• bazar ertəsi, 09 dekabr, 21:00
  • Baku Bakı 7°C

İran növbəti siyasi təlatüm ərəfəsində 

24.02.24 05:12 3778
İran növbəti siyasi təlatüm ərəfəsində 

İranda seçki öncəsi vəziyyət dünyanın diqqətindədir. Mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var.

İranda martın 1-də parlament seçkiləri ilə eyni gündə əsas funksiyası ölkənin ali liderini seçmək olan hökumət orqanına - Dini Ekspertlər Şurasına kritik seçkilər keçiriləcək. Parlament seçkiləri ilə yanaşı, əsas diqqət səkkiz ildən bir keçirilən Ekspertlər Şurasına seçkilərə yönəlib. Məclise-Şuraye-Xübreqan adlanan bu qurum ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir, ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub. Seçkiöncəsi vəziyyətə gəldikdə, İran rəhbərliyi rəy sorğularının təfərrüatlı nəticələrinin dərcinə qadağa qoyub. Çünki fəallıq səviyyəsinin son dərəcə aşağı olacağı gözlənilir. 

Siyasi sahədə total təmizləmə

Digər məsələ də ondan ibarətdir ki, mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. Rəsmi məlumatlara görə, İranın bütün əyalətlərindən ümumilikdə 500 iddiaçı namizəd olmaq üçün ərizə təqdim edib. Bununla belə, tənzimləyici orqan olan Konstitusiyanın Mühafizəçiləri Şurası yalnız 144 namizədin seçkiyə qatılmasına icazə verib. Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var. Onun seçkiyə buraxılmaması İran dövlətinin kəskin anti-Qərb xəttini davam etdirəcəyini göstərir. Ruhaninin ofisi qərarı şərh etmədən qısa bəyanat yayıb. 2013-2021-ci illər arasında prezident olan Ruhani 2000-ci ildən davamlı olaraq Ekspertlər Şurasının üzvü olub. Eks-prezident uzun müddətdir ki, onu İranın milli maraqlarına məhəl qoymayaraq Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdlərində ittiham edən sərt xətt tərəfdarlarının tənqid hədəfinə çevrilib.

Ruhani şantaj edilir

Ruhani ilə bağlı qərar sərt xətt tərəfdarı, mühafizəkar millət vəkili Nasrulla Pejmanfərin onun ABŞ-yə münasibətini yenidən tənqid etməsindən bir gün sonra verilib. O, ətraflı məlumat vermədən keçmiş prezidentin "qaranlıq sənədləri"ni ifşa edəcəyi ilə də hədələyib. 2020-ci ildən bəri ardıcıl üçüncü ümummilli seçkilərdə seçici fəallığının aşağı olmasından narahat olan Ruhani hakimiyyəti müxtəlif namizədlərin seçkilərdə iştirakına icazə verməklə, fəallığın artmasına yardım etməyə çağırmışdı.

Ruhani aylardır seçicilərə laqeydlik barədə xəbərdarlıq edir. O, bunu ictimaiyyət arasında məyusluq və aşağı fəallığı təmin etmək üçün hakimiyyətdəki sərt xətt tərəfdarlarının düşünülmüş strategiyası ilə əlaqələndirir.

Mühafizəkar düşərgə üçün test

Beləliklə, əvvəlki seçkilərdə mandatların əksəriyyətini almış mühafizəkar düşərgə üçün bu seçkilər 2022-2023-cü illərin izdihamlı etiraz hərəkatından sonra ilk dəfə güc sınağı olacaq. İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səsverməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərəcək. 

Qeyd etdiyimiz kimi, hakimiyyət orqanlarının ən böyük narahatlığı seçkilərdə iştirakla bağlıdır. “Amwaj media”nın yazdığına görə, Tehran rejimi seçicilərin laqeydliyinə işıq sala biləcək rəy sorğularının nəticələrinin dərcinə mane olmağa çalışır. 

İranlı Tələbələr üçün Sosioloji Mərkəz (ISPA) tərəfindən aparılan sorğunun nəticəsinə görə, respondentlərin 28%-dən azının seçkilərə getməyə hazır olduqlarına əmin olduqları müəyyən edilib. Seçkilərdə alternativ düşərgədən əhəmiyyətli namizəd olmayacaq. 

Düzdür, ISPA analitikləri dekabrda hesabatdan yalnız çıxarışlar təqdim ediblər. Bu, çox güman ki, mühafizəkar dairələri qorxudub, çünki bu ilin yanvarında “Fars” agentliyi adı açıqlanmayan araşdırmalara istinadən xəbər vermişdi ki, martın 1-də seçici fəallığı ən azı 40% olacaq.
Gənc qadın Məhsa Əmininin öldürülməsindən sonra ölkədə 2022-2023-cü illərdə etiraz hərəkatı başlamışdı. Narazılıq hələ də qalır. Polis tərəfindən döyüldüyü iddia edilən 22 yaşlı qızın öldürülməsi hökumət əleyhinə hərəkata səbəb olub.

Molla rejimində qorxu yaradan məktub

İranda hazırda Tehran həbsxanasında olan tanınmış islahatyönlü siyasətçi Mustafa Taczadənin çıxışı da şok yaradıb. Ölkənin ali rəhbəri ayətullah Əli Xameneini kəskin tənqid edərək deyib ki, ölkənin “qüsurlu siyasi strukturuna” görə məsuliyyəti o daşıyır. Evin həbsxanasında beşillik cəza çəkən Taczadə 2022-ci ildə “milli təhlükəsizliyə təhdid yaratmaqda” və “hökumətə qarşı təbliğatda” ittiham olunaraq məhkum edilib. Taczadə həbsxanadan yazdığı məktubda bildirir ki, o, İslam Respublikası liderlərinin “strateji uğursuzluqlarına” görə Üləmalar Şurasının seçkisində səs verməyəcək. Siyasətçi habelə Xameneinin ölkədə yaratdığı şəraitdə seçki keçirilməsini mənasız adlandırıb. 1997-2005-ci illərdə islahatyönlü prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olan Taczadə vurğulayıb ki, Xamenei İranda baş verən dəhşətli faktlara göz yumub və etiraz edən milyonlarla vətəndaşın istəklərini dinləməyib: "Amma burası da var ki, əksər iranlılar da liderin dediklərinə, radio və televiziya ilə müraciətlərinə məhəl qoymamaq qərarına gəliblər. Səs verməyin!” Bu məktub dərc olunmazdan az əvvəl Əli Xamenei vətəndaşlara müraciət edərək onları 1 mart seçkisində fəal iştirak etməyə çağırmışdı.
Beləliklə, bu qənaətə gəlmək olar ki, İran hakimiyyətinin daxilində bu seçkilərdə də dəyişiklik baş verməyəcək. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər