• şənbə, 20 Aprel, 17:17
  • Baku Bakı 23°C

Heydər Əliyev: siyasətdə Qələbə simvolu

12.12.13 08:38 2396
Heydər Əliyev: siyasətdə Qələbə simvolu
Bu gün orta və yuxarı yaş nəslinə mənsub olan soydaşlarımızı dünyagörüşü baxımından gənc nəsildən fərqləndirən önəmli məziyyətlərindən biri onların mahiyyət və struktur etibarı ilə bir-birinin tam əksi olan iki ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə yaşaması və hər iki dövrdə cərəyan edən hadisələrin canlı şahidi olmasıdır. Bir çox gələcək onilliklərin tədqiqat mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına və o cümlədən xalqımızın taleyinə əhəmiyyətli şəkildə təsir etmiş güclü siyasi-iqtisadi və sosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir. Lakin bu tarix bizdən çox uzaqda deyil. Yaxşı xatırlayırıq ki, gələcəyi dumanlı şəkildə güclə təsəvvür edilən, ictimai-sosial dayaqları mücərrəd “sovet xalqı” hesab olunan kommunizm epoxası iki yüz milyonluq bir toplumu siyasi-hərbi güc və ideoloji təzyiq vasitəsilə hələ heç kimə agah olmayan qeyri-müəyyən bir “xoşbəxt gələcəyə” necə sürükləyirdi. Az sonra tarixin də təsdiq etdiyi kimi, ancaq lümpen proletariatın icad edə biləcəyi “qırmızı ideologiya” hətta belə bir gələcəyin qurucuları üçün “Kommunizm qurucusunun əxlaq kodeksini” də bəyan etmişdi. Lakin mövcud olduğu 70 il ərzində nə bu ideologiyanın sahibləri, nə onun bələdçiləri, nə də “xoşbəxt gələcək” qurucuları olan sovet vətəndaşları nəyi qurmaq və yaratmaq istədiklərini və buna necə nail olacaqlarını başa düşmədiər. Nəticə isə göz qabağındadır: əzilən, alçalan, milli, mənəvi dəyərlərindən, elementar insani heysiyyatlarından məhrum edilən, insan və cəmiyyət qanunuyğunluqlarından kənarda gərəksiz bir əşya kimi həyat sürməyə məhkum edilən, mənəvi və fiziki cəhətdən məhv edilən milyonlarla insan həyatı. Baş tutmamış kommunizm epoxasının ümumi mənzərəsi məhz bundan ibarət idi.
Lakin bu ümuminin içərisində sezilərək və ya sezilmədən fərqlənən, dövrün qayda-qanunları çərçivəsindən kənarda düşünən beyinlər və sovet örtüyü altında da olsa öz fəaliyyətini insani duyğuların, daha böyük bəşəri ideyaların gerçəkləşməsinə yönəldən insanlar da vardı. Lümpenlərin lümpen düşüncələrini və dünyagörüşünü milyonların beyinlərinə sırımaqla gələcəyə daşımağa çalışan sovet bürokratiyasının hakimlik etdiyi yeknəsək düşüncə və muti həyat tərzi fonunda belə insanların amalları və düşüncələri bir çox hallarda onları cəmiyyətin ön sıralarına çıxarırdı. Həmin dövrdə ön sırada olmağın aqibəti isə yalnız iki sonluqla bitə bilərdi: ya Şöhrət zirvəsi, ya da Dar ağacı. Aşağıdan yuxarıya doğru bu sistemin bütün pillələrini əzmlə adlayıb sovet maşınının ən vacib mexanizmlərini idarə etmiş o zamankı bir çox partiya və hökümət “ulduzlarının” faciəvi sonluğu da bunun sübutu və sovet tarixinin reallıqlarıdır.
Bütün bunlar sovet rejiminin girovunda öz mövcudluğunu sürdürən Azərbaycandan da yan keçməmişdi. Düşünən beyinlər, danışan dillər, “oxuyan tar”lar, bir sözlə hurriyyətə sövq edən açıq-gizli hər hansı əməllər dərhal “ifşa” olunur, millətin ən mütərəqqi fikir sahibləri dara çəkilir, Sibir çöllərində, NKVD və KQB zindanlarında həyatla vidalaşırdılar. Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müsviq, Tağı Şahbazi Simurq, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Seyid Hüseyn kimi xalqın gələcəyinə yol açmaq üçün beyinlərə işıq, düşüncələrə mübarizə ruhu gətirməyə cəhd göstərən minlərlə millət övladını da məhz bu sistem xalqımızın əlindən aldı.
İndi başqa zamandır. Müstəqilliyimizi bərpa etməklə öz taleyimizə, öz milli ideologiyamıza və öz gələcəyimizə sahib çıxmaq imkanı qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar şəhidliyindən başlamış, Qarabağ torpaqlarında tərk edilən müqəddəs yurd yerlərimizin, bu yerlərdə torpağa gömülən minlərlə insan həyatının faciəsi hesabına Azad Xalqa və Müstəqil Dövlətə çevrildik. İndi gələcək haqqında təsəvvürlərimiz də, bu günkü düşüncə və həyat tərzimiz də fərqlidir, gələcyə çıxdığımız yolumuz da başqadır. Məzmunca da , mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin təşəkkül və təkamül mərhələsini yaşamaqdayıq. Bu yeni bir epoxadır. Bu iki dövr arasındakı keçidin özü də az qanlar aparmadı. İki fərqli epoxanı birləşdirən zaman intervalı isə tarixi nöqteyi nəzərdən nə qədər qısa görünsə da, kəskin ziddiyyətləri - siyasi-iqtisadi, maddi-mənəvi, sosial böhranları ilə yanaşı xalqımıza öz müstəqil dövlətçiliyini bərpa etmək şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə də zəngindir. Belə nailiyyətlər isə ictimai-siyasi hadisələrin gedişində kortəbii surətdə əldə oluna bilməzdi. Buna aparan yolun başlanğıcında azadlıq və müstəqillik kimi müqəddəs amallara köklənmiş düşüncə sahibləri və bu tarixi dövr ərzində cərəyan edən hadisələri məhz bu məqsəd və məramların həyata keçməsinə doğru istiqamətləndirən fəaliyyət sahibləri olmalı idi və var idi. Böyük Mirzə Fətəlinin səpdiyi milli özünüdərk toxumlarından cücərib ilk milli cümhuriyyətimizin yaranmasına və sovet dövrünün “ət maşınınından” keçərək bu günkü hurriyyətimizə qədər qət olunan tarixi yol milli əqidəmizin, milli məqsəd və məramlarımızın yetişdiyi, əzildiyi, mətinləşdiyi və nəhayət, qələbə çaldığı əzəmətli bir yoldur. Bu uzun, iztirablı, lakin şərəfli yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz, dissidentlərimiz öz mübarizələrini məhz bu son qələbəyə çatdırmaq uğrunda öz canlarını, öz doğmalarını və öz həyatlarını fədakarlıqla qurban verdilər. Bu Möhtəşəm Qələbənin müəllifi olmaq səadəti isə sovet dövründə “Söhrət apoqeyi” ilə “Dar ağacı” arasında cəsarətlə millətin gələcəyi üçün çalışan, müstəqillik dövründə böyük bir fədakarlıqla “həyatının qalan hissəsini də öz xalqına həsr edən” və nəhayət, “Azərbaycanlı olması ilə fəxr etdiyini” bütün dünyaya bəyan edən Heydər Əliyevə nəsib oldu.
Keçən əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Heydər Əliyevin dəqiq məqsədlərə istiqamətlənmiş məqsədəyönlü fəaliyyəti və siyasi iradəsi ilə baş verirdi. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi dövründə ilk dəfə olaraq milli dövlətçilik təfəkkürünə malik olan yerli milli kadrlar hazırlandı və ali hakimiyyət orqanlarında yerləşdirildi. Azərbaycanlı mütəxəssislər sovet coğrafiyasının bütün koordinatlarında işləməyə, yaşamağa və tanınmağa başladılar. Azərbaycan iqtisadiyyatı on beş “zorən müttəfiq” respublikanın sırasında axırıncı yerlərdən sürətlə irəliləyərək ön sıralara yaxınlaşdı. Elmdə, incəsənətdə xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində tanındı və bu ucsuz-bucaqsız ərazini məskunlaşdıran çoxsaylı millətlər tərəfindən sevildi. Başqa çür gələcəkdə “Sovet Azərbaycanı”nın içərisindən “milli Azərbaycan Respublikasını” yetişdirmək mümkün olmazdı. Hələ kommunist ideologiyasının inadkarlıqla xalqları və millətləri boğduğu bur şəraitdə qeyri-slavyan mənşəli bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə, onun həmin mövqedən öz ölkəsinin milli mənafeyi naminə çalışması da bir o qədər çətin və demək olar ki, qeyri-mümkün idi. Belə təzadlı bir dövrdə bütün sovet sistemindəki bu qeyri-mümkünlüyü mümkün edən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Heydər Əliyev həyatının Şöhrət Zirvəsi ilə Dar Ağacı arasında uzun müddət davam edən mücadilə səhifəsi Qələbə ilə başa çatdı. Həyatın yeni səhifəsi açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq prinsipləri əsasında qurmağın tarixi missiyasını da şərəflə yerinə yetirdi. O didilib parçalanan Azərbaycanı bütövləşdirərək regionun ən nüfuzlu dövlətinə çevirdi. Müstəqillik dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesinə başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutdu.
Iki fərqli tarix, iki fərqli cəmiyyət məhz Heydər Əliyevin simasında və fəaliyyətində birləşdi, dövlətçiliyimizin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etdi. Heydər Əliyev – sözün əsl mənasında, siyasətdə qələbə simvoluna çevrildi.
Bu günlərdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən Prezident kitabxanasında düzənlənən “Heydər Əliyev. Elmimizin keşiyində” adlı 2 cildli sənədlər və materiallar toplusunun təqdimat mərasimində səslənən fikirlərin əsas leytmotivi də məhz bundan ibarət idi. Ümummili liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimində giriş nitqi ilə çıxış edən A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudov öz təqdimatında Heydər Əliyevin hər iki dövrdə xalqımızın milli maraqları naminə, dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi uğrunda apardığı mücadilənin əhəmiyyətindən, Heydər Əliyev irsinin Azərbaycan xalqının gələcyi üçün müstəsna rolundan, Heydər Əliyev ideallarının əbədiyaşarlığından bəhs etdi. Sovet dövründə, kommunist sisteminin amansız təqibləri şəraitində Heydər Əliyev fəaliyyətinin görünən və görünməyən tərəfləri haqqında taixi faktlara və şəxsi xatirələrinə söykənən həqiqətləri açıqlayan akademik Yaqub Mahmudov Heydər Əliyevin timsalında bir insanın öz düşüncələri və əməlləri ilə öz həyatını bütünlüklə doğma xalqına həsr etməyin nadir nümunəsini göz önünə gətirdi. Səslənən çıxışlarda Heydər Əliyevin zamanla ayaqlaşmayıb, bir çox hallarda zamanın özünü belə çəkib irəliyə gətirən və yaxınlaşdıran bir şəxsiyyət olduğu onun əməli fəaliyyətinin konkret məqamları ilə təsdiq olundu. Öz ölkəsini və öz xalqını hələ o dövrdə içərisində bulunduğu sovet mexanizminin labirintlərindən məharətlə keçirərək irəli çıxarmaq və on minlərlə zəka sahiblərinin uğrunda qurban getdiyi tarixi gələcəyə - müstəqilliyə qovuşdurmaq üçün möhkəm özül yaratmaq Heydər Əliyevin bütün fəaliyyətinin başlıca qayəsi olmuşdur. Bu missiyasında Heydər Əliyev mifik xalq qəhrəmanlarımızın bu gün inanılması mümkün görünməyən şücaətinə və məharətinə imza atmışdır.
Bu gün artıq on ildir ki, Heydər Əliyevin xarizmatik baxışlarını gündəlik qaynar hadisələrin əks olunduğu canlı reportajlardan, millətin gələcəyi üçün taleyüklü məsələlərin müzakirə olunduğu gərgin müşavirələrdən, Azərbaycanın haqlı tələblərini dönə-dönə səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya səmimi bir təbəssümlə baxan portrertlərindən izləyirik. Lakin siyasətimiz, ideologiyamız və gələcəyə ümidlərimiz onun siyasi baxışlarına, onun dəst-xəttinə və onun öz xalqıına olan sonsuz inamına əsaslanır.
Şərqdə bir çox “ilk”lərin təşəbbüskarı və müəllifi olmaqla bəşəriyyətin təkamül tarixinə öz adını yazmış Azərbaycan bu gün də əhatəsində yerləşdiyi regionun, çox qədim zamanlardan geniş Avrasiya məkanında lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geo-siyasi anlamda getdikcə çəkisi artan, sivilaziyaların, müxtəlif mədəniyyətlərin dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə dünya miqyasında daim nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi inkişafına öz töhfələrini verməkdədir. Bu uğurlar Heydər Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə, məqsəd və məramlarına cavab verən siyasi praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi böyük bir uzaqgörənliklə müjdələyən Heydər Əliyev Azərbaycan dövlətinin gələcək taleyinə nikbin baxışlarını belə ifadə etmişdi: “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq.” Bu günəşin istisinə sığınan Azərbaycan xalqı isə onu bir daha sönməyə qoymayacaqdır.
Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi” adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyev və Azərbaycan eyni tarixi mənəviyyat bioqrafiyasına, eyni taleyə malikdir. Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş yolu isə sonsuz və daimidir, Heydər Əliyevin əziz xatirəsi kimi.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili
banner

Oxşar Xəbərlər