SAT-ın qiymət fərqləri təxmini eynidir.
Xarici müəllimlərlə öyrənmək istəyirsinizsə...
TOEFL, İELTS üçün isə qiymətlər aylıq 150 manatdan başlayır 500 manata qədər davam edir. Məşhur kurslarda, xüsusilə xarici müəllimlərlə öyrənmək istəyirsinizsə, fantastik qiymətlərlə rastlaşa bilərsiniz. Amma münasib qiymətə hazırlaşdıran müəllim də tapmaq mümkündür. Hər bir halda, minimum 100 manat nəzərdə tutmalısınız.
Ailə nə qədər imkanlıdırsa, o qədər bahalı xidmət alır
Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, universitetə qəbul olmaq üçün aylıq xərclər şagirdin harada yaşamağına, ailə vəziyyətinə və hansı ölkəyə hazırlaşmağına görə dəyişir: “Şagirdlər DİM imtahanı üçün qrup şəklində aylıq 300-400 manat ödəniş edir. Fərdi hazırlıq alırsa, bir çox müəllimlərdə dərsin 1 saatı 30 manatdır. Bir şagird ayda 8 dərs alsa, onun 1 fəndən xərci 240 manat edir. Bunun üzərinə digər fənlər də gəldikdə, 600-700 manata qalxır. Ailə nə qədər imkanlıdırsa, o qədər bahalı xidmət alır. Azərbaycan universitetlərinə hazırlaşmaq xərcləri 200-700 manat arasında dəyişir”.
“3 fəndən hazırlaşanda, qiymət 2500 manata qədər qalxır”
Mütəxəssis vurğulayır ki, xaricə hazırlaşanlar isə bir fənnin 1 saat 90 dəqiqəsinə (???), təxminən, 50-100 manat arasında pul ödəyir: “Nadir hallarda bundan ucuz olar. Tələbə bəzən 4, bəzən 6 dəfə dərs alır. Bu da aylıq hər fəndən 200-600 manata çıxır. Bir fənn bəzən 800 manata olur”.
Həmsöhbətimizin sözlərinə görə, insanların maddi vəziyyətinin bu qədər fərqli olması, onların aldığı xidmətlərin qiymətinin fərqli olması ilə nəticələnir: “Təhsil sanki iqtisadi sinifləri yenidən istehsal edir, mövcud sinifləri də möhkəmləndirir. Nəticədə imkanlı ailələrin övladları daha bahalı və yaxşı təhsil alır, sosial iqtisadi vəziyyəti aşağı olan ailələrin uşaqları isə daha ucuz və daha az keyfiyyətli təhsil almış olur”.
Məlumat üçün bildirək ki, hər bir müəllim və kurs fərdi və ya qrup şəklində hazırlaşdırır. Əgər övladınızın tək hazırlaşmasını istəyirsinizsə, əliniz cibinizdə olmalı, yuxarıda sadaladıqlarımızdan 2-3 qat artıq pul ödəməlisiniz.
250-dən 2500-ə
Mütəxəssis bildirir ki, şagirdlərin xaricə hazırlıq prosesi bəzən 1000 manatdan 2500 manata qədər dəyişir: “Çünki onların bəziləri fərdi dərslər götürür. Fərdi dərslərdə də, xüsusilə özəl məktəbdə oxuyan şagirdlər bir dərs üçün 200-250 manat ödəyir. Şagird fərdi olaraq 2 fəndən hazırlaşanda qiymət 2500 manata qədər qalxır”.
Aygün ƏZİZ