• şənbə, 29 Iyun, 10:44
  • Baku Bakı 21°C

“İnsanların psixoloji xidmətə ehtiyacı çoxalıb” - PEŞƏKAR

01.06.24 04:12 1961
“İnsanların psixoloji xidmətə ehtiyacı çoxalıb” - PEŞƏKAR

Ferhat Aydın: “İstədiyin kimi yaşa, nə yaxşı gəlirsə, onu et, anı yaşa, duyğularını hiss et” məsləhəti də o qədər asan deyil. Həyatın reallıqları da var, onlara adaptasiya olmaq lazımdır”

“Psixoloji sağlam biriyəm?” “Psixoloji durumumda hansısa problemlər varmı?” Psixoloji vəziyyəti ilə bağlı hər kəsdə zaman-zaman bu kimi suallar yaranır. Hətta bəzən “Görəsən, mən dəliyəm?” sualını da özünə verənlər olur. Yəni bu istiqamətdə suallarımız çox olur. Biz də bu və psixologiya ilə bağlı digər suallar ətrafında türkiyəli psixoloq Ferhat Aydınla söhbətləşmişik. Görüşümüz Ferhat bəylə Bakıda qonaq olduğu günlərdə baş tutub.

- Psixoloji sağlam insan mövzusundan danışaq. Psixoloji sağlam insan kimdir?

- Yetkin insandan danışırıqsa, ehtiyaclarını bilən, duyğularından agah olan, hisslərini zamanında ifadə edən, sərhədlər qoya bilən, fərdiliyini yaşayarkən, kütləviliyə önəm verən, sosial bacarıqları olan insan deyə bilərik. İnsanlarla və özü ilə münasibətinin normal olması da buraya daxildir. Psixoanaliz elminin banisi Ziqmund Freyddən bəri insanın bir işdə çalışa bilməsi də psixoloji sağlamlıq durumunda əsas götürülür. Bir də sevə bilmək çox önəmlidir. Bunların hamısını bir balansda saxlayana psixoloji sağlam deyə bilərik. Başqa nüanslar da ola bilər, amma ilk ağlıma gələn bunlar oldu.

- Ətrafımızdakı nə qədər adamı psixoloji sağlam hesab edə bilərik?

- Sualınıza konkret cavab olaraq faizlə hər hansı rəqəm deyə bilməyəcəm, amma psixoloji istiqamətdə təcili addımlar atılmasının, müdaxilələr edilməsinin vacib olduğunu düşünürəm. Çünki psixoloji durumdan danışanda, burada cəmiyyətdəki iqtisadi və siyasi duruma mütləq baxmalıyıq. Son illər isə iqtisadi cəhətdən çox çətin dövr oldu. İnsanların maliyyə durumları pisləşdi, iş həyatları ilə bağlı çətinliklərlə üzləşənlər həddindən artıq çox oldu. Maliyyə durumu psixologiyamıza təsir edən önəmli faktorlardan biridir.

- Psixoloqların sayı artır. Zamanla psixoloqa ehtiyac çox olacaq?

- İki halda insanlar psixoloqa getmirlər. Yaz gəlincə və aşiq olunca. Yaz bitdi, eşqlərin də durumu yaxşı deyil (Gülür). Psixoloqlara tələb çox olacaq. Sosial mediada da görürsünüz ki, psixoloqlar davamlı videolar çəkib paylaşırlar, nələrisə izah edirlər. Bir yandan sahəmiz diqqətə gəlir, amma bir tərəfdən görünür ki, insanların psixoloji xidmətə ehtiyacı çoxalıb.

- Bəzən insanda öz psixoloji sağlamlığı ilə bağlı suallar olur.

- Psixoloji durumunuzla bağlı suallarınız varsa, psixoloqa getmək lazımdır. Durumu o dəyərləndirsin. Bir misalla deyim. Bəzən insanlar özlərinə sual verirlər ki, mən dəliyəm? Bu sualı ağıllı insanlar özlərinə verirlər. Ağlı başında olmayan insanı bu sual düşündürmür.

- Bəs psixoloji sağlam olmayan insanların beynində hansı suallar dolaşır?

- Məsələn, birinin sağlamlıqla bağlı ciddi problemi olmaz. Amma o, sağlamlığı ilə bağlı psixoloji olaraq çox narahatlıq keçirir. Tutaq ki o adam hava limanına gedir, yarım saatlıq yolu var. Getməmişdən öncə bir saat vaxt sərf edib hava limanına qədərki yolda olan xəstəxanaları araşdırır və taksinin yolunu həmin xəstəxanaların yanından keçərək planlaşdırır. “Mənə nə isə olsa, xəstəxanaya tez çatdırsınlar” kimi düşünür. Yaxud birinin əl yumaqla bağlı takıntısı var. Daim əlini yumaqla bağlı düşünür. Əlini hara vurubsa, onun ona çirk gətirib-gətirmədiyi haqqında düşünür. İçində öz-özünə cavabsız suallarla məşğul olur. Enerjisi boşa gedir, yorulur. Yəni beyin əlaqələr qurmaq, istehsal etmək yerinə, öz içində dönüb dolaşır. Bu, adamın məhsuldarlığına da, münasibətlərinə də təsir edir.

“Məcburiyyət yaxşılaşdırır”

- Gündəlik həyatımızı necə keçirməyimiz psixoloji durumumuza hansı formada təsir edir?

- Ədəbiyyat, musiqi, yoqa ilə psixologiyamızı bəsləyə bilərik. İnsan olaraq bizə çox yaxşı təsir edən halların başında sosial münasibətlər dayanır. Onları arxa plana atmamalıyıq. Hobbimizi, yaxud hansısa yaradıcılığımızı istifadə edə biləcəyimiz bir sahə ilə məşğul olmağımız önəmlidir. Yaxud idmanla məşğul ola bilərik. Günlük enerjimizi bir yerə axıtmalıyıq. Sənət, idman, özümüzə baxım deyə ümumiləşdirə bilərik.

- Bunları bəzən edirik, amma sonra həvəsimiz olmadığı dönəmlər olur və dayandırırıq.

- Hansısa dönəm həyatımızda bunların heç biri olmaya bilər. Məsələn, iki ay yas tutursunuz, heç birini edə bilməyəcəksiniz. Etməməlisiniz, çünki o yası yaşamanız lazımdır. Bəzən adamın qolunu yataqdan qaldırmağı gəlmir. Belə dönəmdə özünü məcbur hala gətirməyi də doğru hesab etmirəm.

- Yəni məcbur yox, həvəsimiz olanda etməliyik?

- Düzdür, amma “İstədiyin kimi yaşa, nə yaxşı gəlirsə, onu et, anı yaşa, duyğularını hiss et” məsləhəti də o qədər asan deyil. Həyatın reallıqları da var, onlara adaptasiya olmaq lazımdır. Tutaq ki, bir saat sonra mənim tok-şou planım var, amma ürəyim səhnəyə çıxmaq istəmir. “Çıxmıram” deyə bilmərəm. İnsanın bəzi nöqtələrdə özünü məcbur etməsi də lazım gəlir. “Məcburiyyət yaxşılaşdırır”, - deyə bir yanaşma var. Mən valideynlərə uşaqları bəzən məcbur buraxın deyirəm. Uşağa yemək üçün nə qədər çox seçim verərsən, yeməsi o qədər sıxıntılı olur. Mehmet Sunqur deyib ki, həyat sevdiyimiz şeyləri etdiyimiz yer deyil, etmək durumunda olduğumuz şeyləri sevməyi öyrəndiyimiz bir yerdir.

- İşlərin çoxluğu, tıxaclar vaxt alır, kitab oxumağa, idmana, hobbiyə və s. vaxtı, enerjisi qalmadığını deyənlər çox olur. Ancaq bunu edənlər də var.

- Tıxaclar, ya da həyatımızın çətinlikləri ilə əlaqəli şikayət edənlər əslində çox da haqsız deyillər. Norveçdə yaşamırsınızsa, bunlar sizi yorar. Onları bir yandan anlayıram. Amma bir yandan da düşünək: edən necə edir? Bir müəllim misal çəkirdi. Deyirdi ki, adam evini təmizləmir, amma idmana gedir. Qəribə görünür. Adam idmana gedə bilmir, deyir ki, pul və vaxt yoxdur. Bu ikisi ən məşhur bəhanələrdir. Evə getdiyində 10 dəqiqə meditasiya, kitab oxumaq üçün vaxt ayırmaq nə pul istəyir, nə də ciddi vaxt.

- Sizcə, evi təmizləyək, yoxsa idmana gedək?

- (Gülür) Normalda evimə ev işlərini görən xanım gəlirdi, bir ay gəlmədi. Evi özüm təmizləmək məcburiyyətində qaldım. Bu müddətdə diqqət etdim ki, axşam səhnəyə çıxacamsa, evi təmizləmək mənə çox yaxşı təsir edir. Ev təmizləmək o qədər xoşuma gəldi ki, sonra bu işi özüm etmək qərarı verdim. İdmana da gedilsin, amma “mən öz məsuliyyətimi niyə özüm almayım?” kimi yanaşıb, evimizi də təmizləməkdən zövq ala bilərik. Yəni idmana da ehtiyacımız var, təmizliyə də. 

“Uşaqlıq gözəl keçən dönəm deyildir”

- Uşaqlıq travmaları bugünkü psixoloji durumumuzda hansı rola malikdir?

- Bu suala ümumi bir cavab vermək çətindir. Bacarıqlı, məşhur adamların uşaqlığına baxdıqda, çox da gözəl keçmədiyini görürük. Uşaqlıq ümumiyyətlə, gözəl keçən dönəm deyildir. Hər kəsin müəyyən sıxıntıları olur. Bəziləri müharibə görür, bəziləri tək uşaqdır, ona da çətindir, bəziləri beş uşaqdır, ona da çətindir. Uşaqlıqda yaşadıqlarımız bu günə təsir edir. Necə təsir etməsi hər kəsə görə dəyişir. Tutaq ki, mən uşaq vaxtı səhnədə, göz önündə olan insan olmuşam. Böyüdüyümdə səhnəyə çıxmağa davam da edə bilərəm, səhnədən qaça da bilərəm.

- Travmasını gülərək anladanlar var, bir də ağlayaraq. Yanaşma uşaqlıq travmalarının təsirini dəyişir?

- Yanaşma tərzimizin travmalarla baş etmə mövzusunda təsiri ola bilir. Ancaq hər kəs yaşadığı hadisəni gülərək anlada da bilmir. Hər kəs eyni vəziyyətdən eyni şəkildə çıxmır. Biriləri deyinir, biriləri deyinməyi buraxır, nə isə həll etməyə çalışır. Bəziləri düşür, qalxmağı bilir, bəziləri düşüb aşağıda ağlamağa davam edir. Fərdi məsələdir. Bəziləri gülüş ustası olur. Bəzən gülmək, yaxud zarafat etmək problemin üstünü örtür. Sən kənardan baxıb, “Necə güclüdür, o qədər şey yaşadı, hələ gülür” deyə bilərsən. Amma elə olmaya bilər. Zarafatlar gerçəklərimizin üstünü örtə bilir.

- Valideynlərlə bağlı olan uşaqlıq travmaları övladları daim valideynlərdən şikayət ediləcək hala gətirir…

- “Valideynlərdən şikayət etmənin son istifadə tarixi var”, - deyə fikir var. Hazır olduğun vaxt bunu dayandırmalısan.

- Bizdə valideynlər deyirlər ki, özün valideyn olanda, bizi başa düşəcəksən. Hazır olduğumuz vaxt budur?

- (Gülür) O da ola bilər. Amma bu, daha çox insanın yetkinləşməsi, böyüməsi ilə əlaqəlidir. Valideynlərimiz bizi döyəndə psixoloji travma vurduqlarını bilməyiblər - kimi düşünə bilərik. Amma bu, bizə vurduqları travmaya görə valideynlərə əsəbiləşməməli olduğumuz anlamına gəlmir. Adi hal kimi yanaşıb bağışlamaq da olmur. O əsəb durur. Ancaq ömür boyu şikayət edərək yaşamaq da doğru deyil.

- Valideynləri anlamaq və anlamamağın psixologiyamıza təsiri fərqli ola bilirmi?

- Yetkin insan deyinmək, şikayətlənmək yerinə, edilməsi lazım olanı edir. Saatlarla anamdan şikayət tipli danışıramsa, tam da böyüməmiş oluram. Atam-anamla əlaqəmi bir düzənə oturtmadığımda (küsməkdən, kəsib atmaqdan bəhs etmirəm), həll edilməmiş işlər kimi qalır. Keçmişlə bağlı həll edilməmiş işlərim qalıbsa, mən burada yetkin insan olaraq münasibət qura bilmirəm. Məni sevməyəcək, yaxud istismar edəcək birini tapıram, yaxın əlaqədən qaçıram, yaxud atam, anam kimilərini həyatıma alıram. Keçmişdən azad olmasan, sən özün ola bilmirsən. Bir qərar verərkən ona ata-ana qərar verir, sən yox.

“Tək “sevirəm” deməklə olmur”

- Bizdə bir mahnı var, deyir ki, bütün işləri sevgi düzəldir. Sevgi psixologiyamıza necə təsir göstərir?

- Sevmək çox yaxşı təsir edən gücdür. Bizə sevgi qədər yaxşı təsir edən hiss yoxdur. Təbii ki, söhbət normal sevgidən gedir. Fəqət sevgi dilimizi bilməliyik ki, o yaxşı gəlsin. Çünki çox adam necə sevəcəyini, necə sevildiyini bilmir. Sevmək nə deməkdir? Sevəndə nə edirsən? Sevildiyini necə hiss edirsən? Bu suallar çox adam üçün bir az havadadır. Birinə çiçək verəndə, sevildiyini hiss edir. O biri duymaq istəyir. O biri “Sən bunu sevərsən, aldım” sürprizində sevildiyini hiss edir. Biri qısqanıldıqda sevildiyini zənn edir. “Qısqanmadı, sevmir”, - deyə düşünür. Qısqanclıq gözləmək əslində sıxıntılıdır.

Bəzən deyirlər ki, “gündə üç dəfə sevirəm dedim, bu uşaq niyə belə oldu?” O, sevgi deyil. Tək “sevirəm” deməklə olmur. Sevmək məsuliyyətlilik istəyir. Çiçəyi sevirsənsə, sulayacaqsan. Bir gün sevdiyini deyərsən, bir gün qucaqlayarsan, bir gün öpərsən, bir gün “kinoya gedək”, - deyərsən. 

- Yəni “sevirəm” demək insana kifayət etmir.

- “Yuxuda uşaq sevən ata” modeli var. Uşaq oyaq olanda, onu əzizləməz, xoş söz deməz, sevgisini göstərməz ki, ərköyünləşəcək. Yatanda sevir, əzizləyir. Buna sevgi demirik. Uşaq, böyük - fərq etmir, ümumiyyətlə, göstərilməyən sevginin psixologiyamıza bir faydası yoxdur. 

- Bitən münasibətlərdən danışaq. Biri uzun müddət yeni münasibətə başlamır, bəziləri isə “Köhnə sevgilini unutmağın ən yaxşı yolu yeni sevgilidir” kimi yanaşırlar. Hansı doğrudur?

- Biri dünyasını dəyişəndə necə yas saxlayırıqsa, birindən ayrılanda da, onun yasını tutmalıyıq. Hətta evimi dəyişdirdiyimdə də yas tuta bilərəm. Bir münasibət bitdiyində, ona üzülməm, qurduğum xəyalların olmaması ilə əlaqəli yaşadığım xəyal qırıqlığı, dostlarıma “Bunları yaşadıq, nə gözəldir, amma kaş ki bitməsəydi” deyə bilməyim, dərdləşməyim çox önəmlidir. Bəziləri bu yası saxlayıb bir müddət yeni münasibətə başlamırlar. Bəziləri isə yeni sevgi ilə həyatlarına davam etməyi daha uyğun görürlər. O da ola bilər, bu da. Hər kəsin sisteminin necə işlədiyinə bağlıdır. Amma bilməliyik ki, burda bir münasibət yaşandı. Yoxmuş kimi davranmamalıyıq.

- Dərdimizi dostlarımıza danışmaq məsələsini dediniz. Amma insanların dinləmək istəmədiyi bir dönəmdir. Sizcə, insanların dərdlərini dinləməliyik?

- Ünsiyyət qurmaq artıq 10 ildir ki, yox kimidir. Danışmaq var. Hər kəs öz dərdini danışır. İnsan danışdıqca özünü tapır. Ona görə danışmaq insana yaxşı təsir edir. İnsanları dinləmək lazımdır. Mən insanları diqqətlə dinləyirəm. Amma yaxşı dinləməyən biri ilə də uzun müddət eyni masada otura, münasibət qura bilmirəm. Davamlı olaraq dərdini danışan insanı da dinləmirəm. Onlara psixovampir deyirəm, enerjimizi alırlar. Dinləmək önəmlidir, olmazsa olmazdır. Amma davamlı dərdini anladan birini də dinləməmək lazımdır. 

- İnsanlar dinləməkdən qaçılan dövrdə danışmaq üçün psixoloqlara üz tuturlar. Amma psixoloqlardan da narazılıq çox olur. Sizcə, bu, nədən qaynaqlanır?

- Pasiyentin psixoloqdan nə gözləməsi önəmlidir. Psixoloqun onu dinləməyini istəyir, yoxsa dinlədikdən sonra rəy bildirməyini? Yaxud depressiyasını yaxşılaşdırmağını? Bəlkə deyir ki, mənim özümü daha yaxşı hiss etməyimi təmin etsin. Yaxud düşünür ki, mən qayınanam haqqında danışanda, o da mənimlə birlikdə qayınanama söysün. Psixoterapiyaya başlamaq deyil, davam etmək çətindir. Psixoloqun yanında bütün istəkləri, ehtimalları masaya qoyursunuz və özünüzlə üzləşirsiniz. Məsələn, məlum olur ki, problem qayınanada deyilmiş. İnsanın əlindən şikayəti alırsınız. Bunu alan kim? Psixoloq. Normaldır, sevilməyəcək. Önəmli olan o qıcıq olma, əsəbiləşməyi anlaya bilmək, onun üzərində işləməkdir. Çünki reallıqlar ortaya gələndə, mövzu psixoloqdan çıxır, səninlə əlaqəli olur. Gəlin qayınanasını pisləyirsə, başqa iki gəlini var, niyə sən gəldin? - deyə soruşuram. Səninlə əlaqəli nə isə olması lazımdır. Bunu dediyimdə, “Sən məni anlamırsan” deyib əsəbiləşib gedə bilər. İnsanlar psixoloqa xoşbəxt olmaq üçün gəlir, amma bizim işimiz tam da bu deyil. Biz yalnız yaxşı hiss etmək üzərində işləmirik. Bütün duyğuları hiss etmək üzərində işləyirik. Əsəb, yeri gəldiyində onu söyləmək, təəccüblənmək, həyəcanlanmaq, bir az qayğılanmaq və s. Psixoloqların xoşbəxtlik verməsi gözləntisi seriallardan filan gəlib. Amma realda tam da elə deyil.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər