Müəllim, diplomat, tarixçi, ədib...
Yazıçı, maarif xadimi, etnoqraf, folklorşünas Abdulla bəy Sübhanverdixanov AXC dövründə Xarici işlər nazirinin katibi vəzifəsində fəaliyyət göstərib. O, Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biri kimi tariximizdə layiqli yerini tutur.
Dövrünün tanınmış yazıçısı, maarifçi, etnoqraf və folklorşünas, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ictimai-siyasi xadimlərindən biri olan Abdulla bəy Sübhanverdixanov 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olub. O, ibtidai təhsilini Qazaxda alıb. Daha sonra isə təhsilini 1898-1903-cü illərdə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi sayılan Qori Müəllimlər Seminariyasında davam etdirib.
Kasıb ailələrin uşaqlarına dərs deyib
Abdulla Sübhanverdixanov 1903-cü ildə seminariyanı bitirdikdən sonra Batumi və Bakının ibtidai məktəblərində müəllim kimi fəaliyyət göstərib. O, 1905-ci ildə Bakıda altı sinifli şəhər məktəbinə müəllim təyin edilir. Bəzi məlumatlara görə, Abdulla bəy 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, həmçinin “Nəşr-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində fəaliyyət göstərən altı sinifli şəhər məktəblərində yoxsul ailələrin uşaqlarına dərs deyib.
XİN-də mühüm vəzifələri icra edib
Abdulla bəy Sübhanverdixanov AXC dövründə Xarici işlər nazirinin katibi vəzifəsində fəaliyyət göstərib. Azərbaycan Respublikasının 1918-1920-ci ilə dair “Adres kalendar” adlı məlumat kitabında dərc olunmuş məlumatlara əsasən, Xarici işlər naziri Fətəli Xan Xoyski, onun müavini Məmməd Xan Təkinski, həmin nazirliyin dəftərxanasının direktor müavini Konstantin Davidoviç Sulkeviç olan dövrdə Abdulla bəy Sübhanverdixanov nazirinin katibi vəzifəsini tutub. Bu dövrdə Abdulla bəy Xarici İşlər Nazirliyinin Dəftərxanasının direktoru vəzifəsini də icra edib.
Qeyri-türk məmurlara Azərbaycan dili dərsi deyib
Azərbaycanın ədəbi-mədəni mühitinin aparıcı simalarından biri sayılan Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Respublikasının Dağlı Respublikasında diplomatik nümayəndəsi təyin edilməsi haqqında vəsiqəsi 1919-cü il fevralın 25-də məhz Xarici işlər naziri Fətəli Xan Xoyski və dəftərxana direktoru vəzifəsini icra edən Abdulla bəy Sübhanverdixanov tərəfindən imzalanıb.
Arxiv sənəd və materialları təsdiq edir ki, Abdulla bəy AXC dövründə həm də Daxili İşlər Nazirliyində tərcüməçi işləyib, qeyri-türk məmurların yenidən hazırlanması üçün dövlət tərəfindən təşkil edilmiş kurslarda isə Azərbaycan dili fənnindən dərs deyib.
Xalq Maarif Komissarlığında fəaliyyət göstərib
Abdulla bəy Sübhanverdixanov Sovet hakimiyyəti illərində Xalq Maarif Komissarlığında fəaliyyət göstərib. Azərbaycanda məktəb və təhsil işinin yayılmasında, qəzalarda məktəblərin təşkil edilməsində yaxından iştirak edib və həmçinin sinifdənkənar oxu üçün ədəbiyyat vəsaiti hazırlayan şöbənin üzvü olub. O, 1920-1922-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında müxtəlif vəzifələrdə işləyib, 1922-1927-ci illərdə Azərbaycan SSR Dövlət Arxivinin müdiri, 1927-1930-cu illərdə Abdulla Şaiq adına Pedaqoji Texnikumun müdir müavini, 1930-1935-ci illərdə Azərbaycan Sənaye İnstitutunda assistent vəzifələrində çalışıb.
Dövlət Arxivinin müdiri vəzifəsinə təyin edilməsi barədə Xalq Maarif Komissarlığının 17 iyun 1925-ci il tarixli 65 saylı əmrin surəti Ədəbiyyat və İncəsənət Arxivinin 517 saylı fondunda qayğı ilə qorunub saxlanılır.
“Azərbaycan tarixi”ni yazmaq üçün material toplayıb
Abdulla bəy Sübhanverdixanov yaşayıb fəaliyyət göstərdiyi dövrlərdə Ali Pedaqoji İnstitutda, Zaqafqaziya Hərbi Məktəbində müəllim, Azərbaycan Dövlət Universitetində, Sənaye İnstitutunda, Xalq Təsərrüfatı İnstitutunda assistent və dosent vəzifələrində çalışıb. O, həm də Azərbaycan Elmi Tədqiqat İnstitutunun tarix şöbəsinin elmi katibi olub. Abdulla bəy Sübhanverdixanov tarix, etnoqrafiya, folklor və təbiətşünaslıq sahəsində elmi tədqiqat, “Elmi heyvanat” dərsliyini, “Müctəhid feodal Ağa Mir Fəttah”, “Şəki xanlarının tarixi və onların nəsli”, “Folklor materiallarının təsnifatı”, “Türk sistemli kəndlərdə totemizm”, “İran və Osmanlı məsələsi” əsərlərini yazıb, beş cildlik “Azərbaycan tarixi”ni yazmaq üçün material toplayıb.
Ədəbi yaradıcılığı ilə də tanınıb
Abdulla bəy Sübhanverdixanov Divanbəyoğlu imzası ilə bədii yaradıcılığa XX əsrin əvvəllərində başlayıb. O, bir sıra romantik povest, hekayələrin müəllifi kimi tanınıb. 1902-ci ildə qələmə aldığı “Əbdül və Şahzadə”, 1903-cü ildə “Can yanğısı”, 1906-cı ildə “İlan”, 1907-ci ildə “Fəhlə”, 1911-ci ildə “Cəng”, 1920-ci ildə “Ərdoy dərəsi”və s. əsərləri çap olunub. Abdulla bəy Sübhanverdixanovun yazdığı əsər və hekayələr özünün mövzu aktuallığı, orijinallığı və təhkiyə üslubunun yeniliyi ilə seçilib. Yazıçı, pedaqoq, folklorşünas kimi səmərəli fəaliyyət göstərmiş Abdulla bəy Sübhanverdixanov Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biri kimi tariximizdə layiqli yerini tutur. Onun Azərbaycan xalqı, ədəbiyyatı və mədəniyyəti qarşısındakı xidmətləri xalqımız tərəfindən unudulmur, daim böyük hörmət və ehtiram hissi ilə yad edilir.
Rafiq Səfərov
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi - Baş məsləhətçi