çərşənbə axşamı, 05 iyul, 22:06

Baku Bakı 30°C

Kreml qaçaqmalçılığı leqallaşdırır? - ŞƏRH

icon 732 icon 28 may 2022 | 02:00 Kreml qaçaqmalçılığı leqallaşdırır? - ŞƏRH

Rusiya məhsul qıtlığından xilas olmaq üçün hər cür addıma əl atır. "Paralel idxal" siyahısına 289 adda mal və “dost olmayan ölkələr”dən yüzlərlə marka daxildir. Siyahının genişliyi Rusiya iqtisadiyyatının xarici idxaldan nə dərəcədə asılı olduğunu göstərir. 

Ukraynaya qarşı apardığı ədalətsiz müharibə səbəbindən sanksiya və qadağalarla üzləşən Rusiya vəziyyətdən çıxmaq üçün ağlasığmaz addımlara əl atır. İdxal və ixracatda ciddi problemlər yaşayan Rusiya bazarı ehtiyac duyulan mallarla doldurmaq üçün dolayı yollar axtarmaqdadır. Ekspertlərin qənaətincə,  Kreml "paralel ixrac"ı leqallaşdırmaq (mahiyyətcə qaçaqmalçılıq anlamına gəlir) və buna bənzər hiyləgərliklərə al atmaqla müəyyən mənada istehlak tələbatını ödəməyə və vaxt udmağa ümid edir. Bununla həm də dağılan logistik halqanı yenidən qurmağa çalışır. Lakin çətinliklər də var. Sənayeni həmin məhsulların hüquqi sahibinin icazəsi olmadan mürəkkəb avadanlıqlarla, materiallarla təchiz etmək çox çətin olacaq. Xüsusən də nəzərə alsaq ki, Çin Rusiya iqtisadiyyatına yardım əlini uzatmağa tələsmir. Bu da onu deməyə əsas verir ki, böhrandan çıxmağa ümid etmək olmaz. 

Rusiya ixracdan nə dərəcədə asılıdır?

Beləliklə, "kollektiv Qərb”lə müharibə göstərdi ki, Rusiya hətta öz vətəndaşlarını nəinki smartfon və yaxud avtomobil ehtiyat hissələri, hətta geyim, ayaqqabı, oyuncaq və s. ilə təchiz etmək iqtidarında deyil. Kənd təsərrüfatında xarici malları yerli məhsullarla əvəz etməyə müvəffəq olsa da, sənaye sahəsində eyni uğurlarla öyünə bilməz. Bir çox sənaye sahələri, o cümlədən neft-qaz, avtomobil, dəzgahqayırma, yüngül metallurgiya, əczaçılıq sahəsində də vəziyyət kritik həddə çatıb. Müharibəyə az qalmış aparıcı müəssisələrin 70 faizi bildirirdi ki, xarici texnika olmadan fəaliyyət göstərə bilməzlər, 65 faiz isə idxal olunan xammaldan, materialdan asılıdır.

İki-üç dəfə güclü zərbə gözlənilir 

Fevralın 24-dən sonra tətbiq edilən sanksiyalar, eləcə də yüzlərlə xarici şirkətin boykot qərarının Rusiya idxalını iflasa uğratdığı göz önündədir. Fəlakətin miqyasını isə Rusiya gömrüyü ortaya qoydu - ixrac və idxalla bağlı məlumatları məxfiləşdirdi. Bununla belə, bəzi mənbələr Mərkəzi Bankın məlumatlarına əsaslanaraq aprel ayında idxalın 70-80 faiz azaldığını göstərir. İnkişaf etmiş ölkələrdən yüksək texnologiyalı məhsulların tədarükünün dayanması bu sahənin ən çox ziyan çəkməsinə səbəb olub. Çindən gələn məhsulların azalması da həyəcan doğurur: müharibədən əvvəl 8 milyard dollarlıq mal gəlirdisə, indi bu rəqəm 3,8 milyard dollara enib. Müharibənin ilk həftələrində cihazların, şəkərin və digər malların çatışmazlığına səbəb olan istehlakçı panikası qismən səngisə də, mayın ortalarında aparılan sorğuya görə, qida qıtlığını hiss edənlər 58 faiz təşkil edir. Üstəlik, ticarət blokadasının nəticələri hələ tam təsirini göstərməyib: yanvarda sənaye istehsalı indeksi 9 faiz idisə, fevralda bu rəqəm 6, martda isə cəmi 3 faiz təşkil edib. Bundan başqa, avtomobil sənayesində mart ayında azalma 45,5, gəmiqayırma və təyyarəqayırmada 14, elektrotexnika sənayesində 11 olub. Aprel ayı üçün rəsmi məlumatlar hələ dərc olunmayıb, lakin Təbii İnhisar Problemləri İnstitutunun (IPEM) alternativ indeksi artımın azalmağa doğru getdiyini göstərir. Hökumətin proqnozlarına görə, bu il sənaye istehsalı 7-9 faiz azalacaq. Əgər belə olacaqsa, o zaman Rusiya sənayesini 2020-ci ildəki pandemiyadan iki-üç dəfə güclü zərbə gözləyir. 

İdxal boşluqları

“Paralel idxal”ı leqallaşdırmaqla vəziyyəti xilas etməyə çalışan Rusiya müəllif hüquqları sahibinin razılığı olmadan qeyri-rəsmi kanallar vasitəsilə malların tədarükünü reallaşdırır. "Paralel idxal"ın mümkün leqallaşdırılması 2010-cu illərin ortalarında, Rusiya sanksiyaların ilk dalğaları ilə üzləşdiyi zaman müzakirə edilib. Lakin o zaman hakimiyyət xarici investorların təzyiqindən qorxaraq bunu etməyə cəsarət etmədi. 2022-ci ilin yazında isə bu cür mülahizələr mənasını itirmiş olub. "Paralel idxal" olunan malların siyahısına 96 məhsul qrupu (yəni xarici ticarət nomenklaturasının bütün maddələri), 289 adda mal və “dost olmayan ölkələr”dən yüzlərlə marka daxildir. Siyahının genişliyi Rusiya iqtisadiyyatının xarici idxaldan nə dərəcədə asılı olduğunu göstərir. Məlum olur ki, ölkə təkcə xammal, dəbdəbəli əşyalar, komponentlər və qurğular deyil, həmçinin trikotaj, sabun, çantalar, divar kağızları, paltarlar, ayaqqabılar, papaqlar, oyuncaqlar və s. idxal edir. "Paralel idxal" Rusiya ilə həmsərhəd olan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə mənfəət vəd edir. Məlumatlara görə, Gürcüstan və Ermənistan sanksiya və qadağalardan yan keçərək Rusiyaya çatdırılma üzrə ixtisaslaşan yüzlərlə şirkət açır. 

Qərb Ermənistana niyə sanksiya tətbiq etmir?

Rusiyanın Cənubi Qafqazda forpostu olan İrəvan Kremlin Kiyevə qarşı işğal siyasətini nəinki müdafiə edir, hətta zəruri dəstəyini də göstərir. Söhbət ilk növbədə yüksək texnologiyalar sahəsində göstərilən yardımlardan gedir. Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat məlumatına görə, Ermənistana Rusiyanın informasiya texnologiyaları üzr ixtisaslaşan 113 şirkəti gəlib. Fevral hadisələrindən sonra erməni iş adamı, adı sanksiya siyahısında olan Ruben Vardanyan da İrəvana köçüb. Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bəyan edib ki, 16 minə yaxın qeyri-rezident Ermənistan banklarında yeni hesablar açıb, onların əksəriyyəti Rusiyanın rezidentləridir. Düzdür, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı da sanksiyalar tətbiq oluna biləcəyini deyib. O, Ermənistanın da bu ölkələrdən biri olduğunu vurğulayıb. Amma hələ ki, ortada bir şey yoxdur. Ermənistan öz ampluasındadır və Qərb də buna göz yumur.

Azər NURİYEV