• cümə axşamı, 18 aprel, 18:25
  • Baku Bakı 21°C

Nyu-Yorkda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert keçirilib

23.11.22 09:00 886
Nyu-Yorkda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert keçirilib

ABŞ-ın Nyu-York şəhərində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan musiqili gecəyə Nyu-Yorkun dünyaca məşhur “Carnegie Hall” konsert zalı ev sahibliyi edib.

“Dostluq körpüsü” (Bridge of Friendship) adlandırılan musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan azərbaycan icmasının fəalları, yerli ictimayyətin nümayəndələri və sənətsevərlər qatılıb.

N.Əliyarova qonaqlara Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi F.Əmirov haqqında məlumat verib və onun dünya müsiqi irsinə miras qoyduğu zəngin irsindən bəhs edib.

Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertdə Nyu-York Beynəlxalq Virtuoz Orkestrinin (NYIVO) ifasında Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert”inin premyerası baş tutub. Konsertdə eyni zamanda türk bəstəkar Faruk Kancanın “Qremmi” mükafatına layiq görülmüş “Vox in Terra” mahnısının dünya premyerası keçirilib.

Gecədə N.Əliyarova və dünya şöhrətli skripka ifaçısı, Paqanini müsabiqəsinin qalibi Aleksandr Markov Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Onların çıxışları qonaqlar tərəfindən böyük alqışlar və maraqla qarşılanıb.

Konsertdə dünyaca məşhur yəhudi-alman bəstəkarı Feliks Mendelsson, məşhur türk bəstəkarı Nevit Kodalli və yəhudi əsilli məşhur Amerika bəstəkarı Corc Gerşvinin əsərləri ifa olunub.

banner

Oxşar Xəbərlər