• cümə axşamı, 26 dekabr, 15:42
  • Baku Bakı 10°C

Geyimə xərclənən milyonlar

06.07.24 04:41 4886
Geyimə xərclənən milyonlar

May ayında pərakəndə ticarət məntəqələrində 543 milyon manatlıq geyim almışıq. Bu rəqəm sosial platformalarda müzakirələrə səbəb olub. Ekspertlər geyim sevdamızın artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara iki milyard 821.5 milyon manat vəsait xərclənib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə beş faiz çoxdur. Cari ilin may ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 543 milyon manata bərabər olub. Bu rəqəm sosial platformalarda müzakirələrə səbəb olub. Həqiqətən də biz geyimə bu qədər pul xərcləyirik?

“Aylıq 50-60 manatlıq geyim xərci normal göstəricidir”

Marketoloq Namiq Bayramov düşünür ki, 10 milyon Azərbaycan xalqı üçün bu rəqəm elə də böyük deyil: “Ortalama adam başına 282 manat düşür. Aylara böldükdə isə 56 manat edir. Bir vətəndaşın hər ay özünə 50-60 manatlıq geyim alması normal göstəricidir. Xərcləmə on dəfə çox olsaydı, o zaman təəccübləndirici ola bilərdi. İndiki halda normaldır. Əhalinin gəlirləri də artır. Bakının meqapolis kimi inkişaf etdiyini nəzərə alsaq, insanlar artıq geyimə də, şəxsi inkişafa da vəsait xərcləyirlər. Üstəlik, xalqımız göstərişi və geyinməyi sevir. Belə davam edərsə, rəqəmlər daha da artacaq”. 

Marketoloq düşünür ki, onlayn alış-verişin populyarlaşması da statistik rəqəmlərə təsir edib: “İnsanların geyimə pul xərcləmək vərdişləri yavaş-yavaş artır. Buna təsir edən bir məqam da onlayn satış platformalarıdır. Geyim alış-verişləri əsasən xaricdən olur. Son illərdə yerli markalar da yaranır. Fərqli və eksklüziv məhsullar axtaran şəxslər, xüsusilə də xanımlar həmin mağazalardan geyinməyə üstünlük verirlər. İstər onlayn, istərsə də oflayn alış-verişdə bazar böyüməkdədir”. 

Üç məhsul əvəzinə birini alır

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı isə artan rəqəmləri məhsulların bahalaşması ilə əlaqələndirib: “Burada rəqəmlərə başqa aspektdən baxmaq lazımdır. Vəsaitin qarşılığında alınan məhsulun çoxluğumu nəzərdə tutulur, yoxsa bu rəqəm qiymətlərin bahalaşması nəticəsində əldə olunub? İlk növbədə bunu aydınlaşdırmalıyıq. Bir vətəndaş ay ərzində 2-3 ədəd köynək alırdısa, indi cəmi birini alır. Çünki qiymətlər qalxıb”. 

Turistlər qiymətlərin yüksək olmasından şikayət edirlər

E.Mərdanlı bildirdi ki, qiymətlərin artması insanları onlayn ticarətə meylləndirib: “Bunu da nəzərə alaq ki, insanların əksəriyyəti bu məhsulları oflayn yox, onlayn şəkildə alır. Çünki sahibkarların ödədikləri rüsumlar geyimlərin üzərinə əlavə olunur və vətəndaşın onu almağa gücü çatmır. Ona görə vətəndaşlar eyni məhsulu digər ölkələrdən daha ucuz şəkildə əldə edirlər. Bu, həmçinin xarici dövlətlərin büdcəsini doldurmaq deməkdir. Əslində, əlavə dəyər vergisi diferensial olsa, bu, daha yaxşı olardı. Gömrük rüsumlarına da yenidən baxılmalıdır. Həm qiymətlər stabilləşərdi, həm də daha çox satış olardı. Ölkəmizə gələn turistlər də bizdəki qiymətlərin yüksək olmasından şikayət edirlər”. 

Rəqəmlərə xaricdən gələn məhsullar da daxildir

E.Mərdanlının fikrincə, təkcə Azərbaycandakı mağazalardan bu rəqəmləri əldə etmək mümkün deyil: “Bəzən insanlar mağazada məhsulun şəklini çəkib onlayn sifariş edirlər. Yaxud məhsulu alırlar və 14 gün qaytarılma şansı olur. Evdə həmin məhsuldan sifariş edirlər, bir həftə ərzində məhsulu çatır, bəyəndikdə mağazadan aldığını aparıb qaytarır. Statistikadakı rəqəmlərə xaricdən gələn məhsullar da daxildir”.  

Tekstil ikinci sıradadır

Türk satış mütəxəssisi Ahmet Kandemir isə düşünür ki, azərbaycanlılar geyimdən çox qidaya pul xərcləyir: “Statistika göstərir ki, Azərbaycan xalqı gəlirinin 5-10 faizini geyimə xərcləyir. Daha çox xərcləmələr isə qidaya olunur. Böyük ticarət mərkəzlərinə baxanda da görürük ki, birinci sırada qida məhsullarıdır. Ondan sonra tekstil məhsulları yer alır. Deməli, bu o qədər də böyük bir rəqəm deyil”. 
A.Kandemir geyimə olan marağı artıran səbəblərdən də danışdı: “Əhalinin artması, yeni nəslin daha tələbkar olması, modanın daha ön plana keçməsi, geyimin bir status halına gəlməsi səbəbindən tekstil sahəsində artım olduğunu söyləmək mümkündür. Həmçinin geyim markaları kampaniyalar, reklamlarla satışı təşviq etdikləri üçün bəzən insanlar ehtiyacları olmasa da pul xərcləyə bilirlər. Geyim sektorunda 25-30 faiz məhsullar xaricdən gətirilir. Qiymətlər arasında fərq olması da, onu populyarlaşdırır. Eyni zamanda, onlayn satışda bir proqramda yüzlərlə, minlərlə məhsulu müqayisə etmək şansınız olur”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər