• cümə axşamı, 13 iyun, 05:54
  • Baku Bakı 24°C

İran tarixinin ən kritik seçkisi

08.06.24 05:13 823
İran tarixinin ən kritik seçkisi

İran tarixinin ən kritik növbədənkənar prezident seçkilərinə hazırlaşır. Namizədliyini irəli sürənlər arasında xeyli tanınmış sima var. Lakin “ələk”dən kimlərin keçəcəyi hələlik dəqiq deyil.

İran tarixinin ən kritik növbədənkənar prezident seçkilərinə hazırlaşır. Prezidentliyə namizədlərin yekun siyahısı hazırlanır. Seçki qərargahında nə az, nə çox - 80 namizəd qeydə alınıb. Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün on gün ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-13-də açıqlana bilər. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçirilməlidir. Namizədlərə təbliğat kampaniyasını aparmaq üçün iki həftə vaxt veriləcək. 

Sistemin nizamına uyğun şəxslər seçkilərə buraxılır

İranda bir qayda olaraq prezident seçkilərində həddən artıq iddiaçı ortaya çıxır. Məsələn, ötən 2021-ci il seçkilərində ilkin mərhələdə 590 nəfər prezidentliyə namizədliyini irəli sürmüşdü. Ancaq təbii ki, bu iddiaların əksəriyyəti 12 nəfərlik Keşikçilər Şurası və ya “Şurayi Negahban” adı verilən ilahiyyatçılar və hüquqçulardan ibarət heyət tərəfindən namizəd kimi qeydə alınmadı. Bu şura İranda qəbul olunan qərarların, prezident və parlament seçkilərinə qatılan namizədlərin təsdiqlənməsini həyata keçirir. 

“Ələk”dən kimlər keçəcək?

İrandakı mürəkkəb seçki sisteminə görə, Keşikçilər Şurasının təsdiq etmədiyi namizədlərin seçki şansı haqda danışmaq mümkün deyil. Çünki təcrübə göstərir ki, hətta çox ciddi siyasətçi və nüfuzlu şəxslər belə, bəzən Keşikçilər Şurasının “ələy”indən keçə bilmirlər. Məsələn, bu ilin əvvəlində keçmiş prezident Həsən Ruhani Ekspertlər Məclisinə namizədliyini irəli sürsə də, namizədliyi şura tərəfindən qəbul olunmadı. O cümlədən, İranda xarici işlər naziri, parlamentin spikeri postunu tutmuş Əli Laricani sonuncu prezident seçkilərində iştirak etmək istəsə də, şura tərəfindən rədd cavabı almışdı. 

Yeni prezidentin siyasi elita tərəfindən qəbulu vacibdir

Çox güman ki, İran hakimiyyəti hazırkı sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, mövcud rejimə az da olsa müxalif mövqe sərgiləyən siyasi fiqurun prezident olmasına icazə verməyəcək. Ona görə də növbədənkənar prezident seçkilərində yalnız Xameneiyə yaxın şəxslərin namizədliyi qəbul olunacaq. İran qanunlarına görə, dini rəhbər hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə, növbəti ali dini rəhbər seçilənə qədər postdakı prezident onun əvəzləyicisi və səlahiyyətli şəxsdir. Bu səbəbdən həmin şəxsin siyasi elita tərəfindən qəbulu vacibdir.
ABŞ kəşfiyyat xidmətlərinə yaxın olan “Stratfor” analitik mərkəzinin məlumatına görə, Rəisinin varisi çox güman ki, mühafizəkar rejimin başqa bir nümayəndəsi olacaq. Vaşinqton Yaxın Şərq İnstitutu (MEI) öz növbəsində qeyd edir ki, İran elitasındakı islahatçı və mötədil fraksiyalar hələ də hökumətin qərar qəbuletmə mexanizmini əlində cəmləşdirən İranın ali lideri Əli Xameneinin başqa namizədlərə qarşı xoş niyyət nümayiş etdirəcəyinə ümid edirlər.

Mahmud Əhmədinejadın şansı varmı?

Hazırda ən çox maraq doğuran məqamlardan biri eks-prezident Mahmud Əhmədinejadın “ələk”dən keçməsinin mümkünlüyü məsələsidir. Ötən seçkidə Mahmud Əhmədinejadın namizədliyi, ümumiyyətlə, iddiaçı kimi belə qeydiyyata alınmamışdı. Ekspertlərin qənaətincə, bu dəfə Əhmədinejad prezident seçkilərinə ona görə buraxılacaq ki, daha çox ajiotaj yaratsın, seçkini cəlbedici etsin. Çünki o, prezidentlik müddəti başa çatdıqdan sonra hökuməti sosial sahələr üzrə kəskin şəkildə tənqid edir. Lakin İranın çağdaş tarixində keçmiş prezidentin yenidən hakimiyyətə qayıtması təcrübəsi yoxdur. Ona görə də Əhmədinejadın yenidən prezident olacağı real hesab edilmir.

Digər namizədlər…

Şanslı namizədlərin bəzilərinə nəzər salaq. Qeydə alınan Məhəmməd Baqir Qalibaf İran parlamentinin sədri vəzifəsini tutur. O, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri və Tehran polisinin rəisi olub. Uzun müddət hərbi və siyasi vəzifələrdə çalışıb. Londonda yerləşən "Iran Wire" onu “ən hazırlıqlı namizəd” kimi təsvir edib.

Səid Cəliliyə gəldikdə, bu şəxs 2007-2013-cü illərdə Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş mühafizəkar siyasətçidir. Sərt fikirləri ilə tanınan Cəlili İranın baş nüvə müzakirəçisi kimi fəaliyyət göstərib. İran-İraq müharibəsində ayağını itirməsi ona ölkəsi üçün fədakar döyüşçü imicini qazandırıb.

Möhsün Rezai İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı olub və prezidentin iqtisadi köməkçisi də daxil olmaqla, bir sıra siyasi vəzifələrdə çalışıb. Rezainin 2021-ci ildə olduğu kimi yenidən namizəd olacağı gözlənilir.

Rza Zəkani Tehranın meri vəzifəsini icra edir və son dövrlərdə nümayişlərin yatırılmasında mühüm rol oynayıb. 

Digər iddialı Əli Laricani uzun müddət İran parlamentinin sədri olub və İranın tanınmış siyasi ailəsindəndir. Onun uzun müddət dövlət və siyasi vəzifələrdə keçmişi var. Məsələn, 2008-ci ildən 2020-ci ilə qədər İran parlamentinə sədrlik edib.

Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani də tanınmış siamlardandır. Onun təhlükəsizlik və siyasi məsələlərdə böyük təcrübəsi var.

Yeri gəlmişkən, İranda prezident seçkilərində ilk dəfə qadın namizədliyini irəli sürüb. Məlumata görə, Zöhrə İlahianın prezident seçkilərində namizədliyi qeydə alınıb. “Mənim hökumətimin şüarı - sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir”, - deyə İlahian bildirib.

Region ölkələrinə münasibət dəyişəcək?

İranda prezident kim olursa-olsun, Tehran hakimiyyəti ilə region dövlətləri arasında münasibətlər dəyişməz qalacaq. O mənada ki, İranda prezident xarici siyasəti müəyyənləşdirən şəxs deyil. Eləcə də hökumət xarici siyasəti müəyyənləşdirmir. Hökumət və ona daxil olan Xarici İşlər Nazirliyi İran ali rəhbərliyinin müəyyən etdiyi siyasətin icraçılarıdır. Yəni prezident ona verilən tapşırığı icra edən dövlət xadimidir. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər