çərşənbə, 01 Fevral, 22:28

Baku Bakı 6°C

İsveçin NATO arzusu gerçəkləşməyə bilər

icon 497 icon 20 yanvar 2023 | 00:00 İsveçin NATO arzusu gerçəkləşməyə bilər

Türkiyənin üzvlüyə razılıq üçün irəli sürdüyü şərtlər yerinə yetirilmir. İsveçdə hesab edirlər ki, Ankaranın şərtlərinin yerinə yetirilməsi qeyri-mümkündür. Baş nazir Ulf Kristersson deyib ki, Türkiyə onlardan reallaşması mümkün olmayan addımların atılmasını istəyir. Belə davam edərsə, alyansın iyul sammitinə qədər İsveç və Finlandiyanın üzvlüyə qəbulu reallaşmayacaq. 

Rusiyanın Ukraynada başlatdığı müharibə Avropa ölkələrini prioritetlərini dəyişməyə məcbur etdi. Hətta uzun illər bitərəf və neytral qalmağa üstünlük verən, hərbi bloklara qoşulmayan İsveç və Finlandiya kimi ölkələr də dərhal NATO-ya daxil olmağa tələsdilər. Hər iki ölkə Avropada Şimali Atlantika Alyansının üzvü olmayan azsaylı ölkələr sırasındadırlar. Onların Rusiya ilə münasibətləri də həmişə kifayət qədər təmkinli olub. Lakin Ukrayna müharibəsi başlayan kimi skandinaviyalılar Amerika hərbi “çətiri” altında dayanmaq arzularını ifadə etdilər. Lakin bu iki ölkənin NATO üzvü olan Türkiyə ilə problemləri var. Uzun illərdir bu Skandinaviya ölkələrində PKK terror təşkilatının dayaqları formalaşıb. Məhz bu ölkələrdən Türkiyədəki PKK terrorçularına yardım göstərilib. Ankara da yaranmış durumdan bu problemin həlli üçün yararlanmaq istəyir. Rəsmi Ankara bu iki ölkənin alyansa qəbuluna razılıq vermək üçün tələblər irəli sürüb. Onlardan birincisi PKK üzvlərinin ekstradisiyasıdır. 

Ankaranın narahatlığına son verilə bilərmi?

İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən bu ən böyük savaşın digər ölkələrə yayılma ehtimalı daha çox NATO-ya daxil olmayan dövlətləri narahat edib. NATO nizamnaməsinin 5-ci maddəsinin yaratdığı təhlükəsizlik çətirindən ilk olaraq Finlandiya - Rusiyayla 1300 kilometr sərhədi olan ölkə yararlandı. Onun ardınca İsveç də bu addımı ataraq 200 illik neytrallıq siyasətinə son qoymaq istəyini ortaya qoydu. Amma PKK və YPG-ni dəstəklədikləri üçün Türkiyə bu ölkələrin alyansa qəbul edilməsinə etiraz edir. 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə həmişə alyansın açıq qapı siyasətini dəstəkləyən mövqe nümayiş etdirib. Ankara "soyuq müharibə"dən sonrakı dövrdə - 1999 və 2004-cü illərdə Şərqi Avropa ölkələrinin alyansa qoşulmasını dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünə etiraz edilməsi isə onların "Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi" və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsi barədə xəbərlərdir. ABŞ, Aİ və Böyük Britaniya PKK-nı terror təşkilatı kimi tanıyır. Amma bu təşkilata bağlı olan YPG Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əsas tərəfdaşıdır. Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını deyir. Türkiyə İsveçin YPG-yə hərbi texnika və maliyyə dəstəyi verdiyini bildirir. 2019-cu ildə Türkiyə Suriyanın şimalında YPG-yə qarşı "Sülh çeşməsi" əməliyyatı gerçəkləşdirəndən sonra İsveç və Finlandiya Türkiyəyə silah embarqosu tətbiq ediblər. Onların NATO-ya qəbul edilməsini Ankara üçün arzuedilməz edən məsələlərdən biri də budur. 

Əvvəlcədən əldə edilən razılaşmanı pozan İsveçdir

Hərbi alyansın 30 üzvündən 28-i İsveç və Finlandiyanın üzvlüyünü milli parlamentlərdə səsvermələr vasitəsilə, prezidentlərin və hətta monarxların razılığı ilə dəstəkləyiblər. Macarıstan və Türkiyədə isə bu proses hələ başlamayıb. Həm Finlandiya, həm də İsveç Türkiyənin terror təhlükəsi ilə bağlı narahatlığını ciddiyə almağa söz versələr də, PKK və YPG döyüşçülərinin təhvil verilməsi tələbi hələ də yerinə yetirilməyib. Əsas problem İsveçlədir. Bu ölkədə hazırda 100 minədək kürd əsilli insan yaşayır. Prezident Ərdoğan NATO-ya üzvlük ərizəsinin təsdiqlənməsi müqabilində İsveçdən vəd etdiyi 130 terrorçunun ekstradisiyasını tələb edib. Qarşı tərəf isə bəyan edir ki, Türkiyə hakimiyyətinin şərtləri qeyri-mümkündür. Məsələn, İsveçin baş naziri Ulf Kristersson deyib ki, “Türkiyə bizim söz verdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, eyni zamanda bizim verə bilməyəcəyimiz və ya vermək istəmədiyimiz şeyi də istəyir".

Türkiyə də bunun ardınca Stokholmu PKK nümayişlərini qadağan etməməkdə ittiham edib. Qeyd olunur ki, orada təkcə aksiyalar keçirilmir, həm də təxribat törədilir. Onlardan birində PKK tərəfdarları Türkiyə liderini simvolizə edən, başıaşağı asılmış şəkil asıblar. Məhz bu aksiyadan sonra Türkiyə İsveç parlamenti sədrinin səfərini ləğv edib. Ekspertlər hesab edir ki, Ankaranın kürd terrorçularının ekstradisiyası üçün İsveçdə qanunvericilik mexanizminin yaradılması tələbinin yerinə yetirilməsi aylar çəkə bilər. Bu isə o deməkdir ki, alyansın iyul sammitinə qədər İsveç və Finlandiyanın NATO-ya daxil olması reallaşmayacaq.

Macarıstandan Türkiyəyə dəstək

Macarıstanın parlamenti də üzvlük üçün ratifikasiyanı ləngidir. Ehtimallara görə, Budapeşt bu ləngimə ilə Stokholm və Helsinkiyə Macarıstana maliyyə axınını dəstəkləmələri üçün təzyiq edir. İkincisi, ratifikasiyanı yubatma Macarıstanın Moskvaya siqnalıdır. Budapeşt bununla özünün Qərb blokunda Rusiyanın ən böyük dostu olduğunu göstərməyə çalışır. Üçüncü versiyaya görə, Macarıstan bunu Türkiyəni dəstəkləmək üçün edir. Macarıstanın Baş naziri Viktor Orban artıq xeyli vaxtdır ki, Ərdoğanla yaxın münasibət saxlayır. Budapeşt Türkiyənin Aİ-yə üzvlüyünü də dəstəkləyir.

Macarıstan xarici işlər naziri Peter Szijjarto Stokholmda PKK-nın aksiyası zamanı Türkiyə liderinin aşağılanmasına sərt şəkildə etiraz bildirib. Bunu “utancverici və iyrənc” adlandıran P.Szijjarto rəsmi Stokholmu vəziyyəti araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb. O, Macarıstanın "Türkiyə xalqı və prezident Ərdoğanla həmrəy olduğunu" da ifadə edib.

Azər NURİYEV