• cümə axşamı, 25 aprel, 10:40
  • Baku Bakı 14°C

Kukla teatrları bir səhnədə toplaşacaq

22.05.23 15:15 757
Kukla teatrları bir səhnədə toplaşacaq

Bildiyiniz kimi, bu il peşəkar Azərbaycan milli teatrının yaranmasının 150, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyidir.
Hər iki əlamətdar təqvim ilə əlaqədar olaraq əksər qurumlar, yaradıcı təşkilatlar kimi Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.
Bunlardan biri də 13-17 iyun tarixlərinə nəzərdə tutulan “Kukla Teatrları Həftəsi”dir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində baş tutacaq və “Açıq qapı” prinsipi ilə olacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Teatr bayramında fəxri qonaqlar, ölkənin tanınmış teatr, mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, sənətşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar.
Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar.
Ölkədəki bütün kukla teatrlarını bir araya gətirəcək bu teatr görüşündə uzun illik fasilədən sonra ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Dövlət Kukla Teatrı da iştirak edəcək.
Iyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.
Iyunun 17-də teatr bayramı sona çatacaq, iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq.

banner

Oxşar Xəbərlər