• cümə, 19 Aprel, 01:36
  • Baku Bakı 18°C

Mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən dəyişikliklər

23.05.22 17:45 509
Mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən dəyişikliklər

Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, həmin xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Həmin sağlamlıq problemlərinin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur. Vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktının və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda boyun fəqərələrindəki ağrılar tədricən osterxondroza çevrilməyə başlayır.

Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür. Ona görə də xəstəliklərin bir növ oyanması, açıq havada az olmaq, müəyyən psixi gərginliklər və digər xəstəliklər keçirilməsi, orqanizmdə kalsium, minerallar, xüsusilə D vitaminin miqdarının azalması həmin dövrdə hər hansı sağlamlıq problemli olanlarda həm nevropatik, həm də oynaq ağrıları yaradır”.

Müsahibimiz qeyd edib ki, gündəlik rasionda gec həzm olmayan, karbohidrat və zülallarla zəngin qidalara üstünlük verilməlidir, çünki sağlam qidalandıqda qan dövranı fəaliyyətini tənzimləyir, qanda şəkər balansı normaya düşür: “Maksimal dərəcədə qidalanmaq və qida maddələrində bütün növ mineral, vitamin, zülal və keyfiyyətli karbohidratların olması vacibdir. Açıq havada çox gəzmək də faydalıdır”.

Bütün bunlarla yanaşı mütəmadi olaraq idmanla məşğul olmaq, həmçinin bol maye qəbul etmək lazımdır. Təəssüf ki, bəzən yorğunluğu aradan qaldırmaq üçün həddindən çox kofein qəbul edirlər. Bu isə ürək döyüntülərinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ona görə də gün ərzində iki fincandan artıq qəhvə qəbul etmək məsləhət görülmür.

banner

Oxşar Xəbərlər