• cümə axşamı, 14 noyabr, 14:54
  • Baku Bakı 11°C

“Nizami” stansiyasında aparılacaq təmir işləri ilə bağlı planlar açıqlanıb

12.10.22 15:30 7626
“Nizami” stansiyasında aparılacaq təmir işləri ilə bağlı planlar açıqlanıb

“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasının yollarında işıqlanma sistemi yenidən qurulub.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stansiya yolunun işıqlandırılması texniki cəhətdən köhnəlmiş və daimi xidmət tələb edən qurğulardan ibarət idi və dövrün tələblərinə uyğun gəlmirdi: "Bu, özünəməxsus memarlıq və dizayn abidəsi olan stansiyanın estetik görkəminə də xələl gətirməyə başlamışdı".

“Bakı Metropoliteni”ndən bildirilib ki, yenidənqurma işlərinə başlamazdan əvvəl hərəkətin təşkili qaydalarına zidd olmadan müvəqqəti işıqlanma təmin edilib: "Köhnə şəbəkənin sökülməsi ilə yenisinin quraşdırılması paralel aparılıb. Qatarların hərəkət təhlükəsizliyini təmin etmək və sərnişinlərə maneə yaratmamaq məqsədilə əsas işlər sərnişindaşıma prosesi başa çatdıqdan sonra, gecə növbəsində təşkil edilib.

Stansiyanın hər iki yolunda köhnə işıqlar yeni led lampalarla əvəzlənib. Yolda tavana bərkidilmiş enerji sərfiyyatı çox olan 5,5 kVt-lıq 76 köhnə lampa çıxarılıb. Əvəzində 360 dərəcə boyunca işıq saçan dairəvi formalı plafonlarda olmaqla ümumən 33 led lampa quraşdırılıb. Yeni şəbəkə əvvəlki ilə müqayisədə lampaların say etibarı ilə azalmasına, qənaətə nail olmağa, işıqlanmanı normalar daxilində təşkil etməyə imkan verib. Yeni lampalar stansiya yolunun estetik görkəminə də əlavə rəng çaları qatıb. Bütün bunlar 2017-ci ildə əsaslı təmir olunaraq, yenidən qurulmuş orta zalla birlikdə platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha da qüvvətləndirib".

Qeyd edək ki, “Nizami” stansiyasının platformasında orta zalın yenidənqurulması zamanı Mikayıl Abdullayevin Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında kaşı daşlarından işlədiyi miniatür təsviri sənət nümunələri orijinal görkəmdə bərpa olunub. Bu xüsusda pilonlar müasir və uzunömürlü inşaat materialları ilə möhkəmləndirilib, işıqlanma sistemi tamamilə yenidən qurulub.

"2023-cü ildə stansiya yolunda mərhələli şəkildə təmir işlərinin aparılması nəzərdə tutulub. 2026-cı ildə isə stansiyada 50 illik istismar müddəti başa çatan LT-3 tipli 3 eskalatorun dəyişdirilməsi planlaşdırılır. Eskalatorların yenisi ilə əvəz olunduğu müddət ərzində stansiyanın yuxarı vestibülü və maili gedişi əsaslı təmir olunaraq yenidən qurulacaq", - məlumatda deyilir.

banner

Oxşar Xəbərlər