“Düyü cənnəti”ndən reportaj - BƏLƏDÇİ

Balililər inanırlar ki, düyü adaya tanrılar tərəfindən göndərilib. Düyü yerli sakinlərin əsas qidasıdır. Demək olar ki, istənilən kafe və ya restoranda menyuda düyü yeməkləri təklif olunur. Düyüdən müxtəlif qəlyanaltılar və hətta qənnadı məmulatları hazırlanır.
Balidə düyü terrasları əsas turizm marşrutudur. Bu sahələr minlərlə hektar ərazini əhatə edir, bəzilərinin isə iki min ildən çox yaşı var. Düyü indoneziyalılar üçün yeməkdən daha üstündür.
Adaya səyahət edən turistlər üçün düyü terraslarına maraqlı turlar təşkil edilir. Bu səfərlər düyü yetişdirilməsinin tarixi, məhsulun yığılması, bu əvəzsiz Asiya məhsulunun qədim becərilməsi metodları ilə tanış olmağa imkan verir. Düyü terraslarda - təpələrin yamaclarında yaradılmış pillələrdə və düzənlik sahələrdə yetişdirilir. Terrasların əksəriyyətinə giriş pulludur: 20.000 rupi (2 AZN).
Tanrıların hədiyyəsi
Bali torpağında ilk düyünü kimin və nə vaxt əkdiyi dəqiq məlum deyil. Bu barədə çoxlu əfsanələr və araşdırmalar var. Balililər inanırlar ki, düyü adaya tanrılar tərəfindən göndərilib. Düyü yerli sakinlərin əsas qidasıdır. Onlar hər gün bu qidadan istifadə edirlər. Demək olar ki, istənilən kafe və ya restoranda menyuda düyü yeməkləri təklif olunur. Düyüdən müxtəlif qəlyanaltılar və hətta qənnadı məmulatları (məsələn, düyü konfetləri, kofelər) hazırlanır. “Moonshine” kimi spirtli içkilərin hazırlanmasında da düyüdən istifadə olunur.
Müqəddəs rənglərin anlamı
Adada ən məşhur düyü terrası Balinin mərkəzində yerləşən Tegallalang düyü sahələridir. Bu sahələr adanın ən qədim və ən çox ziyarət edilən görməli yerlərindəndir.
Terraslarda ağ, qara, qəhvəyi, qırmızı və sarı düyü sortları yetişdirilir. Bələdçimiz izah edir ki, balililərin dini mifologiyasında hər rəngin öz anlamı var. Məsələn, ağ sülh və əmin-amanlıq simvoludur. Qara bədbəxtliyin və kədərin rəngi olsa da, pis ruhları qorxudur. Qırmızı müsbət və yaradıcı enerjini, səmavi harmoniyanı simvolizə edir, pisliyə qalib gəlir və onu yaxşılığa çevirir. Bundan əlavə, qırmızı rəng bəzən tanrı Brahmanı simvollaşdırır. Sarı saflığın rəngi, bilik, harmoniya, ağıl gücüdür.
Bundan başqa, terraslarda müxtəlif tərəvəzlər, kokos, kofe, banan yetişdirilir. Yüzlərlə kəndli bu tarlalara qulluq edir. Dar pilləli terraslardan heç bir texnika keçə bilmədiyindən fermerlərə işlərində yalnız torpağı şumlamaq üçün istifadə edilən camışlar kömək edir: “Sahələrdə çəltik əl ilə yetişdirilir. Hər hektardan ən azı 4 ton çəltik götürülür. Yataqların böyüklüyünü nəzərə alsaq, illik həcmi ən azı 2400 ton təşkil edir. Lakin bu da kifayət etmədiyindən Baliyə düyü qonşu adalardan da gətirilir”, - deyə bələdçi məlumat verir.
Baharda əkin sahələrini su basdığı dövrüdür. Çəltik əkilməsi və məhsul yığımı günlərində çöllərdə yerləşən kiçik qurbangahlarda tanrılara dualar edilir.
Qarşılıqlı yardım sistemi
Adada çəltik sahələrinin suvarılması üçün subak adlanan ənənəvi Bali suvarma sistemindən istifadə olunur.
Subak mədəniyyəti Bali həyatının ayrılmaz hissəsinə çevrilib. Subak sistemində məbədlər çox mühüm rol oynayır. Bələdçimiz nəql edir ki, Subakın çox güclü qarşılıqlı yardım sistemi var: “Bütün fermerlər düyülərinin bir hissəsini cəmiyyətə verirlər.
Oradan düyü kasıb ailələrə, xəstələrə, qocalara paylanır. Fermerin tarlasının sahəsi nə qədər böyükdürsə, o, bir o qədər çox su istifadə edir və ümumi fonda bir o qədər yüksək töhfə verir. Subak icmasının üzvləri su ehtiyatlarından istifadə ilə bağlı qanunları, onlara nəzarət sistemini, hətta qrup üzvləri arasında pozuntulara görə cəzaları dəqiq müəyyən ediblər. Düyü əkilməsi, yetişdirilməsi və yığılması çoxsaylı rituallarla müşayiət olunur. Subakın bütün üzvləri Allahla, təbiətlə və bir-biri ilə harmoniyada yaşayırlar. Hətta mühəndis dizaynları və düyü becərmə dövrləri də bu mənəvi və fəlsəfi prinsipləri rəhbər tutur”.
UNESCO unikal Subak sistemini qorumaq üçün onu 2012-ci ildə Ümumdünya Mədəni İrs siyahısına daxil edib. Təşkilatın əsas şərti müasir texnologiya və gübrələrdən imtina etməklə ekoloji cəhətdən təmiz düyü yetişdirilməsidir. Adaya istirahətə gələn amerikalılar, avropalılar və avstraliyalılar arasında düyüyə böyük tələbat var. Bundan əlavə, Balidəki düyü plantasiyaları tətilə gələnlər arasında çox populyardır. “Adada turizmin inkişafı ilə yerli fermerlərin ənənəvi həyat tərzi xeyli geri düşdü. Bu gün gənclər valideynlərinin təsərrüfatlarında işləmək istəmirlər.
Böyük şəhərlərdə və turizm mərkəzlərində uğur və pul qazanmaq tarlalarda işləməkdən daha asandır. İndi adada fermerlərin sayı azalıb. Onların orta yaşı 45-50-dir. Nəsillər dəyişir və tədricən çəltik mədəniyyətinin mənəvi əhəmiyyəti itir. Bundan əlavə, istirahət mərkəzlərinə xidmət üçün istifadə olunan su çatışmazlığı səbəbindən bir çox əkin sahələri artıq becərilmir. Terrasların yaxınlığındakı torpaqlar otel və restoranlar üçün alınır”, - deyə bələdçi bildirir: “Fermerlər deyirlər ki, biz əvvəl gələn qonaqlara düyü verirdik. İndi sahələrin yerində tikilən hotellərdə onlara səhər yeməyi verilir. Turizm ənənəvi kənd həyat tərzini pozur, gəncləri kəndlərini tərk etməyə və kurort zonasında işləməyə sövq edir. Digər tərəfdən, ekoturizm turistlərin düyü terraslarına marağını artırır. Bəlkə də bu, ənənəvi kənd təsərrüfatını xilas etməyin yeganə yoludur”.
Əkinçilik ənənələrini yaşadan muzey
Subak Düyü Muzeyi Balidə əkinçilik ənənələrini öyrənmək üçün çox maraqlı yerdir. 17 avqust 1975-ci ildə Bali Din Departamentinin nümayəndəsi Bali “I Gusti Ketut Kaler” düyü becərilməsi mədəniyyətini qorumaq və yaymaq üçün muzey yaratmaq təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, muzeyin bazasında elmi mərkəz yaradılıb.
Muzey turistləri dünyada ən məşhur bitkilərindən birinin becərilməsi ilə tanış edir. Eksponatlar İndoneziyada çəltik plantasiyalarının tarixi haqqında məlumat verir.
Təranə Məhərrəmova
İndoneziya-Bali-Bakı
