• bazar, 22 Dekabr, 09:30
  • Baku Bakı 8°C

Ermənilərin dəhşətli yuxusu – Malıbəyli Məşədi Səməd

07.05.20 09:00 3900
Ermənilərin dəhşətli yuxusu – Malıbəyli Məşədi Səməd
"Qarabağın el döyüşçüləri...” silsiləsindən

...1992-ci ilin fevral ayının əvvəllərində hay kilsəsi və silahlı hay quldur dəstələri Rusiya Federasiyasının Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının canlı qüvvə və hərbi-texniki dəstəyi sayəsində Şuşa rayonunun Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini işğal etdikdə, ümumilikdə 5 min nəfərdən çox dinc sakini soyqırımı qətliamına sürükləyəndə, ərazilərdəki milli tarixi-mədəni və memarlıq irs nümunələrini qarət etdikdə, qalan tikililəri yandıraraq, dağıtdıqda, göylərə ucalan yanğı-ağıqarışıq fəryadlarda səslənirdi: - Hardasan, ay Məşədi Səməd, dığalar Malıbəylidə, Quşçularda at oynadır, meydan sulayır, hay ver... Gorun çattasın, ay Məşədi Səməd...
Bütöv Azərbaycanda olduğu kimi, Qarabağın dağlıq bölgəsinin təbii, maddi, mədəni və mənəvi irsinin zənginliyi, ictimai-iqtisadi, sosial və hərbi-strateji şəraitinin üstünlüyü düşmən caynağının bu torpağın "qanına boyanmasına” və irticasının daimi hədəfinə çevrilməsinə həmişə səbəb olmuşdur. Hay kilsəsinin Qarabağ uğrunda apardığı davamlı müharibələr yaxın və uzaq tarixi keçmişimizin səhifələrində (təkcə XX əsrə aid dönəmdə 1904-1906-cı, 1915-1920-ci və 1988-1993-cü illərdə) bu faciələrə aid qanlı olayların yazıları, təəssüf ki, az olmamışdır.
1904-1920-ci illərdə düşmən tərəfindən törədilən bu faciələrin qarşısının alınmasında Azərbaycan dövləti olaraq Milli Müdafiə qüvvələri və Osmanlı Türkiyəsinin Qafqaz cəbhəsi üzrə ordularının əsgər-zabit heyəti nə qədər şərəfli hərbi əməliyyatlar keçirsələr də, yerli özünümüdafiə dəstələrinin, el qəhrəmanlarının, könüllü igid döyüşçülərin də həyatları, canları bahasına fədakarlıqları unudulmamışdır.
Bu cür igidlərdən biri - Şuşa qəzasının Malıbəyli kəndində yaşayan Məşədi Səməd Cəfərqulu oğlu (1880-1937) həmin döyüşlərdə hay quldurlarına qənim kəsilmişdir. Hay sürüsünün Məşədi Səməddən və onun silahdaşlarından qorxusu o dərəcədə olmuşdur ki, ondan, eləcə də 1904-1920-ci illərin müqavimət hərəkatında döyüşən bütün igidlərdən qisas almağı unutmayan hay kilsəsi 1930-cu illərin siyasi-mülki repressiyalarından (özlərinin yaratdığı) öz mənfur xislətlərinə uyğun olaraq məharətlə istifadə edə bilmişlər.
"Difai” partiyasının üzvü və "sosializm quruculuğuna qarşı çıxan” kimi, əslində 1904-1920-ci illərdə hay-daşnak cəlladlarına qarşı mübarizə apardığı üçün Şuşa həbsxanasında mühakimə olunan Məşədi Səməddən hay müstəntiqi soruşur ki, 1904-1920-ci illərdə neçə erməni öldürmüsən?
- Başındakı tüklərin sayı qədər.
Cavabdan dəhşətə gələn daşnak bağırır:
- Ara, ara, dəhşət, dəhşət, vay, vay...
Onda Məşədi Səməd masanın üstündəki kəhrəba mürəkkəbqabını çırpır onun kəlləsinə və beləliklə, cəhənnəmə vasil etdiyi düşmənlərinin sonuncusu ilə birdəfəlik vidalaşır...
1937-1938-ci illərdə Məşədi Səmədin digər silahdaşları da güllələnmişdilər.
Əslən tərəkəmə və əkinçi ailəsindən olan atası Cəfərqulu kişinin əkin-biçin yerləri ("Sünnət yeri”) sonralar Məşədi Səməd tərəfindən istifadə edilib, hətta "Məşədi Səmədin meşəsi” hesabına bir xeyli genişləndirilib də. Bu yerlər, eləcə də Malıbəyli kəndinin şərqində, 200 m. aralıda ucalan Qayalıq silsilə (1,5 km uzanırdı) Məşədi Səmədin və dəstə üzvlərinin aralarında qaldıqları Şuşa qəzasının Daşkənd, Dağdağan, Ballıca, Harov, Badara, Həsənabad kəndlərində yuva qurmuş hay quldur dəstələrinə qarşı döyüşlərdə səngər rolunu oynayıb. Hərbi-strateji mövqe baxımından bu kəndlər Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini "üzük qaşı” kimi əhatələmişdi.
Malıbəyli kəndinin quzeyində, 100-150 m. aralıda yerləşən təpənin üstündəki el arasında "Məşvərət (Dum) evi” kimi tanınan, ölçüsü 30X30 m. olan tikili də düşmən dağıntılarının hədəfi və səngər yeri olub, o illərdə.
Kəndin cənubunda kollu-koslu "Qoruq yeri”, "Hamam dərəsi”, Çanaqqala dağına bitişik "Adam ölən” dərə (eni 50-60 m, uzunluğu 500 metrdən çox) də səngər yerləri idi. "Məşədi Səməd meşəsi” də o dərəyə bitişik idi.
Məşədi Səmədin ən çox təkbaşına döyüşdüyü yer isə Qarqar çayının sağ və sol sahillərində yerləşən su dəyirmanı olub, hay quldurlarından qisasını ən çox burda alıb. Xankəndinin 200-500 metrliyində, "Xan bağı” ətrafında.
1975-1980-cı illərdə hay kilsəsi və daşnak sürüsü həmin yerləri dağıdaraq, orada yaşayış evləri, sənaye və xidmət təyinatlı tikililər, nəqliyyat infrastrukturu obyektləri inşa etdilər.
1972-1973-cü illərdə Məşədi Səməd və onun 1904-1920-ci illərdə düşmənə qarşı çiyin-çiyinə döyüşən silahdaşlarından - Quşçular kəndindən Tapdıq Novruzovun (1896-1956), Umud Əmiraslanovun (1889-1964), Kosalar kəndindən qaçaq Mahmud Nəcəfovun, Ağaəli Daşdəmir oğlunun (1878-1904), Malıbəyli kəndindən yüzbaşı Səlimin (1878-1937) döyüş-səngər yerlərindən paslı silah hissələri, giliz-güllə qalıqları, müxtəlif döyüş ləvazimatları tapılırdı.
Qaçaq Mahmudun hayların Şuşanın "qara qapısı” adlandırdıqları Kosalar kəndindəki 40 otaqlı, 2 mərtəbəli evi sovet hakimiyyəti dövründə (1930-cu illərdə) məktəb, kənd sovetinin və tikiş fabrikinin binası, eləcə də yataqxana kimi istifadə olunmuşdur.
Verilən məlumatlara görə, XIX əsrin sonlarında - XX yüzilliyin əvvəllərində quldur hay kilsəsinə və daşnak silahlılarına qarşı bölgə üzrə döyüşən yerli özünümüdafiə qüvvələrinin silah-sursat təchizatının mərkəzi Malıbəyli kəndi olmuşdur. Əsasən Cənubi və Qərbi Azərbaycandan gətirilən hərbi ləvazimat burada toplanar və ətraf kəndlərə paylanardı.
Etnik-morfoloji gen xüsusiyyətlərinə rəğmən həmişə pusquda duran daşnaklar elə qaçaq Ağaəlini də Malıbəyli kəndindən qayıdarkən yolda vəhşicəsinə doğramışdılar.
1918-1920-ci illərdə Malıbəyli kəndində 350-ə qədər, Quşçular kəndlərində 70-80 ev olub. Hay quldurları bu kəndləri qarət etməklə, dinc sakinləri qətlə yetirməklə, həm də tikililəri yandıraraq yurd yerlərini, ocaqlarını "qara daşlara” döndərmişdilər. Təsadüfi deyil ki, Qarabağ bölgəsinə əsasən XVIII əsrin 30-40-cı illərindən sonra sığınan haylar arasında təsərrüfat israfçılığı ilə bağlı yayılan və Malıbəyli qarətlərini xatırladan zərb-məsəldə deyilirdi:
- Malıbəyli talanıdır, nədir? Niyə dağıdıb aparırsınız?
1920-ci ildən sonra Dağdağan, Daşkənd kəndlərindən gəlib Malıbəyli, Quşçular kəndlərində yandırılmış-dağıdılmış evləri təmir edən, yenidən tikən hay ustalarına yerli camaat deyərdi:
- Özünüz yandırmısınız, indi də tikirsiniz...
Bu ustalardan biri Dağdağan kəndindən dəmirçi Karapet idi, Məşədi Səmədin adını eşidəndə tir-tir əsirdi, onu vahimə basırdı, hətta onunla bağlı bir olayı da söyləməkdən çəkinmirdi. Belə ki, Məşədi Səmədlə kəndin yaxınlığındakı "Məşədi Səməd meşəsi”nin altından keçən yolda rastlaşan 3 hayın biri Karapet olub. Onlardan yalnız bu dəmirçi salamat qalıbmış, o da Məşədi Səmədin əmri ilə... öz nəcisini yediyinə görə...
1915-ci ildə Malıbəyli kəndindən 3 km. aralıdakı Daşkənd kəndindən silahlı bir hay Məşədi Səmədi öldürmək fikrinə düşür, kəndə yaxın "Əylis meşəsi”ndə atın belində, əlində beşatılan pusqu qurur və "Məşədi Səməd meşəsi”ndən qayıdan el qəhrəmanı ilə üz-üzə gəlir. Amma... Məşədi Səmədin zəhmi, vahiməsi onu necə tutursa, silahı əlindən salır, özünü itirir. Məşədi Səməd qorxaq hay silahlısının meyitini atın belinə bağlayaraq kəndlərinə göndərir.
Deyilənə görə, Məşədi Səməd boydan balaca olsa da, "zəhmi dağ yarırmış”.
1904-1920-ci illərdə hay kilsəsi və quldurlarının Malıbəyli və Quşçular kəndlərində törətdikləri amansız qətllər, soyqırımı faciələri barədə kənd sakinlərindən Nuruş Muxtar oğlu (1927-2014), Kamal Hüseyn oğlu (1930-1994), Mustafa Məhəmməd oğlu (1890-1972) söyləmişlər.

Qeyd: Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəyli kənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957) və Kosalar kənd sakini Nəsimi Kamran oğlu Məmmədovun (1975) məlumatlarından istifadə edilmişdir.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər