• cümə, 24 May, 08:15
  • Baku Bakı 13°C

Elektromobillərdən istifadə təşviq ediləcək

08.03.24 00:17 2624
Elektromobillərdən istifadə təşviq ediləcək

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsi genişləndiriləcək. Elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerlər ayrılacaq.

Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb.

Hüquqi bazanın formalaşdırılması zəruridir

Sərəncamda deyilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Ardıcıl dövlət siyasətinin təzahürü

Sərəncamda qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

Nazirlər Kabineti bir ay müddətində təkliflərini təqdim etməlidir

Sərəncamla Nazirlər Kabineti elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etməli, elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

banner

Oxşar Xəbərlər