• çərşənbə, 27 Noyabr, 04:27
  • Baku Bakı 11°C

Hibrid müharibənin yeni mərhələdəki elementləri

13.08.22 00:30 1551
Hibrid müharibənin yeni mərhələdəki elementləri

Növbəti dəfə siyasi dinçiliyi Azərbaycana ixrac etmək və onun buradakı idxalçılarını körükləmək cəhdləri fiasko ilə nəticələndi. Dövlət zəruri təhlükəsizlik tədbirlərini görür, cəmiyyət olaraq isə biz də milli şüurumuzu möhkəmləndirmək üçün təxribatla inanc arasındakı incə xətləri müəyyən etməliyik

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regional qüvvələr nisbətində həlledici üstünlük qazandı və sonrakı proseslərdə əlini güclü rıçaqlarla zənginləşdirdi.

Dövlətin siyasi iradəsinin davamı kimi ordu gücləndirilir və bununla da böyük strateji müdafiə qabiliyyətinin hərbi aspektləri yenilənir.

Siyasi qətiyyəti iqtisadi potensial və hərbi güc tamamlayır və bunlar dövlətin müdafiə reflekslərinin əsaslarını təşkil edir.

Qamətimizin kölgəsi altında narahat olanlar

Görünür ki, kimlərsə Azərbaycan dövlətinin belə qamətli duruşundan dərin narahatlıq keçirir. Axı müzəffər ordumuzun bizə qazandırdığı qələbə həm ölkəmizə qarşı yönələn ideoloji cəbhəni dağıtdı, həm də beynəlxalq aləmdə oturuşmuş düşüncə sistemini yerindən silkələyib kənara tulladı.

Azərbaycan dövlətinin bir neçə platformadakı qələbəsi, xalqın bu zəfərin arxasında durması ölkəyə rəqib dairələri “B” planını işə salmağa vadar edir.

Həmin planın tərkib hissəsini Azərbaycanın Londondakı səfirliyinə edilən hücumda gördük, “Mehdinin qulluqçuları” adlı təşkilatın təxribatının izləri həmin məkrli niyyətlərin fikir atalarına aparır.

Din amili üzərindən Azərbaycana qarşı təzyiq aparatı yaradıb, onu boya-başa çatdırmaq illərin əməyidir, zamanla ölkəmizdəki oturuşmuş və milli düşüncə sistemi ilə bərabər şəkildə inkişaf etmiş dini ənənələrə qarşı müharibə elan edilməsinin şahidi olmuşuq.

Londondakı hadisə həmin hibrid müharibənin yeni mərhələdəki elementidir, məqsəd Azərbaycanda dini mövqenin öz oxundan çıxarılaraq başqa tərəfə çəkilməsini göstərmək idi.

Lakin əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqı inanc və dini-məzhəbçiliklə böyük siyasi alətlər yaradan qüvvələrin niyyətlərinin sərhədini dəqiqləşdirə bilib. Hadisədən sonra Azərbaycan cəmiyyəti təxribata qarşı sıx birlik nümayiş etdirdi və üçrəngli bayrağımız həm sosial şəbəkə lentlərində, həm də dini mərasimlərdə böyük əzmkarlıqla dalğalandı.

Bu hadisələrin ardınca, avqustun 8-də Azərbaycanda Aşura mərasimi keçirildi və inanclı kəsim milli-dini ənənələrə uyğun olaraq məscidlərə üz tutdu və növbəti dəfə Azərbaycanın ideallarına sadiqlik nümayiş etdirildi.

Yəni növbəti dəfə də siyasi dinçiliyi Azərbaycana ixrac etmək və onun buradakı idxalçılarını körükləmək cəhdləri fiasko ilə nəticələndi.

Hərçənd ki, bundan sonra da xarici güclər Azərbaycanda formalaşmış dini mövqenin təhrif edilərək ona siyasi məzhəbçilik ölçüsü verməkdə davam edəcəklər. Ölkənin dünyəvi və təhlükəsizlik sisteminin sıradan çıxarılması üçün metodlar passivləşməyəcək.

Məkrin metodları

Qeyd edə bilərik ki, dövlət zəruri təhlükəsizlik tədbirlərini görür, cəmiyyət olaraq isə biz də milli şüurumuzu möhkəmləndirmək üçün təxribatla inanc arasındakı incə xətləri müəyyən etməliyik ki, kimlərsə tora düşməsin. Buna görə də, kəşfiyyat-təxribat-ideoloji metodların dairəsini izah etmək ehtiyacı yaranır.

Belə ki, dünyəvi quruluşu zəiflətmək və şəriət qaydaları ilə idarə olunan idarəetmə sistemi qurmaq üçün istifadə olunan metodlar aşağıdakılardır:

1. Dünyəviliyə qarşı yönəlmiş təbliğatın mərkəzinə gənclər kütləsi gətirilir. Gənclərin bir hissəsi yemi udduqdan sonra onlara daha bəlağətli nitqlər söylənilir, ideoloji təsirlər şüurlarında qərar tutur. Yəni onların istismar edilməsinin növbəti mərhələsi başlanılır.

2. İdeoloji-siyasi əbalı agentlərin aldıqları təlimatlar cəmiyyətin ən çox maraq göstərdiyi janrlara hopur. Məsələn, meyxanalarda siyasi məzhəbçiliyə dair fikirlər açılan qafiyənin içinə atılır (Bu, əsasən, siyasi şiəliyə aiddir).

3. İnsanların kütləvi yığışdığı yas mərasimlərinə yol tapılır, həssas nöqtələr üzərində spekulyasiyalar aparılır. Məsələn, heç kimin gözləmədiyi halda qəfildən “Allahu-Əkbər” şüarı məzhəbçilik kontekstində səsləndirilir.

4. Azərbaycan ordusunun qələbəsi siyasi şiəlik kontekstinə salınaraq təbliğ edilir, əslində isə burada məqsəd zəfərə kölgə salmaqdır.

5.  Azərbaycanın konstitusion quruluşuna qarşı videomüraciətlər hazırlanır, tirajlanır və verilən təlimatlarla bunlar sosial şəbəkələrdə sürətlə yayılır.

6. Bunlara qarşı çıxanlar hədəfə gətirilir, hətta təhqir edilir.

Həmlələr hədər gedəcək

Bunlar üzdə olan hadisələrin və ya ideyaların analizindən irəli gələn qənaətlərdir, amma unutmaq lazım deyil ki, məsələnin gizli və daha təhlükəli tərəfləri də mövcuddur.

Təbii ki, Azərbaycan təhdidlərə qarşı kompleks tədbirlər həyata keçirir və ölkənin təhlükəsizlik mühiti yeni təhlükələr fonunda bir daha təhlil edilir.

Proqnozlarımıza gəlincə, qeyd edə bilərik ki, müstəqil Azərbaycanın dövlətçilik sütunlarına qarşı həyata keçirilən həmlələr hədər gedəcək.

Azərbaycanda dini mühitlə bağlı qanunvericilik bazası daha da təkmilləşdiriləcək, milli kadrların təbliğatı yad əbalı şəxslərin tezislərini darmadağın edəcək. 

Aqşin Kərimov 

banner

Oxşar Xəbərlər