• şənbə, 16 Noyabr, 04:24
  • Baku Bakı 10°C

Əlavə təhsildə əlavə şərtlər 

16.04.22 11:15 1524
Əlavə təhsildə əlavə şərtlər 

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. Ekspertlər düşünür ki, qəbul prosesinin elektronlaşdırılması bu sahədəki neqativ halların aradan qaldırılmasına da kömək edəcək.

Əlavə təhsil - orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların fasiləsiz təhsil almaq imkanını təmin edir. Həmçinin, fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi kimi kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Müraciət edənlərin daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin həyatında fəal iştirakının təmin edilməsi də prosesdə əsas xətdir. 
Qeyd edək ki, bu təhsil üzrə tədris ixtisasartırma və yenidən hazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında, ümumilikdə bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.

Şəffaflıq və aşkarlıq üçün

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında yer alan qaydalar ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, müvafiq qəbul prosesinin elektronlaşdırılması bu sahədə mövcud neqativ halların aradan qaldırılmasına da kömək edəcək.
Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyət təhlil edilməli və qiymətləndirilməli, qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələr hazırlanmalı, proses elektronlaşdırılmalıdır. 
Əlavə təhsilə qəbul prosesinin elektronlaşdırması bu sahədə hansı dəyişikliklər yaradacaq? 


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli “Kaspi”yə açıqlamasında bildirib ki, yeni qaydaların bu sahədə şəffaflığa və aşkarlığa xidmət edəcəyini düşünür: “Bu addımın atılması şəffaflığa və aşkarlığın təmin olunmasına kömək edəcək. Eyni zamanda, müraciət edənlərin bilik səviyyəsinin qorunması üçün əhəmiyyətli olacaq”.

Rəqabət mühitinin sağlamlaşdırılması

Cəmiyyətdə əlavə təhsilə həmişə marağın olduğunu deyən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bu, qeyri-sağlam rəqabət mühitinin aradan qaldırılmasına kömək edəcək: “Müəyyən insanlar var ki, birinci ixtisasdan sonra başqa ixtisasa yiyələnməyə meyil göstərirlər. Bu baxımdan, qeyri-sağlam rəqabət mühitinin aradan qaldırılması üçün yenilənməyə ehtiyac var. Ola bilsin ki, hər universitet bunu öz formatına uyğun edəcək. Bütün ölkə üzrə vahid qaydalar da hazırlana bilər. İlk növbədə əlavə təhsil üçün müraciət edənlərin siyahısı açıq şəkildə internetdə yerləşdirilməlidir. Müraciət edənlər test imtahanı ilə birinci ixtisasa qəbul kimi imtahan verəcəklərsə və ya onlardan şifahi imtahan götürüləcəksə, həmin gedişat onlayn yayıla bilər. Ola bilsin ki, müraciət edənlərin həmin ixtisas üzrə işləmələri nəzərə alına bilər”. A.Mirzəzadə əlavə təhsillə bağlı təklifini də irəli sürür: “Hesab edirəm ki, nə qədər müraciət edən olarsa onların hamısını qəbul etməliyik. Bu gün bizim ali məktəblərdə onsuz da təyinat vermirlər. Hər hansı bir ixtisas üzrə mütəxəssislərin çox olması da əmək bazarında rəqabət yaradacaq. Digər tərəfdən, əlavə ixtisasın alınması heç də həmin sahə üzrə gələcək mütəxəssisin işləməsi demək deyil. Ola bilsin ki, o, həmin sahə üzrə öz biliyinin genişləndirilməsini istəyir. Məsələn, müraciət edən müəyyən bir sahə üzrə işləyir, amma mühasibatı və ya hüququ dərindən bilmək arzusundanır. Və yaxud da artıq işlə təmin olunub, ancaq onun nəzəri biliklərə böyük ehtiyacı var”. Millət vəkili qeyd edir ki, mövcud əmək bazarı dünənə qədər qəbulu zəif gedən ixtisasların populyarlığını artırır: “Məsələn, bu gün aqrar sektorun inkişafına böyük maraq var. Bu sahəyə yatırımlar edilir. Kənd təsərrüfatı mütəxəssislərinə də böyük ehtiyac var. Bu baxımdan, aqronom, zootexnik və yaxud kənd təsərrüfatı maşın və mexanizmlər mühəndisliyinin spesifikliyi var. Bu kimi ixtisaslara da maraq artacaq. Eyni zamanda, son dövrlərdə ixtisaslaşmış psixoloji mərkəzlərə ciddi ehtiyac yaranıb, psixoloq ixtisasına böyük maraq göstərirlər. Həmçinin repetitorluq praktikası Azərbaycanda geniş yayılıb. Birinci ixtisası pedaqoji ixtisas olmayan insanlar ayrı-ayrı fənlər üzrə mütəxəssis kimi yetişib sonradan nəinki ali məktəblərə hazırlıq, ümumən orta məktəb şagirdlərinin hazırlıq səviyyəsi üçün xidmət göstərə bilərlər”. 

Əmək bazarını öyrənməyin vacibliyi

Millət vəkilinin fikrincə, ilk növbədə əmək bazarı öyrənilməlidir: “İxtisasları proqnozlaşdırmaq lazımdır. Bu gün populyar olan ixtisasa 10-20 ildən sonra tələbat azala bilər. Bu faktorlar nəzərə alınmalıdır. Onsuz da imtahanlar testlə olacaq. İkinci imtahanlar da ödənişlidir. Müraciət edənlərin ödədikləri vəsait universitetdə qalacaq və ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə kömək edəcək”.

Əlavə təhsil “əlçatan” olmayacaq

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, hazırkı vəziyyətdə bir çox adamlar əlavə təhsil almaqda çətinlik çəkir. Bəzən məsafənin uzaqlığı, universitetlərin yerləşdiyi məkan, yollarda vaxt itkisi və ya iş vaxtlarının uyğun olmaması, kvalifikasiyaya cavab verilməməsi əlavə təhsil almağa imkan vermir: “Bəzən əlavə təhsil almaq istəyən insanların qarşısına leqal, alternativ imkanlar çıxır. Bəzən də kimsə “qısa yolla” universitetə daxil ola, sonra da müxtəlif üsullarla, dərsə getmədən tədrisi başa vura bilir. Bunlar hamısı arzuolunmayan və Milli Fəaliyyət Planına uyğun gəlməyən addımlardır. Əlbəttə, əlavə təhsilə daxil olma prosesinin elektronlaşdırılması və şəffaflaşdırılması bu prosesi müsbət mənada dəyişdirəcək. Hesab edirəm ki, onda əlavə təhsilə yönələnlərin sayı da azala bilər. Çünki bu formata keçilən zaman əlavə təhsil daha az əlçatan olacaq. Əvvəlki şərtlərlə, bəlkə, daha çox insan təhsil ala bilirdi. Yəni əlavə təhsil daha hansısa formada ödəniş edib yalnız diplom almaqdan ibarət olmayacaq”. Ekspertin fikrincə, elektronlaşmış sistemlə təkmilləşmə və əlavə təhsilə qəbul prosesi gerçəkləşdirilsə belə, bəzi ali təhsil müəssisələrində əlavə təhsillə bağlı departament yoxdur: “Keçilən dərslər də ənənəvi, klassik, bəlkə də günün tələbinə uyğun olmur. Bu qaydalar o vaxt təhsilin inkişafına töhfə verə bilər ki, şagirdlərə, abituriyentlərə və ya tələbələrə alternativ təklif olunsun”.

Təranə Məhərrəmova
 

banner

Oxşar Xəbərlər