bazar, 27 Noyabr, 02:37

Baku Bakı 15°C

Yasəmən çələngi

icon 2534 icon 12 fevral 2020 | 12:15 Yasəmən çələngi

Bu səfər sırf onun haqqında yazıram - Dünya musiqi qalaktikasının ən parlaq ulduzlarından biri - Sergey Raxmaninov! Yox, musiqiçi olduğum üçün deyil. Hətta onu bildiyim üçün də deyil. Sırf onu sevdiyim üçün yazıram bu özəl yazını. Bəlkə oxuyub bəyənənlər çox az oldu. Ona görə yox ki, burada profesional və qeyri-musiqiçilər üçün darıxdırıcı musiqi təhlillərinə yer veriləcək. Sadəcə, dediyim kimi, çox özəldir bu yazı. Ancaq mən də hər kəs kimi zaman-zaman hisslərimin eqosuna meydan verirəm. Zaman-zaman mən də ən intim, ən məhrəm yaşantılarımı gün işığına çıxartmaq istəyirəm. Niyəsini özüm də bilmirəm. Mənim məhrəmiyyətim məndən başqa heç kimə lazım deyil əslində. Subyektiv nəticələrin obyektiv aləmə hər hansı bir fayda verəcəyinə mən inanmıram. Fəqət, bu bir ehtiyacdır ki, hərdənbir boğur insanı. Yazmaya bilmirsən, aşkara çıxara bilmirsən. Halbuki, məhrəmlik həm də qısqanc bir nəsnədir. Heç bir aşiq istəməz ki, öz məşuqunun məhrəm nöqtələrini naməhrəmlərə göstərsin. Ancaq eşqdə bu da var - adına "şeydalıq" deyilir ki, biz bunu kuhkən Fərhadın kunyəsi olaraq bilirik. Fəqət mən, onun kimi Şirin rəsmini Bisutun dağına çəkib, əbədiyyətin gözləri önünə sərmək fikrində deyiləm. Mən öz rəsmimi daş üzərində deyil, su üzərində çəkirəm ki, bir anlıq xatirələrə toxunub çıxım. Həm də mənim nəqqaşlığım o qədər də anlaşılan və gözəl deyil. Daha doğrusu, çox da anlaşılan bir gözəlliyi tərənnüm etmirəm.
Onu sağlığında da, hətta indi də sevməyənlər var və qəribədir ki, ona qarşı olan bu antipatiyanın müəllifləri "lənətə gəlmiş profesionallar"dır. Dırnaq işarəsini ona görə açmadım ki, ədəbli görünsün. Sadəcə olaraq, bu söz birləşməsinin ilk müəllifi mən deyiləm.
Bu tərəzi qəribə tərəzidir. Onu sevməyənlərin gizlətdikləri sevgi axıb dolub onu sevənlərin qəlbinə. Sanki ikincilər birincilərin də əvəzinə sevirlər onu. "Gizlədilən sevgi!" Nədir bu? Nə qədər maraqlı və müəmmalı bir şeydir! İnsan öz sevgisini necə gizlədə bilər? Nə üçün gizlətdiyi hələ sonrakı məsələdir. Necə gizlənə bilir bu sevgi? Məncə bunun bircə yolu var - nifrət! Sevgini ancaq nifrətlə basdırnaq olar. Özü də Raxmaninovu heç kim qısqanmırdı. O, heç kimin yerini dar eləmirdi. Gənc ikən, qorxunc dərəcədə parlaq istedadının üzə çıxdığı, şöhrətinin pik həddinə çatdığı bir zamanda isə, Rusiyanı tərk edib getdi. Bəyənmədi kommunistləri. Özü də heç kimin əlinin çatmadığı və getdiyi yerdə də heç kimin onu tanımadığı bir yerə - Amerikaya getdi. Sosialist inqilabından qaçdı - deyirlər. Ancaq bu, qismən belədir. Çünki, yaramaz (tam da ruslar demişkən "neqadyay") Qlazunov kefli idi onun 1-ci simfoniyasına dirijorluq edəndə. Beləcə, çox böyük bir iflas oldu Raxmaninovun ilk böyük debütü! Bu, hadisə, ömür boyu onun qəlbindən silinib getmədi. Dünyanı fəth elədi öz əsərləriylə və bu gün belə, öz işindədir Sergey Raxmaninov. Ancaq Dünyadan gedən bir günə qədər dedi ki, mənim əsərim gözəl əsər idi. Şəxsən mən o simfoniyanı başdan-ayağa eşitməmişəm. Çox güman ki, o gündən bu günə çalınmayıb bu əsər. Ancaq xırda epizodlarını dinləmişəm. Nə deyim? İlk uğursuzluq həqiqətən də pis şeydir. Mənə də zəif bir əsər kimi gəldi. Bəlkə də dirijor o anda sərxoş olmasaydı və bu simfoniya o cür biabırçı vəziyyətdə ifa edilməsəydi, onun üzərindən bu lənət götürülmüş olardı! Bəlkə də… Yəqin bu da taleyin bir ironiyasıdır.
Ancaq onun taleyi şəxsi tale deyildi. Ümumiyyətlə, dahilərin şəxsi taleyi olmur. Olsa, onlar dahi olmaz. Dahilərin taleyi, pafosun püskürdüyü kimi, bütöv bir xalqın taleyi-filan da deyil. Sergey Raxmaninovun taleyi musiqinin taleyi idi. Onun taleyi bütün insanlığın mədəni-estetik təfəkkür taleyi idi. Raxmaninov bəşər sivilizasiyasına belə bir qəribə tale yaşatdı. Onu gah bədbəxtliyə uğratdı, gah fantastik bir xoşbəxtliyə çatdırdı, gah gələcəyə apardı, gah da keçmişi dirildib, bu günün nə qədər cılız və eybəcər olduğunu göstərdi. Bunlar çox ağır şeylərdir. Çünki, onun öz musiqisi də musiqiyə bəxş etdiyi bu tale kimi dalğalanır, dalğalanır, çırpınır, gah batır, gah nəfəs alır, ancaq bir sahilə çıxıb, rahatlıq tapmır ki, tapmır! Mən onu bu qədər sevə-sevə zaman-zaman boğuluram, təngnəfəs oluram o əsərləri dinlədikcə! Zira, bitmir, bir sonuca varmır bu faciəvi gözəllik! Zaman-zaman qəhər boğur məni onu dinlədikcə! Niyə belə olur?! O nə üçün məhz belə yazıb?! Sənətkarın yaratdıqlarını onun taleyinə, hətta şəxsi həyatına bağlayanlar çox yanılırlar. Şəxsi həyatda bu qədər gözəl şeylər, bu qədər anlamlı və dərin faciələr olmur. Hamletin atasının qətli sadəcə onun içindəki fitili alovlayan bir qığılcım idi! Qərbi Şərqdən ayırıb, onu maddiyyatçı, guya realist adlandıranlara yazığım gəlir! Guya Məcnun Leylinin ruhunu, Romeo isə Cülyettanın bədənini sevirdi. Gerçəkdən gülməlidir. Nədir Şərq, nədir Qərb?! Əgər havadan, sudan, relyefdən deyilsə, göydənmi gəldi, yerdənmi çıxdı bu ayrılıqlar?! Heç bir ayrılıq, heç bir sərhəd, heç bir fərq yoxdur həqiqətdə! Höte Nizamini, Hafizi həm sevib, həm gizlətdiyi kimi, Şərqin təfəkkür sahibləri də Qərbə qarşı həmin gizli sevgini yaşayır. Ancaq önəmli olan sevgini bəyan etmək deyil, elə onu yaşamaqdır.
Bəli, Raxmaninovun da şəxsi həyatının onun musiqisinin önəmli bir parçası olduğuna mən inanmıram. Bəlkə onun da fitilini alovlayan pünhan məhəbbət macəraları olmuşdur. Bəlkə qürbətdəki saymazlıq və yüz faizlik biznez onu da cana yığmışdı. Ancaq bunların hamısı get-gedə uzaqlaşan keçmişdə qaldı və bir az zaman sonra tamamilə unudulub gedəcək. Unudulmayan və əksinə, getdikcə daha da populyar bir əndişəyə və amansız bir marağa səbəb olan isə, Sergey Vasilyeviç Raxmaninovun musiqisidir!
Hər kəs kimi, mən də onun melodik fiqurasiyalarında, harmonik üslubunda Yaxın və Orta Şərqi aydın eşidirəm. Ancaq mən bəziləri kimi, onun türk-müsəlman "babalarını" axtarmaq zəhmətinə qatlaşmıram. "Raxman" "Rəhman" olsa nə olacaq, olmasa nə olacaq? "Rusların bütün dahiləri başqa millətlərin soyundandır" deyə bağıran arkadaşlarımın da səs tellərinə yazığım gəlir! Bəyəm Sergey Raxmaninov bu qədər kiçikdir?! Puşkin əslən müsəlman ərəb oldu da nə oldu? Heç yazıq deyil Puşkinə?!
Ancaq mən Sergey Vasilyeviç Raxmaninovun musiqisində ümumi bir payız tapmışam. Hər şeyin rənginin dəyişdiyi, həsrət və məhəbbətin əl-ələ verdiyi, sularında sarı-qırmızı yarpaqların üzgün-üzgün üzdüyü o bitməsini istəmədiyim payız... və gerçəkdən də bitmir - Raxmaninovun payızı bitmir... O, yazın xoşbəxtliyindən və yayın arxayınçılığından çox uzaqdadır. Ancaq buna rəğmən, qışın gəlməsinə izin vermir ki, vermir. Xoşbəxtlikdən və rahatlıqdan uzaq bir gözəllik bəxş edir bizə Sergey Raxmaninov. Onun məşhur 2 saylı piano konsertini dinləmək hər dəfə bir ərdəmdir. Mən o əsəri çox sevdiyim dostlarıma bir neçə dəfə hədiyyə etmişəm. Onları evə çağırmışam və sırf Raxmaninovu birlikdə dinləmək üçün evdə xüsusi şərait yaratmışam. Və məni sevib-sevməmələrindən asılı olmayaraq, səmimi şəkildə etiraf ediblər ki, bu, onların bir ömür boyu aldıqları ən gözəl, ən anlamlı, ən qeyri-adi hədiyyədir!
2-ci piano konserti də amansız bir şəkildə dalğalanır, bitdiyində insan ölmədiyinə şükür edir! Şahidlər danışır ki, sağlığında Raxmaninov dövrünün ən virtuoz piano ifaçısı olub. Hətta şahidlərə də ehtiyac yoxdur. Keçən əsrin ortalarına doğru lentə alınmış audio yazılar qalıb onun ifasında. Həqiqətən də imkanları çox zorlayan bir pianist olub Sergey Raxmaninov. Deyirlər onun baş barmağı ilə şəhadət barmağı çalğı zamanı elə tərs manevrlər edə bilirmiş ki, görən hər kəsin heyrətinə səbəb olurmuş. Yəqin elə buna görə onun bəzi piano əsərlərini özündən ifa etmək çox çətindir - mərhum Nikollo Paqanini kimi! Ancaq mənim etiraflarım bu barədə deyil. Mənim üçün onun vituoz ifaçılığı onun şəxsi həyatının bir parçasıdır. Əvvəla ona görə ki, o məsələ tarıxdə qaldı. Artıq Raxmaninov yoxdur. Biz onu dinləyə bilməyəcəyik (musiqi incəsənətinin belə acımasız tərəfləri də vardır). İkincisi isə, ömrünün çoxunu Amerikada yaşayan bəstəkarın əsas fəaliyyəti və gəlir mənbəyi solo konsertlər olub ki, bu konsertlərin də böyük əksəriyyətində o, başqa bəstəkarların əsərlərini ifa edib - çünki tələb və təklif belə idi... Bu səbəbdən də onun əldə qalan bir-iki lent yazısından tutmuş, hər baxanda özəl xarakterli tutqun simadan başqa bir şey görmədiyim ağ-qara fotoºəkillərə qədər hər şey mənim üçün sadəcə bir eksponat olaraq dəyərlidir. Dindən fərqli olaraq, incəsənətdə bütpərəstliyin, surətpərəstliyin ömrü uzun olmur. İncəsənətin bir üstünlüyü də ondadır ki, buradakı pərəstiş obyekti quru və mənasız insan vücudu deyil, onun yaratdığı həmişəyaşar əsərlərdir. Deyirlər, Vatikanda ildə bir dəfə Həzrəti İsanın kəfəni olduğu iddia edilən bir artefaktı kütləyə nümayiş etdirmək üçün xüsusi dini mərasimlər təşkil edilir. Ancaq o bez parçası həqiqətən də Məsihanın kəfəni olsa belə, Məsihin özü və özündən də vacib əməli və nəfəsi olmadıqdan sonra o kəfən nəyə yarayar?! Adı üstündədir - kəfən. Yəni, bunun sahibi ölüb artıq. Məzarlar da onun kimi. Bütün ziyarətlər əslində onların ölü olduqlarının bir etirafı deyilmi?!
İncəsənət isə belə deyil. Raxmaninov ölüdür. Ancaq ziyarət edilən onun məzarı və ya kəfəni-filan deyil, onun əsərləridir. Hər zaman üçün diri qalan və işlək mexanizmə çevrilən dahiyanə əsərlər!
Raxmaninovu sevməyən peşəkarlardan danışdım yazının əvvəlində. Ümumiyyətlə, çoxdan yazmaq istəyirdim bu yazını. Adını da çoxdan düşünmüşdüm. "Yasəmən çələngi" adı onun haqqında yeni çəkilmiş "Vetka sireni" adlı bir rus filmindən götürülüb. Ancaq məni bu yazımı yazmağa vadar edən təkcə onun yasəmən ətirli musiqisi olmadı. Həm də bu peşəkarların inadkarlığı oldu. Təəccüblü də olsa, inanın mənə, həmin "lənətə gəlmiş profesionalları" təkcə Dünyanın tanınmış musiqişünasları arasında deyil, həm də musiqişünaslıq ixtisası üzrə təhsil alan bəzi tələbələrimin də arasında gördüm! Necə deyərlər, bunlar "dünənki uşaq" olsalar da, hər halda Sergey Raxmaninovu təhlil edə biləcək qədər savadlı tələbələr idi. Ancaq mənim üçün fərq etməz. Mən kritikanın kökünü axtarıram. Haradan gəlir bu ənənəvi, ötürücü inadkarlıq?! Çox araşdırdım və bəzi rasional nəticələrə gəldim. Əsas mətləblərdən biri musiqidəki və ümumiyyətlə incəsənətdəki cərəyanlar idi. Yəni, bu cərəyanlar və onlara uymaq dövrün qaçılmaz tələbidir ki, bu tələbə riayət etməyənlər həqiqi deyil, real deyil. Bu tezis gerçəkdən də var və onun haqlı bir tezis olduğunu qəbul etsək, Sergey Vasilyeviç Raxmaninov gerçəkliyi ifadə etməyən bir sənətkardır. Bütün gözəlliyinə, harmoniyasına, orijinallığına rəğmən, müasir deyil və deməli gerçək deyil. Bu məsələ, o qədər də rahatlıqla inkar edilə bilən, o qədər də asanlıqla rədd edilə bilən bir məsələ olmamalıdır. Adamlar bir mənada haqlıdırlar. Raxmaninov "neo"lara belə sığmır. Yəni onda Bax ənənələri varsa, o zaman neobarokko cərəyanına aid olmalı, ya da o cərəyanın banilərindən biri olmalı idi. Və yaxud da onda yüksək və fərqli bir Şopen nəfəsi vardısa, həmin qayda ilə o, neoromantik ola bilərdi. Lakin bütün bunların heç birisi baş vermədi. Raxmaninov avanqardın da, postmodernizmin də, sürrealizmindən üzərindən sanki qələm çəkərək, qaçınılmaz və heyrət edilməməsi mümkün olmayan bir gözəllik qoydu ortaya. Yoxsa, onun nə texnikası, nə kompozisiyası, nə harmoniyası nə orkestrovkası, nə də instrumentovkası peşəkar tənqidə tuş gələ bilən şeylər deyildi.
Ancaq nə olursa olsun, Sergey Raxmaninov çempiondur, gözəllik yarışmasının ən böyük qalibidir. Üzərindən yüz ildən artıq bir zaman keçib. Mənə xüsusi ləzzət edən faktlardan biri də bu gün Böyük Britaniyada Sergey Vasilyeviç Raxmaninovun çağırıldığı addır - "Mister Cis moll" - yəni "Cənab Do diyez minor"! Eyni adlı əsər onun çox sevilən və çox-çox gözəl bir fortepiano prelüdüdür. Hələ də ingilislər onu belə çağırır. Bəli, məhz çağırır. Keçmiş zamanda yox, indi çağırır!
Biz də səsləyirik: Xoş gəldin, cənab "Do diyez minor", xoş gəldin, əziz "Yasəmən çələngi!"
Fəxrəddin Salim