• çərşənbə, 29 May, 03:44
  • Baku Bakı 20°C

Litva parlamentinin komitə sədri: “İlham Əliyevin Vilnüsə səfərini səbirsizliklə gözləyirik”

13.05.23 14:10 884
Litva parlamentinin komitə sədri: “İlham Əliyevin Vilnüsə səfərini səbirsizliklə gözləyirik”

“Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə səfərini də səbirsizliklə gözləyirik”.

Bunu “Report”un Litva müxbirinə açıqlamasında bu ölkə parlamentinin İqtisadiyyat komitəsinin sədri Kazis Starkyaviçyus deyib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Vilnüsə mayın 8-də baş tutan səfəri barədə fikirlərini bölüşən deputat ilk olaraq müzakirə edilən məsələlərə diqqət çəkib:

“Mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqislə azərbaycanlı həmkarının başçılıq etdiyi hökumətlərarası nümayəndə heyətinin görüşü oldu. Nazirlər iki ölkə arasında siyasi dialoqun son bir-iki ildə xeyli intensivləşdiyini qeyd etdilər. Nazirlərin həmsədrliyi ilə Litva hökuməti və Azərbaycan hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirildi. Beləliklə, hər iki tərəf praktiki sahədə əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlı olduqlarını bir daha təsdiq etdilər”.

Komitə sədri vurğulayıb ki, bu görüşdə iki ölkənin mövcud iqtisadi vəziyyəti müzakirə edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, enerji təhlükəsizliyi, tranzit, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, turizm, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi və digər bir sıra sahələrdə əməkdaşlıq barədə razılıq əldə olunub: “Tərəflər Azərbaycan və Litva arasında ticarət və investisiya sahəsindəki əlverişli məqamlara və hər iki ölkənin müəssisələri arasında əlaqələri intensivləşdirəcək investisiya layihələri ilə ticarət missiyalarının təşkili barədə fikir mübadiləsinin zəruriliyinə diqqət çəkiblər”.

K.Starkyaviçyus tərəflərin ikitərəfli ticarətdə maraqlı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19 faiz artaraq, demək olar ki, 61 milyon avroya çatıb.

O söyləyib ki, tərəflər ikitərəfli ticarəti və FDIS mübadiləsini intensivləşdirməyə maraqlıdırlar: “İKT, kibertəhlükəsizlik, e-hökumət həlləri, aqrotexnika və qida sənayesi, turizm, bərpa olunan enerji (xüsusilə günəş enerjisi), istehsalat qarşılıqlı maraq kəsb edən sektorlardır. Litvalı təşkilatçılar Azərbaycanı 20-21 sentyabr 2023-cü il tarixlərində keçiriləcək “Life Sciences Baltics 2023” sərgisinə nümayəndə heyəti göndərməyə dəvət etmək istəyirlər. Litvanın Azərbaycanda tvinninq layihələrinin sayına görə Avropa İttifaqına üzv olan ölkələr arasında liderlərdən birinə çevrilməsi maraqlı haldır. Biz böyük islahatlar təcrübəsi toplamışıq və bunu Azərbaycandakı tərəfdaşlarımızla bölüşməkdən məmnunuq. Litva korrupsiyaya qarşı mübarizə, pensiya islahatı, nəqliyyat təhlükəsizliyi, statistika, vergi, kənd təsərrüfatı, ali təhsil, səhiyyə, radiasiyadan mühafizə infrastrukturu, turizm, tibbi sığorta, dövlət məşğulluq xidmətlərinin müasirləşdirilməsi kimi sahələrdə Azərbaycandakı məsul şəxslərin potensialını gücləndirib”.

Azərbaycanın Aİ ilə münasibətlərinə gəldikdə isə K.Starkyaviçyus bildirib ki, Litva tərəfi Aİ-Azərbaycan arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümid edir:

“Saziş siyasi prioritet olaraq qalır və Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərinin dəstəklənməsində əsas rol oynaya bilər. Aİ Azərbaycanın Avropaya enerji təchizatını şaxələndirilməkdəki rolunu yüksək qiymətləndirməklə yanaşı, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmətin Aİ-nin Azərbaycanla münasibətlərinin əsasını təşkil etdiyini də vurğulayır”.

 

banner

Oxşar Xəbərlər