• bazar, 22 Dekabr, 17:25
  • Baku Bakı 9°C

“Kənd turizmi yalnız gecələmə və qidalanma deyil” - MÜSAHİBƏ

03.06.23 05:00 13137
“Kənd turizmi yalnız gecələmə və qidalanma deyil” - MÜSAHİBƏ

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov: “İstirahətə gələn insana ilk gündən davranış qaydaları izah edilməsə, sonra narazılıq yaranar. Məsələn, İsmayıllı rayonunda ev sahibi belə halla rastlaşıb. Evini 3 nəfərlik ailəyə verib. Ev sahibi 3 gündən sonra gələndə evdə 3 nəfər əvəzinə 8 nəfəri görüb”.

Kənd turizmi təkcə kəndləri deyil, həm də kiçik şəhərləri əhatə edir. Turistlər bu ərazilərə dincəlmək, “ənənəvi həyat tərzinə” qoşulmaq, fermerlərin işi ilə tanış olmaq və “maddi nemətlər əldə etmədən” kənd təsərrüfatı işlərində iştirak etmək üçün gəlirlər. Hazırda şəhər əhalisini, turistləri istirahət şəraiti, mənzil və yeməklə təmin edən kəndlilərin fəaliyyət forması kimi qəbul edilən kənd turizminin inkişafı dövlətlər üçün prioritet olmalıdır.

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Universitetinin müəllimi  Qəhrəman Yusupov bu sahədə məlumatlılığın da işin təşkilində mühüm rol oynadığı qənaətindədir:

Turistin məmnun olmasını istəyiriksə...

- Yay ayları yaxınlaşır və insanlar kənd yerlərində istirahətə daha çox üstünlük verəcəklər. Hazırda kənd qonaq evlərinin vəziyyəti hansı səviyyədədir?
- Kənd turizmində əsas olan kəndlinin evidir. O, evinin bir hissəsini məhz turistlərin qəbulu üçün ayırır və onlara xidmət göstərir. Burada hər iki tərəf fayda əldə edir – sahibi evdən əlavə gəlir mənbəyi kimi istifadə edirsə, turist fərqli bir mühitdə istirahətinin təşkil olunmasından faydalanır. Kənd turizmi yalnız gecələmə və qidalanma deyil. Evin içindəki məişət cihazlarından istifadə, evin ətrafında turistə şəraitin yaradılması, uşaqlar üçün oyun yerləri və ya yelləncəyin olması, yerli kulinariyanın mənimsənilməsi də əsas şərtlərdir. Hər hansı kənd qonaq evinin sahibi turistin məmnun olmasını istəyirsə, çalışmalıdır ki, turistə heç bir narahatçılıq olmasın. Ev sahibi əvvəlcədən turistə evindəki şərait və davranış qaydaları ilə bağlı məlumat verməlidir. Hər hansı nöqsan olarsa, təkcə ev sahibinə qarşı deyil, ümumilikdə ölkəmizə qarşı mənfi rəy yarana bilər. Ev sahibi turisti qəbul edirsə, gələn adamın danışıq qabiliyyəti, zahiri görkəmi onu qane etməlidir. Yəni hər adamı evə qəbul etmək olmaz. Eləcə də ev sahibinin davranışı, görkəmi turistdə xoş izlər buraxmalıdır. Ev sahibi heç olmasa, az da olsa xarici dil bilməlidir ki, müştəri ilə ünsiyyətdə ola bilsin.

Kənd turizmi məşğulluğun bir hissəsi kimi

- Əvvəllər İcma əsaslı və Kənd turizmi qurumları vardı. Sonradan Kənd yaşıl turizmi kimi fəaliyyət ad dəyişikliyi idi, yoxsa məzmun?
- Kənd  turizminin əsasını kənd qonaq evlərinin turistlərə açıq olması təşkil edir. İcma turizmi kənd turizminin daha yüksək mərtəbəsidir. Əgər hər hansı kənddə turizmlə məşğul olanların sayı çoxdursa, onlar bu fəaliyyətlərini daha da genişləndirmək və daha çox fayda götürmək istəyirlərsə, İcma əsaslı turizm kimi qurumda birləşə bilərlər. Kənddə hamı kənd turizmi ilə məşğul olmur. Bunun üçün onlara reklam lazımdır. Onlar öz xidmətlərini sosial platformalarda yerləşdirə bilərlər. Əgər daha çox qonaq qəbul etmək istəyirlərsə, onda bir neçə evin sahibi birləşib turoperatora müraciət edib müqavilə bağlamalıdır. Onda həm turoperatorların marağı artar, həm də seçim imkanları çoxalar. Eyni zamanda kənd qonaq evlərinin internet resursu da yaradılmalıdır. Məsələn, 15 ev birləşib bir internet səhifəsi yaradır və xərclər hamısının arasında bölüşdürülür. Ev sahibi evi haqda məlumatı saytda yerləşdirməlidir ki, turist gedəcəyi kənd və ev sahibi haqda məlumatı əldə etsin. Turist gələndə də özü haqda anketi doldurmalıdır. Kənd yaşıl turizminə gəlincə, bura turistlər yaşıllıqla əhatəli olan yerlərə gəlirlər.

- Yaşıl kənd turizminin təşkili ilə bağlı ictimai təşkilat var. Bəs hüquqi baza necə, mövcuddurmu?
- Əlbəttə, mövcuddur. “Ailə kəndli təsərrüfatı haqda” qanunda təsərrüfat daxilində kəndlinin hansı fəaliyyətlə məşğul olması əks olunub. Söhbət kənd evinin ərazisindən gedir. Eyni zamanda, kənd qonaq evi sahibi dulusçuluq, dəmirçilik və s. kimi sənətkarlıq növləri, yaşıl turizm fəaliyyəti ilə məşğul ola və gəlir əldə edə bilər.

- Bəs gəlirinin müqabilində kəndli vergiyə cəlb olunurmu?
- Nazirlər Kabinetinin müvafiq qərarına görə,  ailə kəndli təsərrüfatının hər bir üzvünün illik gəliri 5000-dən yuxarı olmadıqda, o vergiyə cəlb olunmur. Əgər üzvlərin sayı 5 nəfərdirsə və illik qazanc 25 000 manatdırsa, onlardan vergi tələb olunmur. Bələdiyyələrə kənd evlərinin hesabatı verilir və sənəddə kəndlinin toyuq-cücəsi, heyvanlarının sayı, evin həyətyanı sahəsi haqda məlumatlar qeyd olunur. Amma mən kənd turizmi ilə məşğul olanların vergiyə cəlb olunmasının tərəfdarı deyiləm. Məsələn, Almaniya iqtisadi baxımdan yüksək inkişaf etmiş ölkədir. Orada kənd turizmi ilə məşğulluqda 9 çarpayıya qədər yeri olan insanlar vergiyə cəlb olunmur. Macarıstanda və bir sıra ölkələrdə də belədir. Hazırda  Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin  reyestrinin hazırlanması ilə məşğuldur. Yəqin ki, bu, həmin kənd evlərinin vergiyə cəlb olunmasının ilk addımıdır. Amma kənd turizmi məşğulluğun bir hissəsidir. Bir ailədə gəlir mənbəyi varsa, bu işlə məşğul olan övlad niyə şəhərə getməlidir? Mən təklif etdim ki, 20 və ya 50 manatlıq birdəfəlik rüsum olsun. Çünki həmin kəndli 3 aydan bir hesabat verməlidir, geciksə cərimə ödəyəcək. Xüsusən interneti zəif olan yerlərdə problemlə üzləşəcək. Məncə, bu məqamları da nəzərə almaq lazımdır.

Təhlükəsizlik məsələlərinin önəmi

- Kənd qonaq evlərində turistlərin təhlükəsizlik məsələsinin təminatı necədir?
- Bu məsələ çox vacibdir. Çünki səfərə çıxan hər bir adam evinə salamat qayıtmaq istəyir. Bu, turizmin bütün növlərində belədir. Kənd qonaq ev sahibi bunu əvvəlcədən nəzərə almalıdır. İlk növbədə gələn turistin ev heyvanlarından, gəmiricilərdən və ağcaqanadlardan qorunması məsələləri həll olunmalıdır. Əgər evdə xəstə adam olarsa, turistə yaxınlaşmamalıdır. Həmçinin məişət cihazlarından istifadə etmək qaydalarını turistlərə başa salmaq lazımdır. Evdən kənar təhlükəsizlik qaydalarına gəlincə, hər bir ev sahibi polis sahə müvəkkili ilə ünsiyyətdə olmalı, gələn qonaq haqda məlumat verməlidir. Kəndətrafı ərazilərdə turistlərə bələdçilik etmək lazımdır. Turist həmçinin kənd həyatını öyrənməyə gəlir. Ətraf ərazini gəzərkən meşədəki heyvanlar, çayda, göldə çimməklə bağlı və ətraf ərazilərdə hər hansı təhlükənin ola biləcəyini ona izah etmək lazımdır. Hər hansı bir turist gedəcəyi yer haqda məlumatlı olmalıdır. Sənədləşmə də çox önəmlidir.

Qarşılıqlı anlaşma olmayanda

- Rayonlara və kəndlərə yolumuz düşəndə kirayələrlə bağlı evlərin qapı və hasarlarına vurulan elanlara rast gəlirik. Onların pərakəndə təklifi problem yaratmır ki?
- Bələdiyyələrə tapşırıq verilib ki, kənd sakinlərinə yardımçı olsunlar. Əgər hər hansı bir ev sahibi elan vurubsa, demək turistlərlə ünsiyyətdə çox olub və gələn hər müştəri haqda təsəvvürü var. Artıq bu işdə təcrübəsi olan ev sahibləri evləri və özləri haqda məlumatları fərdi qaydada beynəlxalq portallarda yerləşdirirlər. İsmayıllı rayonunun Lahıc, İvanovka kimi kəndlərində ev sahibləri var ki, artıq təcrübəlidirlər və elanlarını yerləşdirirlər. Bu onların daha çox turist cəlb etmələrinə səbəb olur.

- Yaşıl kənd turizmi hazırda hansı rayonlarda daha çox inkişaf edib?  
- Kəndlərdə ev sahibləri reklamlarını müxtəlif platformalarda yerləşdirirlər. Gələnlər də var. Statistikanı deyə bilmərəm. Ümumilikdə turizmdə statistika təqribidir. Hazırda Xaçmaz, Quba, Şəki, Masallı, Astara, Lənkəran, Göygöl, İsmayıllı və s. rayonların kəndlərində evlərə kütləvi maraq var. Dövlət Turizm Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədarük və Təchizat” ASC-si kənd turizminin inkişafı üçün layihələr həyata keçirirlər. Məsələn, müəyyən şərtlər daxilində İsmayıllı rayonunda ev sahiblərinə məişət cihazları təqdim ediblər ki, turistlərin qəbulunu həyata keçirsinlər. Bəzən bu layihələr təmənnasız olur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də bu cür layihələri həyata keçirir. Daşkəsənin Bayan və Kəmərqaya kəndləri, Şamaxının Quşçu kəndində və Gədəbəy rayonunun kəndlərində turistləri qəbul edir və onlara xidmət göstərirlər.

- Əsasən qarşılıqlı anlaşmada hansı problemlər yaranır?
- İstirahətə gələn insana ilk gündən davranış qaydaları izah edilməsə, sonra narazılıq yaranar. Məsələn, İsmayıllı rayonunda ev sahibi belə halla rastlaşıb. Evini 3 nəfərlik ailəyə verib. Ev sahibi 3 gündən sonra gələndə evdə 3 nəfər əvəzinə 8 nəfəri görüb. Bu halda avadanlığın aşınması, ödəniş söhbəti ola bilər. Başqa bir misal: evini kirayə verdiyi adamlar sahibinə xəbərdarlıq etmədən kənd adamları üçün yorğan sırımağa başlayıblar. Bu da ev sahibinin xoşuna gəlməyib. Xüsusən, birinci hallar daha çox təkrarlanır. Buna görə də ilk gündən “nə etmək olar, nə etmək olmaz” kimi razılaşma olmalıdır.

- Bizdə “kənd turizmi” deyəndə bəzən meşədə, çay kənarında kabab çəkmək, piknik etmək kimi anlaşılır. Amma kəndlərin tarixi abidələri, yerləri var. Məsələn, keçən yay İsmayıllı rayonunda “Ögəy ana” filminin kadrlarının çəkildiyi çayı tapmaq üçün xeyli axtarış etməli olduq. Çaya gedən yolda heç bir tanıtım nişanları qoyulmayıb. Bu cür detallar da turizmdə mühüm rol oynayır. Bununla bağlı geniş təşviqə ehtiyac yoxdurmu?
- Ehtiyac var... Kənd turizmi elə bir sahədir ki, bu sahə ilə məşğul olan insan öz kəndini sevməlidir. Öz kəndinin mədəniyyətini, tarixini, tanınmış adamlarını, abidələrini tanımalı, rayonu və ölkəsi haqda məlumatlı olmalıdır. Gələn turistin kənddəki tanınmış insanlarla görüşünü də təşkil edə bilərlər. Gələn turistə məlumat verdikcə onun dünyagörüşü genişlənir. Kənd yaşıl turizmi insanları öz etnosunu, kimliyini və mədəniyyətini saxlamaq üçün əsasdır. Yaddan çıxan rəvayətləri, folklor nümunələrini yada salmaq, sənətkarlıq nümunələrini xatırlamaqla ünsiyyət dairəsini genişləndirir. Bu, multikulturalizmdir. Bəli, kənd yerlərində tarixi yerlərin, abidələrin tanıtımı mütləq olmalıdır. Bu, turistə həmin yer haqqında daha ətraflı məlumat verər. Bələdiyyələr bu işlə məşğul olsalar yaxşı olar. Bizim layihədə işarə göstərici lövhələrin vurulması da var idi. Amma pandemiya oldu. İndi də edən yoxdur. Kəndin cəlbedici olması üçün ora yol olmalıdır. Su, işıqlandırma, rabitə ilə bağlı problem olmamalıdır. Bələdiyyə etməsə, kənd qonaq evi sahibləri özləri birləşib bunları etməlidir.

- Siz layihələrlə bağlı kəndlilərlə ünsiyyətdə daha çox olursunuz. Əsas şikayətləri nə ilə bağlıdır?
- Əsas şikayətlər müştərinin cəlb olunması ilə bağlıdır.  Ona görə ev sahibi sosial platformalar, turoperatorla ünsiyyət qurmalıdır. Onların bəzisi bunu bilmir. Bakıya gəlməyə tənbəllik edirlər. Özləri edəndə də o qədər effektli nəticə olmur. Amma daha çox turist qəbul etmək və gəlir qazanmaq istəyənlər əlaqələrini genişləndirirlər. Elə kəndli ailəsi var ki, bu, onun əsas qazanc mənbəyidir.

160-a yaxın kənd

- Bizim kəndlər hər hansı assosiasiyada birləşirlərmi?
- Kəndlər bələdiyyə səviyyəsində birləşiblər. 160-a yaxın kənd bələdiyyədə təmsil olunur. Hər hansı fəaliyyəti həyata keçirərkən bir yerə toplanıb yolların çəkilməsi, işıqlandırma, ictimai nəqliyyatın işə salınması kimi məsələlərin həlli üçün yollar axtarmalıdırlar. İcma əsaslı turizm buna gətirib çıxarır. Bəzən ev şəraiti yaxşı olsa da, kəndin şəraiti pis olur. Yol, işıqlandırma, su problemi olur. Ətraf ərazinin təmizlənməsi üçün kənd camaatı aksiya keçirə bilər. Bunları bələdiyyənin razılığı ilə həll etmək olar.

- Bizim fərqli və zəngin mədəniyyəti, tarixi olan Xınalıq, Lahıc, Basqal kimi kəndlərimiz var. Niyə bu kəndlərin Gözəl Kəndlər Assosiasiyasına üzv olmasına iddialı deyilik?
- İstək lazımdır... Düzdür, istək var, amma tənbəllik daha çoxdur. Ümumdünya Turizm Təşkilatı hər il baxımlı kəndlər siyahısını verir. Reytinqdə ayrı-ayrı ölkələrdən bir-iki kənd yer alır. Seçim ora gedib gələn turistlərin rəyləri əsasında formalaşır. 2022-ci ilin siyahısında Türkiyənin 2-3 kəndi var. 2019-cu ilin əsas siyahısında olmasa da, inkişafa doğru gedən kəndlər siyahısında bizim kəndlərimizdən biri yer almışdı. Çox güman ki, bu Lahıcdır. Çünki Lahıc qəsəbəsi haqda məlumat çox yayılıb. Orada 5 evdən dördü turist qəbul edir.
 
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər