• cümə axşamı, 28 mart, 18:14
  • Baku Bakı 13°C

Kondisionerlərin dezinfeksiya olunmayan filtrləri insan orqanizminə zərərlidir

02.08.22 18:00 370
Kondisionerlərin dezinfeksiya olunmayan filtrləri insan orqanizminə zərərlidir

Kondisionerdən uzun müddət istifadə etmək müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb ola bilər. Olduğumuz mühitdə ani hava dəyişməsi hər zaman ilk olaraq dəriyə təsir edir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, kondisioner olan otaqda bir neçə saat oturduqda dəridə quruma, çatlama və qabıq əmələ gələ bilər. Belə vəziyyətdə dəriyə tez-tez nəmləndirici krem çəkmək lazımdır. Nəmləndirici krem qurumanın qarşısını alır. Quru dəridə müxtəlif bakterial xəstəliklər də meydana gələ bilər.

Kondisionerin digər zərərli təsiri də yaratdığı əzələ ağrılarıdır. İş yeri və ya evdə fərqinə varmadan kondisionerli otaqda çox zaman keçirdikdə əzələlərdə tutulmalar, sıxılmalar və ağrılar meydana gələ bilər. Bu vəziyyətlə qarşılaşmamaq üçün kondisionerin dərəcəsini aşağı qoymaq və ya kondisionerin olduğu ərazidən uzaq olmaq lazımdır. Kondisioner havasında oturmaq baş ağrısına da səbəb ola bilər.

Havada olan virus və bakteriyalar kondisioner vasitəsilə olduğunuz otağa və ya avtomobilə daxil olur. Bunun nəticəsində soyuqdəymə, qrip, kimi xəstəliklərə yoluxma halları baş verə bilir.

Kondisionerlə yoluxan ən ağır xəstəliklərdən biri “legionella pnevmaniyası”dır. Bu xəstəlik ilk dəfə 1976-cı ildə Pensilvaniyada bir yığıncaqda, salondakıların hamısında aşkar edilmiş və xəstəliyin ventilyasiya sistemindən qaynaqlandığı müəyyən olunmuşdur. Xəstəliyin simptomları adi sətəlcəmin əlamətlərindən fərqlidir. Xəstəliyə səbəb olan isə kondisioner sistemində yaranan bakteriyadır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində törəyir. Xəstəlik insandan insana da yoluxur. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olmur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı da simptomlar arasındadır. Xəstəlik 21 gün müddətində ciddi müalicə ilə sağalır. Südəmər uşaqların olduğu otaqda kondisioner işlədilməməlidir.

Kondisionerdən çox istifadə tənəffüs yollarına mənfi təsir edir və allergik reaksiyalara səbəb olur. İmmunitet sistemini zəiflədərək bədən müqavimətini azaldır. Kondisionerli mühitdə çox qalmaq öskürək, baş ağrısı, boyun, əzələ tutulmaları, dəridə quruluq, dodaq çatlaması kimi problemlərə yol açır.

Kondisionerlərdən düzgün istifadə etmək orqanizmi onun mənfi təsirlərindən qoruya bilər. Filtrin orijinal və keyfiyyətli olmasına diqqət yetirmək vacibdir. Kondisioner filtrinin baxımı, təmizliyi nizamlı şəkildə edilməlidir. Dezinfeksiya olunmayan filtrlər ətrafa göbələk, kif, virus, bakteriya yayır. Xüsusilə avtomobil kondisionerlərinin orqanizmə mənfi təsiri daha çoxdur.

banner

Oxşar Xəbərlər