“Nə istədiyini tamaşaçı özü də bilmir, ona “Komedixana” lazımdır” - MÖVQE
“Cəmiyyətimizdə ən rahat, əlçatan və həm də bunun üçün əsasları özündə saxlayan obyekt televiziyadır. Yəni insanlar televiziyaların fəaliyyətini tənqid etməyi özləri üçün təhlükə də hesab etmirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Turan İbrahimov deyib.
O, Azərbaycan tamaşaçısı tərəfindən tənqid olunan proqramların yüksək reytinqli olmasının səbəbindən söz açıb.
T.İbrahimova görə, tənqidçi obrazında görünmək üçün hamı televiziyaların üstünə cumur:
“Burada mən televiziyanı ümumi şəkildə deyirəm, amma ən çox da tamaşaçı kommersiya televiziyalarının üstünə düşür. Sonra hamı da şikayətlənir ki, maarifləndirici, vətənpərvərlik və s. yoxdur”.
Onun fikrincə,bunu deyən adamların qeyri-səmimiliyi ondan ibarətdir ki, onların yoxdur dediyi hər şey həmin o televiziyalarda var:
“Sadəcə baxmadığına və onların maraq dairəsi çərçivəsində olmadığına görə onlar bunu görmürlər. Bu tip tənqidlərlə çıxış edən insanların müəyyən bir qismi, sözün əsl mənasında tənqid etdikləri verilişlərə baxırlar, o verilişlərin reytinqini yüksəldirlər və nəticədə, o verilişlə ön plana çıxarırlar”.
Aparıcı hesab edir ki, cəmiyyətimizdə yumşaq formada desək, belə qeyri-səmimilik var:
“Bunun da səbəbi odur ki, insanlar özlərini hansısa formada tənqidçi göstərmək istəyirlər, televiziyaları tənqid etmək bu gün dəbdədir, ən təhlükəsiz populizm budur və onlar bununla məşğuldurlar. Amma tamaşaçıların baxdıqları verilişlərə kənardan baxsaq, görərik ki, guya ki, narazı olduqları hansı formatlar varsa, elə oturub onlara da baxırlar”.
Müsahibimiz əlavə edib ki, statistika da göstərir ki, tamaşaçı məişət problemlərinin işıqlandırıldığı, “Komedixana” kimi formatları və axşam saatlarında yayımlanan musiqili verilişləri istəyirlər:
“İnsanlar dillərində başqa şey desələr də, fakt budur ki, reytinqlər, statistika və araşdırmalar onu göstərir ki, xalq bunu istəyir
“Tamaşaçı nə istəyir” sualına nəzər yetirsək, görərik ki, əgər onlar narazı qala-qala bu tip proqramlara baxırlarsa, onda belə başa düşmək olar ki, nə istədiklərini heç tamaşaçıların özləri də bilmirlər”.