• çərşənbə, 25 Dekabr, 07:04
  • Baku Bakı 8°C

“Lalələr”i dünyanı dolaşan bəstəkar - ANIM

08.06.24 02:07 11155
“Lalələr”i dünyanı dolaşan bəstəkar - ANIM

Bəstəkar Telman Hacıyevin yazıb-yaratdığı mahnılar illər keçsə də, efirlərdən düşmür, ahəngi qulaqlardadır. Bəstəkarın adı az-az xatırlansa da, mahnıları könüllərdə zamanın möhtəşəmliyini poza bilməyəcəyi bir abidə ucaldıb.

“Abşeron nəğməsi”, “Arazım”, “Lalələr”,  “Bənövşə bəndə düşə”, Əlvida”, “Göygöl”, “Gözəl dünya”, “Dağlar qızı”, “Qonşu olmaq istəmirəm”, “Sənin üçün”, “Tələbəlik illəri”, “Ellər gözəli”, “Ay dərdim, dərmanım”... Bu neçə-neçə ürəyə yatan, ruha və qəlbə toxunan, könüllərə axan mahnıları kim eşitməyib ki... Bəstəkar Telman Hacıyevin yazıb-yaratdığı bu mahnılar illər keçsə də, nə efirdən düşür, nə də ahəngi qulaqlardan silinir. Bəstəkarın adı az-az xatırlansa da, mahnıları könüllərdə zamanın möhtəşəmliyini poza bilməyəcəyi bir abidə ucaldıb. Telman Hacıyev 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib, kompozisiyalar yazıb. 

Dövlət Televiziya və Radio Komitəsində, Bəstəkarlar İttifaqında, Dövlət Filarmoniyasında, “Tənqid-Təbliğ” Teatrında və s. yaradıcılıq məkanlarında müxtəlif vəzifələrdə çalışmaqla bərabər, insanlara mahnı töhfələrini də əksiltməyib. Ünlü söz adamları, görkəmli müğənnilərlə işləməsi isə yaratdığı əsərlərin dəyərini daha da artırıb.  

9 iyun sevilən bəstəkar, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Telman Hacıyevin doğum günüdür. Onunla işbirliyində olan şairlər, müğənnilər deyirlər ki, bəstəkarın yazdığı əsərlər içərisində mahnı yaradıcılığı daha zirvədə dayanır. 

“Gedirəm ata-anamın yanına...”

Xalq şairi Baba Vəziroğlu Telman Hacıyevi Azərbaycan bəstəkarlıq məktəbinin mahnı janrında ən parlaq nümayəndələrindən biri hesab edir: “O, 1950-ci illərin sonu, 60-cı illərin əvvəli bizim mədəniyyətimizə gələn bəstəkardır. İlk mahnılarından biri “Lalələr”dir. Bu mahnı Gəncə, Azərbaycan təbiəti haqqında himnə çevrilib. Görün, bu mahnını hansı korifeylər oxuyub? Zeynəb Xanlarova, Rəşid Behbudov... Bu, Yaxın Şərqdə, Orta Asiyada, Türkiyədə dillər əzbəri olan bir mahnıdır. Qızını da o mahnının adı ilə “Lalə” adlandırıb. Telman Hacıyev tələbəlik illəri ilə bağlı məşhur “Tələbə” himnini yazan bəstəkardır. O mahnı Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunan film üçün yazılıb”.

B.Vəziroğlu bəstəkarla birlikdə 50-dən çox mahnı yazdığını deyir: “Mən əksər Azərbaycan bəstəkarları ilə işləmişəm. Amma Telman müəllimlə yaxın dost olmuşuq. Səfərlərimiz də, günümüz də bir yerdə keçib. Baxmayaraq ki, yaş fərqimiz vardı, amma dostluğumuz tuturdu. Telman müəllim çox saf, təmiz insan idi. Onda güclü yumor hissi vardı”. B.Vəziroğlu Telman Hacıyevlə tanışlığının tarixçəsini də danışır: “Telman müəllim mənə qədər çox şairlərlə işləmişdi. Fikrət Qoca, Aslan Aslanov, Cabir Novruz, Rəfiq Zəka ilə yaxşı işbirliyində idi. Mən onunla dost olanda 17 yaşım vardı, birinci kursda oxuyurdum. Sonradan demək olar ki, mənlə işlədi. Onun vasitəsilə ilk mahnılarımı yazmışam. Bizim üçlükdən ibarət qrupumuz vardı - mən, Telman müəllim və Nisə Qasımova. Demək olar ki, hər gün toplaşırdıq. Gülürdük, danışırdıq və hər görüşdən gözəl bir mahnı yaranırdı. Mən onun evində Polad Bülbüloğlu ilə, Şövkət Ələkbərova və digər məşhur insanlarla tanış olmuşam. O, təvazökar insan idi. Sənət yoldaşlarını qabağa verir, özü kölgədə qalırdı”. B.Vəziroğlu deyir ki, Telman Hacıyevin Azərbaycan televiziyasında musiqi siyasətinin formalaşmasında böyük əməyi olub: “Telman müəllim heç vaxt ara mahnıları, bayağı melodiyaları efirə yaxın buraxmayıb. “Küçədə yazılan, dayanacaqlarda oxunan mahnıları bu televiziyaya buraxmaq olmaz. Xalqın zövqünü korlaya bilmərik”, - deyirdi. Müraciət edənləri elə şirin dillə yola salırdı ki, heç ruhları da incimirdi. Təəssüf ki, indi o cür sənət fədailəri yoxdur”.

 

B.Vəziroğlu “Telman Hacıyev həyatdan köçəndə heç 60 yaşı yox idi”, - deyə təəssüflə bildirir: “Telman müəllim ürəkdən getdi, hər şeyi ürəyinə salan adam idi. Zahirdə deyib-gülürdü, zarafat edirdi. Amma demə hamısını - bütün haqsızlığı, ədalətsizliyi, cəmiyyətdə gördüyü naqislikləri ürəyinə salırmış. Biz onu ata-anasının yanında dəfn etdik. Telman müəllim öz ölümünü gülərüzlə qarşılayan adam idi: “Gedirəm ata-anamın yanına...” dedi”. B.Vəziroğlu duyğulanır: “Nə zaman “Lalələr”, “Tələbəlik illəri” səslənir, elə bilirəm, Telman müəllim zəng edib “həəə, necədir, xoşuna gəldi?” - deyə soruşacaq: “Onun ev telefonunun nömrəsi hələ də telefon kitabçamda qalır, poza bilmirəm. Həmin evi ailəsi çoxdan satıb, başqa yerə köçüblər. Ola bilsin ki, o telefon da artıq mövcud deyil, amma mənim telefon kitabçamda həmişə qalacaq”. 

Musiqi ilə dolu bəstəkar

“Telman Hacıyev Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan sənətkardır”, - deyə Xalq artisti Mübariz Tağıyev xatırlayır: “Telman Hacıyevlə televiziyada “Vətən” əsəri üzərində işləmişəm. Onun instrumental əsərlərinin çoxu nəğməyəbənzər, yaddaqalan və əlçatandır. O, musiqi ilə dolu bir bəstəkar idi. Təsadüfi deyil ki, onun “Lalələr” mahnısı həm İranda, həm də Türkiyədə ifa olunur. Telman müəllimin bəstələdiyi mahnılar hər zaman yaddaşlarda qalacaq”.

Mahnıları daha məşhur idi

Xalq artisti, bəstəkar Faiq Sücəddinov həmkarını  çoxşaxəli bəstəkar adlandırır: “Telman Hacıyevin  instrumental əsərləri vardı, filmlərə musiqi yazıb, amma onun mahnıları daha məşhur idi. Telmanın  mahnıları estrada orkestrində ifa olunub. Zeynəb Xanlarova, Flora Kərimova, Gülağa Məmmədov, Şövkət xanım kimi görkəmli müğənnilər oxuyub onun mahnılarını. Rəşid Behbudovun ifasında onun “Lalələr”i dünyanı gəzdi. Mən Şimali Kiprdə dərs deyəndə aktyor Kamal Sunalın oynadığı “Hababam sinifi” adlı türk filminə baxdım. Kamal Sunal filmdə “Lalələr”i oxuyub. Bu, Telman Hacıyevin yazdığı “Lalələr” idi.  Onun “Abşeron” mahnısını “Qaya” ansamblı, “Tələbəlik illəri”ni Elmira Rəhimova oxuyurdu. Telman Hacıyev duetlər yazırdı, oynaq mahnılara yer verirdi. Onun gözəl mahnıları həmişə yadıma düşür”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər