• şənbə, 10 May, 08:07
  • Baku Bakı 15°C

İqtisadi tənəzzüldən sosial inkişafa

10.05.25 04:20 61
İqtisadi tənəzzüldən sosial inkişafa

Heydər Əliyevin aforizmlərindən biri “dövlət xalq üçündür” ifadəsidir. 1969-cu ildə sovet Azərbaycanına rəhbərlik edəndə də, müstəqillik dövründə də Ulu Öndər üçün Azərbaycan xalqının sosial rifahı ən önəmli prioritetlərdən olub.

Cəmiyyətin sosial rifahının yüksəldilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və sosial ədalətin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ölkənin inkişaf strategiyasında sosial rifahın təmin olunması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması hər zaman öncül prioritetlərdən olub. İqtisadiyyatı dağılmış, büdcəsi boşalmış, ərazisi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan bir dövlətdə sosial durumu sabitləşdirmək kəskin zəka və zəngin idarəçilik təcrübəsi tələb edirdi.

“Orta aylıq əməkhaqqı səkkiz dəfə artdı”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, Heydər Əliyevin aforizmlərindən biri “dövlət xalq üçündür” ifadəsidir: “Yəni dövlətin bütün imkanları xalqın sosial rifahına yönəldilməlidir. 1969-cu ildə sovet Azərbaycanına rəhbərlik edəndə də, müstəqillik dövründə də Heydər Əliyev üçün Azərbaycan xalqının sosial rifahını yaxşılaşdırmaq ən önəmli məqsədlərdən olub”.

M.Quliyevin fikrincə, iqtisadiyyatı olmayan ölkənin vətəndaşlarının sosial rifah səviyyəsi də olduqca aşağı idi. Lakin Ulu Öndərin sosial siyasəti nəticəsində sonrakı illərdə vətəndaşların vəziyyəti xeyli yaxşılaşdı: “1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə ölkədə iqtisadi tənəzzül dərinləşmişdi, dövlət faktiki olaraq parçalanmışdı. Belə olduğu təqdirdə xalqın sosial rifahı da yox idi. Maaşlar və pensiyalar aylarla gecikirdi. Həmin maaş da kifayət etmirdi. Belə bir vəziyyətdə Heydər Əliyevin ilk addımlarından biri özəlləşmə ilə bağlı dövlət proqramının qəbul edilməsi oldu. Çünki hər bir sosial siyasətin bünövrəsində iqtisadiyyatın gücü dayanır. Sonrakı dövrlərdə də pensiya islahatlarının aparılması ilə bağlı dövlət proqramı qəbul olundu. Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində Azərbaycanda orta aylıq əmək haqqı səkkiz dəfə, orta aylıq pensiya altı dəfə artdı”.

“Dövlət büdcəsi cəmi 250 milyon dollar idi”

Komitə sədri Ulu Öndərin sosial durumu daha həssas olan qruplar üçün atdığı addımlardan da bəhs etdi: “Ulu Öndərin ilk qəbul etdiyi qərarlardan biri 1994-cü ilin avqustunda ərazi bütövlüyümüzün qorunmasında əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı oldu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ən böyük problemlərdən biri məcburi köçkünlərin və qaçqınların üzləşdikləri çətinliklər idi. Hansı ki, bir milyon insanın yerləşdirilməsi, onların ərzaq təminatının həyata keçirilməsi, təhlükəsizliyinin təmini, tibbi təminat məsələsi həll edildi. Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın dövlət büdcəsi 250 milyon dollar təşkil edirdi. Bu, indiki büdcə ilə müqayisədə yüzlərlə dəfə azdır. Heydər Əliyev bu imkanlar daxilində şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirdi”.

Deputatın sözlərinə görə, Konstitusiyada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları içərisində sosial hüquqların təmin olunması çox mühüm yer tutur: “Sağlamlıq, əmək, məzuniyyət, sosial-təminat, sağlam ətraf mühitdə yaşamaq hüququ buna misal ola bilər. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan sosial dövlətə çevrildi”.

“Ölkə daxilində sabitliyi təmin etdi”

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayevin fikrincə, Heydər Əliyev çox ağır dönəmdə hakimiyyətə gəldi. Lakin bu cür ağır şərtlər daxilində belə, ölkənin sosial vəziyyətini dəyişməyi bacardı: “Azərbaycanın həm şimal, həm cənub tərəfdə parçalanma təhlükəsi var idi. Gəncədə qiyam olmuşdu. Ulu Öndər belə ağır zamanda bütün məsuliyyəti üzərinə götürməyi bacardı. Ölkə daxilində sabitliyi təmin etdi. Heydər Əliyev insanların sosial müdafiəsini təmin etmək üçün “Əsrin müqaviləsi”ni imzaladı. Çünki iqtisadi islahatlar olmasaydı, heç bir sosial layihə həyata keçirmək mümkün olmayacaqdı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə mütəmadi olaraq pensiyalar və sosial müavinətlər, əməkhaqları artırıldı, birinci və ikinci özəlləşmə paketi qəbul olundu. Beləliklə, büdcə gəlirləri artdı. Bununla da sosial yönümlü xərclər üçün imkanlar yarandı. Büdcə imkanları daxilində sosial sahəyə həmişə xüsusi diqqət ayrıldı”.

“Ölkədə sosial vəziyyət sabitləşdi”

Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətlərini saymaqla bitməz: “Ulu Öndər hakimiyyətə gələrək Azərbaycan xalqını yox olmaqdan xilas etdi. Bütün sahələrdə onun rəhbərliyi ilə islahatlar həyata keçirildi. İnsan faktoru ən yüksək səviyyəyə gətirildi. Dövlət parçalanma ilə üz-üzə olduğu üçün əhalinin sosial rifah səviyyəsi də çox aşağı vəziyyətdə idi. Sosial sahədə yeni yanaşmalar tətbiq edilməyə başladı. Ulu Öndər mədəniyyət-incəsənət xadimlərinə xüsusi diqqət, qayğı göstərirdi. Kimliyindən asılı olmayaraq, hər bir köməyə ehtiyacı olan insana yardım əli uzadırdı. Öz diqqəti və qayğısı ilə hər kəsin qəlbini qazanmağı bacarırdı. Onun əhalinin sosial rifahı ilə bağlı səyləri nəticəsində ölkədə sosial vəziyyət sabitləşdi”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər