• cümə, 27 Dekabr, 01:32
  • Baku Bakı 9°C

Məqsədli seçim

28.10.23 06:36 2207
Məqsədli seçim

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb.


Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyası uğurla reallaşdırılır. Son illərdə bərpa olunan enerji infrastrukturunun yaradılması istiqamətində istər yerli, istərsə də xarici investisiyaların cəlbi ilə meqalayihələr həyata keçirilir. 

MDB məkanında bir ilk

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq sayəsində inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının çox qısa zaman kəsiyində istifadəyə verilməsi xüsusilə diqqətəlayiqdir. Qeyd edək ki bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb.

10 qiqavata qədər bərpaolunan enerji istehsalı

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bir daha dövlətimizin “yaşıl enerji”yə keçid strategiyasının detalları və məqsədlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq: “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir. Ona görə də mən ümidvaram və tam əminəm ki, bizim bütün planlarımız həyata keçəcək”. 

Əsas iqtisadi hədəfimiz

Qeyd edək ki, məlum strategiyanın reallaşdırılmasını şərtləndirən ən mühüm amillərdən biri, uzun illər ərzində yaradılmış əlverişli investisiya mühitidir. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir: “Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır”.

Gələcək planlar və potensial

Təbii ki, bərpa olunan enerji strategiyasının tərkib hissəsi tək ölkədaxili tələbat deyil, həm də xarici ixracdır. Çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik: “Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik. Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər. Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır”.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər