• şənbə, 12 Iyul, 09:32
  • Baku Bakı 21°C

Mirasımızı daha asan əldə edəcəyik

12.07.25 03:55 83
Mirasımızı daha asan əldə edəcəyik

Yeni qaydaya görə, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Əvvəlki qaydaya görə isə, ölmüş vərəsənin vərəsələri mirasın qəbulu üçün nəzərdə tutulan müddətdə mirası qəbul etməli idilər.

Azərbaycanda irsi transmissiya, varislərin hüquqlarının qorunması ilə bağlı yeni norma və tənzimləmələr tətbiq edilir. Belə ki, Mülki Məcəllədə irsi transmissiya ilə bağlı yeni hüquqi mexanizmlər təklif olunur. Həmin mexanizmlər irsi transmissiya və varislərin hüquqlarının qorunması prosesində hüquqi boşluqların aradan qaldırılmasını hədəfləyir. Maraqlıdır, varislərin hüquqları hazırkı qanunvericiliyə görə necə qorunur? Hansı problemlər var idi?

Vərəsə susduqda...

Vəkillər Kollegiyasının üzvü, vəkil Günay Cəfərli  “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki,  26 dekabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273.1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və qərarın təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilmişdi: “Məcəllənin 1246-cı maddəsi “Mirasın qəbul edildiyi müddət” adlanırdı. Həmin maddəyə əsasən, vərəsə mirası vərəsliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində qəbul edə bilərdi. Yəni mirasın açıldığı gündən altı ay keçdikdən sonra onun qəbuluna yol verilmirdi. Məcəllənin 1273.1-ci maddəsi isə “Vərəsənin susması” adlanırdı. Həmin maddəyə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilirdi. 1262-ci maddə mirasdan imtina zamanı payın birləşdirilməsi, 1263-cü maddə isə yeganə vərəsənin mirasdan imtina etməsi ilə bağlı müddəaları ehtiva edir. Yəni, vərəsə mirası göstərilən müddətdə qəbul etmədikdə, mirasdan imtina etmiş hesab olunur. Layihə mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsi məqsədini daşıyır”.

“Digər vərəsələr razıdırlarsa...”

Vəkil bildirir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarı ilə mirasın qəbul edildiyi müddəti nəzərdə tutan normalar qüvvədən düşdüyündən mirasın qəbul edilməsinin xüsusi müddətini və onun qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutan maddələr də əhəmiyyətini itirdi: “Hazırda təqdim edilən layihədə 1247-ci və 1248-ci maddələrin ləğv edilməsi təklif edilir. 1247-ci maddə mirasın qəbul edilməsinin xüsusi müddəti adlanır. Bu maddəyə görə, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, mirasın qəbulu vaxtı altı həftəyədək uzadılmalıdır. 1248-ci maddə isə mirasın qəbul edilməsi vaxtının uzadılması adlanır. 1248.1-ə əsasən məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Təklif edilən dəyişiklərə uyğun olaraq, Məcəllənin “Vərəsəlik hüququ” adlı onuncu bölməsinin bir sıra maddələrində “vərəsənin mirası qəbul etməməsi” sözləri “vərəsənin mirasdan imtina etməsi” sözləri ilə əvəz edilir”.

“Müddətlə məhdudlaşdırılma aradan qaldırılır”

İrsi transmissiya məsələsinə gəldikdə isə, təklif edilən dəyişiklərə uyğun olaraq Məcəllənin “İrsi transmissiya” adlanan 1252-ci maddəsinin adı “Miras açıldıqdan sonra vərəsənin ölməsi (irsi transmissiya)” kimi dəyişdirililir. Hüquqşünas irsi transmissiya anlayışına da aydınlıq gətirir: “Məsələn, atadan şəxsə əmlak qalır. Miras açıldıqdan sonra şəxsin özü də rəhmətə gedir. İrsi transmissiya rəhmətə gedən şəxsin övladı babasından atasına qalan, amma atasının qəbul etməyə imkanı olmadığı əmlakı qəbul etmək hüququdur. Yeni qaydaya görə, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Əvvəlki qaydaya görə isə, ölmüş vərəsənin vərəsələri mirasın qəbulu üçün nəzərdə tutulan müddətdə mirası qəbul etməli idilər. Əgər bu müddət üç aydan az idisə, üç ayadək uzadılmalı idi. Dəyişikliyə əsasən, belə müddət nəzərdə tutulmur, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ ümumi qaydada öz vərəsələrinə keçir. Təklif olunan dəyişikliyə görə, Məcəllənin “Mirasın siyahısı” adlanan 1254-cü maddəsi yeni redaksiyada verilir. Bu maddə vərəsənin mirasdan imtina üçün müəyyən edilmiş müddətdə mirasın siyahıya alınmasını tələb etmək hüququnu və notariusun bununla bağlı zəruri hərəkətləri etmək vəzifəsini tənzimləyir. Məcəllənin 1255-ci maddəsinin də adı və mətni yeni redaksiyada verilir. Həmin maddə əvvəlki redaksiyada “Mirasa mülkiyyətin əmələ gəlməsi” adlanırdı, yeni redaksiyada isə “Mirasın əldə edilməsi” adlanır. Maddənin yeni mətninə əsasən, vərəsələr miras qoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Əvvəlki redaksiyada isə qəbul edilmiş mirasın onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığı qeyd olunurdu. Göründüyü kimi, maddənin əvvəlki redaksiyası mirasın vərəsənin mülkiyyəti sayılması üçün onun vərəsə tərəfindən qəbul edilməsi şərtini müəyyən edirdi. Maddəyə edilən dəyişiklik bu şərti aradan qaldırır. Yəni burada, vərəsənin qəbul edilməsinin müddətlə məhdudlaşdırırlması aradan qaldırılır”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər