“İblis və...”nin premyerasından qeydlər
“İblis” pyesinin motivləri əsasında Mehriban Ələkbərzadənin quruluşunda yenidən həyat qazanan “İblis və...” Azərbaycan teatr tarixi üçün yeni hadisə idi. Tamaşa klassika və müasirliyin uğurlu sintezi kimi də dəyərləndirilə bilər.
Bu günlərdə “İblis və..” tamaşasının premyerası oldu. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tüğyan edən “İblis”in ilk fırtınası Sankt-Peterburqda Aleksandrinski Teatrında görünmüşdü. Rusiyada tamaşa böyük əks-sədaya səbəb olmuşdu.
Hüseyn Cavidin “İblis” əsəri əsasında səhnəyə qoyulan tamaşa ilk dəfə 1920-ci il dekabrın 21-də Azərbaycan Dövlət Teatrında (İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında) səhnələşdirilib və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi.
Cavidin “İblis”i bütün “İblis”lərin fövqündədir
Avropa fəlsəfəsini, mədəniyyətini, həmçinin yunan mifologiyasını yaxşı bilən Hüseyn Cavidin “İblis”i ona qədər və ondan sonra yaradılan bütün İblis obrazların fövqündə dayanır, desək, yəqin ki, yanılmarıq. Çünki onun “İblis”i fövqəlbəşərdir, dağıdıcı, qəddar, dondan-dona girən, daha hiyləgər və məqsədinə çatmaq üçün hər cür mənfur vasitədən istifadə edən məxluqdur. Onun zərrə qədər rəhmi yoxdur. Cavid əsər boyu insan xarakterinin hər iki tərəfini - mərhəmət və qəddarlığını müqayisəli şəkildə qələmə alıb. Bu cür əsərin səhnələşdirilməsi, əlbəttə ki, rejissordan böyük məharət, ustalıq, Cavid yaradıcılığına və ruhuna, həmçinin insan psixologiyasına bələdlik tələb edir. Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə də bunun öhdəsindən artıqlaması ilə gəlib.
Teatr tariximiz üçün yeni hadisə
Bu gün də “İblis” pyesinin motivləri əsasında Mehriban Ələkbərzadənin quruluşunda yenidən həyat qazanan “İblis və...” fəlsəfi-dekonstruktiv metadramı Azərbaycan teatr tarixi üçün yeni hadisə idi. “İblis və...” tamaşası klassika və müasirliyin uğurlu sintezidir. Bu sintezlə İblis və ətrafındakıların gərgin mübarizəsi parlaq tonlarla təzahürünü tapa bilib.
“İblis” və “Arif” obrazlarının dinamikası
İblis obrazının ifaçısı hamımıza “Bəxt üzüyü”ndən yaxşı tanış olan Ayşad Məmmədov idi (dublyoru Anar Heybətov). Aktyorun rolun uğurlu alınması üçün sərf etdiyi enerji tamaşaçı zalının ən uzaq yerlərində belə hiss edilirdi. Əhvalına, çatdırdığı mesaja uyğun səs tonu və mimikalarının dəyişməsi əla idi. O ki qaldı Mehriban xanımın göstərdiyi “İblis”lə Cavidin “İblis”inin fərqinə, tamaşadakı iblis daha qəddar, daha məkrli, müasir idi.
Arifi canlandıran Murad İsmayıl idi ki, xüsusilə bu rol üçün Akademik Rus Dram Teatrından dəvət almışdı. “Əli və Nino”da Əli, “Aydın”da Dövlət bəy obrazlarını böyük məharətlə ərsəyə gətirən, qısa müddətdə tamaşaya qoşulan aktyorun əziyyəti nəticəsiz qalmayıb. Murad 11 məşqə Arifin ruhunu, psixoloji gərginliyi, mübarizəni maksimum ötürə bilib. Qeyd edək ki, aktyor “Müsyo İbrahim və Quran çiçəyi”ndə Fuad Poladovla oynadığı son roldan sonra ilk dəfə yeddi ildən sonra “Azdrama”nın səhnəsində görünürdü.
“Rəna”, “Elxan” və “Xavər”in fərqli performansı
“Rəna” obrazını da qeyd etmək yerinə düşər. Obrazı Vəfa Zeynalova canlandırıb. Onun geyimi xüsusilə diqqəti çəkirdi. Bu, Rəna da orijinaldakı türk şəfqət həmşirəsi Rənadan yaxşı mənada, çox fərqlənir. Sanki daha dəli-dolu, atasının qatilini tapmaqdan ötrü özünü oda vuran, gözündə qorxu olmayan bir xanımdır. Enerjili və bugünkü cəmiyyətə daha uyğun xarakterdir.
Elşən Rüstəmovun Elxanı da təqdirəlayiqdir. Aktyor möhtəşəm performansını bu obraz üzərində də peşəkarcasına tətbiq edib. Səs tonu, hərəkətləri, səhnəni və tamaşaçını tam ələ alaraq hiss etməsi təkrarsız idi.
Gənclərdən Lalə Süleymanovanın yaratdığı Xavərin səhnədəki plastikası, çevikliyi, tərəf müqabilini son dərəcə həssaslıqla hiss etməsi də nəzərdən qaçmır.
İşıq, səs və alqışlar...
Tamaşanın dekorunda, işıqlarında və aktyorların geyimlərində qara, ağ və qırmızı rənglər üstünlük təşkil edirdi. Məlumdur ki, qara soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin tam əksidir. Qırmızı həyat rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras və qəzəb rəmzidir. Hüseyn Cavidin “İblis”i də məhz bütün bunların cəmidir ki, səhnədə də həmin rəngli işıqların vəhdəti vasitəsilə aktyor oyunu və rejissor quruluşunun üstündə sanki bir qüvvətverici amildir.
Tamaşanın musiqisi də qeyd olunmalıdır. Milli ruhda olan musiqilər, xüsusilə də tarın heyrətamiz ifası sanki səhnələri tamamlayır.
Tamaşanın sonunda səslənən alqışlar
Tamaşa uğurlu alınıb, desək, yanılmarıq. Ümumiyyətlə, Mehriban xanımın hər bir işi yaxşı mənada təəccübləndirir və teatr səhnəmizin əmin əllərdə olduğuna inandırır. Mehriban xanım rejissor olaraq insan psixologiyasına, təbiətinə yaxşı bələddir və onu aktyor vasitəsilə tam enerji ilə peşəkarcasına ötürə bilir.
Tamaşanın sonunda səslənən alqışlar da onun necə alınmasından xəbər verir. Təzimə çıxan aktyor heyəti və rejissor xanımın şərəfinə təşəkkür üçün ayağa qalxan tamaşaçıların nə alqışları bitdi, nə də gül çələnglərinin ardı-arası kəsildi.
Xanım Aydın