• çərşənbə axşamı, 19 mart, 10:49
  • Baku Bakı 8°C

Mətbuatda dövlət dili ilə bağlı problemlər müzakirə edilib 

30.01.23 18:38 846
Mətbuatda dövlət dili ilə bağlı problemlər müzakirə edilib 

Son vaxtlar TV-lərdə və mətbuatda dilimizin korlanmasını müşahidə edirik. Bu fikri  yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirdə yazıçı Seyran Səxavət dilə gətirdi. O qeyd etdi ki, folklorumuzda adamı dünyanın yeddinci qatına qaldıran alqışlar olduğu kimi, adamın yeddi qatından keçən qarğışlar da var. Onlardan ən dəhşətlisi də “Dilin qurusun” qarğışıdır: “Dilimizə kim qarğış edib?  Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs niyə televiziyaları özbaşına qoymuşuq? Ümumiyyətlə, aparıcılar niyə dövlət dilində normal danışmırlar? Yazıçı qeyd edib ki, dilimiz sanki mətbuat tərəfindən mühasirəyə alınıb: “Konkret addımlar atılmasa, dilimiz komaya düşər. Öz dilində danışa bilməyən xalq başqalarının dilində danışmağa məhkumdur”. 
Sonda yazıçı təklif etdi ki, dilçilərdən və söz adamlarından ibarət işçi qrup yaradılmalı və bu sahədəki proseslərə nəzarət etməlidir. 
Millət vəkili, professor Nizami Cəfərov bu məsələdə o qədər də bədbin olmadığını bildirdi: “Dil normayla anomaliyanın bir-birinə təmas etməsidir. 60-cı illərdə də yazılanları, deyilənləri bəyənməyənlər vardı. Ədəbiyyatımızda ən gözəl dil M.F.Axundovdadır. Amma Axundovun əsərlərindəki sözlər indiki dövrdə istifadə olunmur. Yəni zamanla dildə dəyişikliklər olur”. 
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva da televiziya, radio və ümumiyyətlə mətbuatda dillə bağlı xeyli nöqsanların olduğunu bildirdi: “Apardığımız monitorinqlərin nəticəsində bəzi TV-lərin aparıcılarını təlimə dəvət etmişik. “Mənim ehtiyacım yoxdur, bu mənim danışıq üslubumdur” cavabını veriblər. Bəzi televiziyalara aparıcılarının danışığı ilə bağlı iradlarımızı bildirmişik. Onlar da “Həmin aparıcılar kanalımıza yaxşı reklam gətirir, onların hesabına kanala pul gəlir” deyiblər. Hazırda işlər gedir. Monitorinqin nəticələrinə əsasən, kanallara xəbərdarlıq olunacaq, ikinci xəbərdarlıqdan sonra cərimə tətbiq olunacaq”. 
Daha sonra Xalq yazıçısı Elçin, yazıçı, millət vəkili Aqil Abbas, Xalq yazıçısı Elçin, AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi, kinorejissor Oqtay Mirqasımov, televiziya aparıcısı Nailə İslamzadə və başqaları çıxış ediblər.

Xanım Aydın

 

 

banner

Oxşar Xəbərlər