• cümə axşamı, 25 aprel, 08:23
  • Baku Bakı 14°C

Kariyesin əmələ gəlməsinin səbəbi

09.08.22 09:00 483
Kariyesin əmələ gəlməsinin səbəbi

Dünya əhalisinin böyük qismi diş və diş əti xəstəliklərindən əziyyət çəkir. Dişlərə düzgün qulluq edilməsi sağlamlıq və gözəl görünüş üçün əsas şərtdir. Lakin çox vaxt adi qaydalara belə əməl olunmur. Ağız boşluğunda dişlərə qulluq mütəmadi aparılmasa bakteriyaların sayı artaraq dişlərin səthinə yapışır. Turşu əmələ gətirən bakteriyaların artmasının əsas səbəbi yeməkdən sonra fırçalardan istifadə olunmamasıdır.

AZƏRTAC xəbər verir ki, həkim-stomatoloq Rafiq İbrahimovun dediyinə görə, dişlərə qulluq lap erkən vaxtlardan başlanılmalıdır: “Təəssüf ki, valideynlərin əksəriyyəti belə düşünür ki, süd dişlərinin əksəriyyətində kariyes yaranırsa onları müalicə etməyə ehtiyac yoxdur. Bu, tamamilə yanlış fikirdir. Süd dişləri də daimi dişlərdə olduğu kimi, kariyes kütləsi zədələnən vaxt mütləq müalicə etmək lazımdır. Süd dişlərinin əsas funksiyalarından biri ondan ibarətdir ki, onlar daimi dişlərin çıxmasını stimullaşdırır. Hər süd dişinin çıxma vaxtı olduğu kimi onların itirilmə müddəti də var. Süd dişlərinin ömrünü həmin müddətə qədər maksimal dərəcədə çatdırmaq məsləhətdir. Əgər kariyeslə əlaqədar problemlər yaranırsa, mütləq müalicə olunmalı, kariyes aradan qaldırılmalıdır. Bundan əvvəl itirilən dişlərin yerində daimi dişlərin çıxması ləngiyə bilir”.

Diş sağlamlığında qidalanma da əsas rol oynayır. Şəkərli və karbohidratla zəngin qidalar nə qədər çox qəbul olunsa, kariyesin əmələ gəlməsi daha tez baş verir. Həkim-stomatoloq bildirib ki, sağlam dişlərə sahib olmaq üçün gün ərzində yeməkdən sonra dişləri fırçalamaq lazımdır: “Kariyesin yaranma səbəbləri müxtəlifdir, hətta onun nədən əmələ gəlməsini demək çətindir. Lakin əsas faktorlardan biri gigiyenanın düzgün olmamasıdır. Ümumiyyətlə, kariyeslər daimi dişlərdə olduğu kimi süd dişlərini də zədələyir. Həmin proses körpələrdə süd dişləri əmələ gəldiyi vaxtdan başlaya bilər. Ona görə də uşaqların dişləri çıxdığı vaxtdan onların dişləri fırçalanmalıdır və onları körpəlikdən həmin vərdişə alışdırmaq lazımdır”.

Qida qalıqları daha çox dişlərin çeynəmə səthlərinin girintilərində olduğu üçün düzgün fırçalamalı və bunun üçün fırça seçimi də düzgün olmalıdır. Bundan başqa hər kəsin ildə iki dəfə dişlərini müayinə etdirməsi də vacib məsələdir.

banner

Oxşar Xəbərlər